Məhkəmə qərarları › İş №2(041)-2421/2025

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-2421/2025

02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2421/2025 02.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 1600 manat pulun və 36 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1140 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Kürdəmir bazarında məişət əşyaları satıb ailəsini dolandırır. Cavabdeh onunla ticarət etmiş və həmişə də borcunu vaxtlı-vaxtında gətirib qaytarmışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə gələrək ona paltaryuyan maşın və soyuducu lazım olduğunu demiş, əvvəllər aralarında nisyə alqı-satqı olduğu üçün ona etibar edərək istədiyi 1100 manat dəyərində olan paltaryuyan maşını və 900 manat dəyərində olan soyuducunu ona vermişdir. Cavabdeh ilkin ödəniş kimi 300 manat ödəmiş və qalan pulu da 3 ay müddətində verəcəyini bildirmişdir. Onunla razılaşmış və ümumilikdə 2000 manat dəyərində olan məişət avadanlıqlarından ilkin ödəniş kimi 300 manat və sonradan 100 manat ödəsə də qalan 1600 (bir min altı yüz) manat borcu qalmışdır. Ona məhkəmədən kənar ödəniş etməyini təklif etsə də cavabdeh bu günədək heç bir ödəniş etməmiş və onunla aralarında olan razılaşmaya görə ümumilikdə 1600 manat təşkil etmişdir. Lakin o, öhdəliyinə əməl etməyərək heç bir ödəniş etməmişdir. Bundan sonra hər dəfə ona öhdəliyə əməl edərək pulu qaytarmasını xahiş etmiş, lakin o, hər dəfə müxtəlif bəhalərlə pulu vermək istəməmişdir. Bundan sonra o, öz hüquqlarının müdafiəsi üçün məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl Kürdəmir RPŞ-nə müraciət etmiş, lakin onlar tərəfləri çağırmadan heç bir izahat almadan şifahi qaydada işin mülki xarakterli olduğunu və məhkəməyə müraciət etməyi bildirmişlər. Odur ki, Cavabdeh 1140 manat borcun alınaraq ona ödənilməsini və iddianın təmin olunmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2026-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən Kürdəmir rayonu Karrar kəndində yaşayan Cavabdeh ünvanlanmış məktubdan görünür ki, aldığı paltaryuyan maşın və soyuducuya görə borclu qaldığı 1600 (bir min altı yüz) manat pulun razılaşdıqları müddətdə verməməsi və hər dəfə də müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınması, buna görə də hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığı, ona borclu qaldığı 1600 (bir min altı yüz) manat pulu ödəməsi barədə Cavabdeh xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh iddiaçıdan 2000 manat dəyərində soyuducu və avtomat paltaryuyan maşın almış, onun 300 manatını ilkin olaraq ödəmiş, qalan pulu isə ayda 350 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüş və bunu imzası ilə təsdiq etmişdir. İşə əlavə olunmuş Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3- 13-86/2-26399/2025 nömrəli məhkəmənin sorğusuna cavab məktubuna əlavə edilmiş arayış və raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu Xırdapay kəndində yaşayan İddiaçı Kürdəmir rayon polis şöbəsinə müraciətinin araşadırılmasına dair toplanmış materiallarda izahatı alınmış Cavabdeh Bakı şəhəri ərazisində yaşadığını və işlədiyini, İddiaçı aldığı malların pulunu ayda 100-150 manat ödəmək şərti ilə göndərəciyini telefon danışıqları zamanı bildirmişdir. İşin halları odur ki, iddiaçı cavabdehə 2000 manat dəyərində soyuducu və paltaryuyan satdığını, cavabdehin ona hazırda cəmi 1140 manat borcu olduğunu bildirir. İddiaçı sübut qismində cavabdehin imzası ilə təsdiqlənmiş qəbzə istinad edir. Cavabdeh isə dəfələrlə keçirilmiş məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh malları qəbul etdiyini inkar etməmiş, borcun ödənilməsinə dair heç bir sübut təqdim etməmişdir. Borcun ödənildiyini sübut etmə vəzifəsi borclunun üzərinə düşür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, cavabdeh 2000 manat dəyərində mal aldığını, həmin məbləğin bir hissəsini ödədiyini və qalan borcu hissəhissə ödəməyi öhdəsinə götürdüyünü imzası ilə təsdiq etmişdir. Qəbz tərəflər arasında nisyə alqı-satqı münasibətinin mövcudluğunu və ödəniş öhdəliyini sübut edir. Kürdəmir RPŞ-dən daxil olmuş sənədələrdə də cavabdehin borcu etiraf etməsi dolayısı sübut kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, tərəflər arasında əşyanın müəyyən müddət sonra ödənilməsi şərti ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından müəyyən olunur ki, cavabdehin iddiaçı qarşısında ümumilikdə 1600 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbinin məbləğini 1140 manata qədər azaltmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən iddiaçı iddia tələbinin həcmini dəyişdirmək hüququna malikdir. Məhkəmə iddia tələbinin hüdudlarından kənara çıxa bilmədiyindən, yalnız tələb edilən 1140 manat məbləği üzrə qərar qəbul edir. Beləliklə, məhkəmə qənaətə gəlir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə düşən pul öhdəliyini icra etmədiyindən, 1140 (min yüz qırx) manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 36 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 1140 (bir min yüz qırx) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 36 (otuz altı) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1140 (bir min yüz qırx) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 36 (otuz altı) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Kürdəmir Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar