Məhkəmə qərarları › İş №2(041)-27/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-27/2025

18.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-27/2025 18.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin ona məxsus torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması tələbinə dair idiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunla ona məxsus torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsindən istifadə etməyinə, etdiyi maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan, Kürdəmir rayonunun Pirili kəndində yerləşən 3.0775 ha torpaq sahəsi var. Cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirib, ona mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə maneələr yaradır. İddiaçı məsələnin cavabdehlə öz aralarında həll olunmasına çalışsa da cavabdehin təqsiri üzündən baş tutmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq göstərdi ki, qonşusu Cavabdeh mülkiyyət sənədində ona məxsus olan torpaq sahəsinin ona məxsus olduğunu bildirib, ona torpaq sahəsindən istifadə etməyinə imkan vermədiyindən polis şöbəsinə şikayət etmiş, polis əməkdaşları ünvana yerində baxış keçirmiş və aparılan araşdırmalardan sonra cavabdehə torpaq sahəsinin sərhədləri göstərilmiş və bundan sonra manelərə aradan qaldırılmışdır. Mütəxəssislər də ünvanda olmuş və müvafiq ölçü işləri apararaq hər iki torpağın döngə nöqtələrini və sərhədlərini müəyyən etmiş və bu barədə müvafiq rəy vermişlər. Rəylə tanış olmuş və nəticə ilə razıdır. Bütün bunlara baxmayaraq, iddiası üzrə müvafiq qətnamə çıxarılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 3.0775 ha torpaq sahəsi xüsusi mülkiyyət üzrə İddiaçı məxsusdur. Mübahisənin ədalətli həll edilməsi və xüsusi bilik tələb olunan sualları izah etmək üçün xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - ünvan 1i ərazisində yerləşən, xx.xx.2019-cu il tarixdə ********** nömrəli reystr nömrəsi ilə iddiaçının mülkiyyətinə verilmiş 3.0775 ha torpaq sahəsinin koordinatları müəyyən edilsin. - xx.xx.2019-cu il tarixdə ********** nömrəli reyestr nömrəsi ilə iddiaçının mülkiyyətinə verilmiş 3.0775 ha torpaq sahəsinin digər şəxslərin, o cümlədən Cavabdeh istifadəsində olan torpaq sahəsi ilə elektron xəritəyə və faktiki vəziyyətinə görə üst-üstə düşürmü? Üstüstə düşürsə, zəbt edilmiş torpaq sahəsinin koordinat nöqtələri və ölçüsü müəyyən edilsin ? Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/4271 nömrəli ekspert rəyində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşanmaz Əmlakın Dövlət reystri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-36/2-1290/2025 nömrəli mütəxəssis rəyinə əsasən: 1) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi Rahib Teymurovun mütəxəssis rəyində qeyd edilir ki, idarənin elektron baza məlumatlarında (NECAS) və Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən İddiaçı ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli çıxarışla mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 3.0775 ha torpaq sahəsinin koordinatları mütəxəssis tərəfindən müəyyən edilmişdir. 2) İdarənin elektron baza məlumatlarında (NECAS) və Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən İddiaçı ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli çıxarışla mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 3.0775 ha torpaq sahəsi Cavabdeh ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli çıxarışla mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 2.60 ha torpaq sahəsi ilə üst-üstə düşmür. 3) Baxış zamanı iddiaçının naturada mütəxəssisə göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 3.93 ha torpaq sahəsinin 3.0775 ha hissəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında, həmçinin elektron baza məlumatlarında (NECAS) göstərilən İddiaçı ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli çıxarışla mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 3.0775 ha torpaq sahəsi ilə, 3.93 ha torpaq sahəsinin 0.85 ha hissəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında, həmçinin elektron baza məlumatlarında (NECAS) dövlət mülkiyyəti kimi göstərilmişdir. Beləliklə, ekspert rəyinə əsasən İddiaçı ailəsinə ayrılmış və hazırda mülkiyyətində olan 3.0775 ha torpaq sahəsi Cavabdeh mülkiyyətində olan 2.60 ha torpaq sahəsi ilə üstüstə düşmür. İddiaçı da məhkəmədə verdiyi izahatında polis əməkdaşlarının müdaxiləsindən sonra cavabdehin ona məxsus torpaq sahəsindən istifadəsinə yaratdığı manelərin aradan qaldırıldığını etiraf etmişdir. Məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyindən və işdə olan digər sübutlarla yanaşı qiymətləndirilərək məhkəmə belə qənaətə gəlir ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 49-cu maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 50.1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Hazırki iş üzrə də, mübahisələndirilən torpaq sahəsi iddiaçının mülkiyyətindədir, lakin həmin torpağın zəbt edilməsini təsdiq edən heç bir sübut işə əlavə edilməmişdir. İşdə olan, ekspert rəyində də, həmin torpaq sahəsinin zəbt edilmədiyi göstərilmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Hazırki iş üzrə də, iddiaçının torpaq üzərində mülkiyyət hüququnu pozan və ona maneə olan hallar müəyyən edilmədiyindən, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu və 100 (bir yüz) manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar