Məhkəmə qərarları › İş №2(041)-346/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-346/2025

17.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-346/2025 17.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə Kürdəmir Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə el adəti ilə ailə həyatı qurmuş və xx.xx.2006-cı ildə nikahı qeyd etdirmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 doğulmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-37/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və bir uşağın saxlanması üçün 120 manat olmaqla, cəmi 240 manat alimentin cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Artıq hər iki övladının yaş həddi 16 və 14 olduğu halda maddi və mənəvi tələbləri artdıqca 240 manat çatmır. Alimentin məbləği ən azı qüvvədə olan yaşayış minimumuna uyğun gəlməlidir. Ölkə üzrə yaşayış minimumu, minimal əmək haqqının miqdarı, eləcə də başqa gəlirlərinin olması nəzərə alınaraq hesab edir ki, cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 235 manata çatdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə iddiaçı və cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək tərəflər apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin hallarından müəyyən olunur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-37/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu İl təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 120 manat olmaqla cəmi 240 manat miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia ərizəsindən aydın olur ki, iddia minimum əmək haqqı məbləğinin artımına əsaslandığından icra icraatı qaydasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-3-cü yarımbəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 114, 261.0.1, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işin icraatına Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi (verildiyi) tarixdən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar