Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-349/2024 05.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X10 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh X3 qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-374/2022 saylı qətnaməsinə əsasən təyin olunmuş alimentin miqdarının dəyişdirilərək, yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində cavabdeh X1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-374/2022 saylı qətnaməsi ilə nikahları pozulmuş, hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment cavabdeh X1 alınıb ona verilməsi qət olunmuşdur. Kürdəmir rayon məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunan aliment məbləği uşağın heç bir tələbatını ödəmir. Hazırda azyaşlı uşağı ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Cavabdehdən ayrılandan sonra o, uşaqla maraqlanmır, uşağın təlim tərbiyəsi ilə məşğul olmur. Cavabdeh isə alimentdən başqa ona heç bir yardım etmir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında göstərdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-374/2022 saylı qətnaməsinə əsasən cavabdehdən 150 manat alimentin alınıb iddiaçıya verilməsi qət olunmuş, keçən müddət ərzində cavabdehin maddi durumunda heç bir dəyşiklik baş verməmişdir. Cavabdeh hazırda heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, əldə etdiyi gəlir hesabına təyin olunmuş alimenti ödəyir. Başqa heç bir yerdən gəliri yoxdur. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-374/2022 saylı qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat aliment tutulub Heydərova Lamiyə rauf qızna ödənilməsi qət olunmuşdur. İşdə olan AZ İV 527466 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-cil tarixdə anadan olmuşdur, atası X4,anası İddiaçıdır. Tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbində himayəsində olan, cavabdehlə birgə nikah dövründə xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-374/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 150 manat alimentin artırılaraq hər ay bir uşağa görə 220 manat miqdarında cavabdehdən tutulmasını xahiş etmiş, iddiasının əsası kimi həmin məbləğin uşağın tələb edilən məsrəflərinə yetərli olmamasını, hüquqi əsası kimi 2023-ci il üçün yaşayış minimumunun ölkə ərazisində uşaqlar üçün 220 manat müəyyən edilməsi barədə “Yaşayış minimumu haqqında” AR Qanununa istinad etmişdir. Cavabdeh tərəf iddianı qəbul etməyərək, aylıq qazancının olmadığını, fərdi əməklə məşğul olduğunu, əldə etdiyi gəlir hesabına aliment ödədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Hazırki iş üzrə müəyyən edilən hallardan məlum olur ki, iddiaçı alimentin miqdarının artırılmasını cavabdehin yüksək gəlirə malik olması ilə əsaslandırdığı halda, bununla bağlı hər hansı sübutunu işə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf isə iddianın əsassız olmasını məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti çətinliklə ödədiyi, aylıq sabit gəlirə malik olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən: 1) Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir; 2) Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, valideynlərin öz uşaqları üzərində bərabər hüquq və vəzifələrə malik olması, cavabdehin maddi vəziyyəti, həmçinin aliment alan uşağın mənafeyi nəzərə alınaraq, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-cu il tarixli 2(041)- 374/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı qismən artırılmalı və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləği ilə 170 (bir yüz yetmiş) manat miqdarında aliment alınaraq iddiaçıya verilməsi məqsədə müvafiq və hər iki tərəfin mənafeyinə uyğundur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-cu il tarixli 2(041)- 374/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh X1 hər ay sabit pul məbləği ilə 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməli, qalan hissədə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-cu il tarixli 2(041)-374/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh X1 hər ay sabit pul məbləği ilə 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-349/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-349/2024
05.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver