Məhkəmə qərarları › İş №2(041)-353/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-353/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-353/2025 07.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, İddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 2150 manat məbləğində əsas borcun və ödədiyi dövlət rüsumuna görə 42 manat olmaqla, ümumilikdə 2192 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, Kürdəmir bazarında ticarətlə məşğul olur. Cavabdeh Həsrıt qızı xx.xx.2023-cü il tarixdə işlədiyi mağazaya gələrək ondan 2000 manat dəyərində 19.6 qram çəkidə türk istehsalı olan qızıl boyunbağı, 600 manat ilkin ödəniş etməklə, xx.xx.2023-cü il tarixdə 800 manat dəyərində 7,00 qram çəkidə qızıl qolbağı 250 manat ilkin ödəniş etməklə nisyə almış, xx.xx.2023-cü il tarixdə əvvəl aldığı qızıl boyunbağıdan borclu qaldığı 1400 manatı xx.xx.2023-cü ildə aldığı qızıl qolbağdan qalan 550 manat məbləğində borcla aralarında olan razılaşmaya əsasən birləşdirib xx.xx.2023-ce il tarixdə nisyə alğı-satqı müqaviləsi tərtib edib imzalamışlar. Həmin müqaviləyə əsasən cavabdeh xx.xx.2023-cü il tarixdə və xx.xx.2023cü il tarixdə aldığı qızıl əşyalarına görə borclu qaldığı 1950 manatı hər ay 200 manat ödəmək barədə öhdəlik götrmüşdür. Sonra cavabdeh xx.xx.2024-cü il tarixdə yenidən işlədiyi mağazaya gələrək 2000 manat dəyərində Türk istehsalı olan qızı boyunbağını 1000 manat ilkin ödəniş etməklə nisyı almış və aldığı zaman pulunu əvvəlki müqavilədə nəzərdə tutulduğu kimi hər ay 200 manat olmaqla ödəyəcəyini bildirmişdir. Cvaabdeh aldığı qızıllara görə xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə 100 manat olmaqla,cəmi 200 manat ödəniş etmiş, sonradan isə heç bir ödəniş etməmişdir. Bununla da cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və qalan 2150 manat borcunu bugünədək ödəməmişdir. Cavadehə dəfələrlə telefonla zəng edib məlumat vermiş, lakin nəticəsi olmamışdır. O məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə onun iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqqviləsindən görünür ki, Cavabdeh 2200 manat dəyərində əşyaları götürmüş və ilkin ödəniş olaraq 250 manat ödəmiş, qalan 1950 manatı hər ay 200 manat ödəməyi öhdəsinə görürmüşdür. İşdə olan alqı-satqı müaviləsinə əlavə edilmiş məxaric qəbzlərdən görünür ki, Cavabdeh 2000 manat dəyəri olan 19.06 qram “Türk” boyunbağını, 2000 manat dəyəri olan 18.80 qram “Türk” boyunbağını, 800 manat dəyəri olan 7 qram çəkisi olan qolbağı ümumilikdə 4800 manat dəyərində əşyaları nisyə almışdır. İşdə olan hesabdan çıxarışdan görünür ki, iddiaçı ilə nisyə alğı satqı müqaviləsi üzrə Cavabdeh ümumilikdə 2650 manat ödəniş etmiş, onun 2150 manat ödənilməyən borcu qalmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfin gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı qızıl zinət əşyasının satışı ilə məşguldur. Cavabdeh iddiaçıdan nisyə alğı satqı yolu ilə ümumi dəyəri 4800 manat olan qızıl-zinət əşyalarını almış, ümumi məbləğdən hissə hissə 2650 manat ödəniş etmiş, qalan 2150 pulunu qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 598.1 və 598.2-ci maddələrinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. MM-in 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-in 601.2-ci maddəsinə görə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600-cü maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunan hüquq normalarını hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasındakı mülki hüquq münasibətlərinə tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı nisyə alğı satqı müqaviləsi üzrə yaranmış öhdəliyin icrasını cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, cavabdehin icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın cavabdeh tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində iddiaçıya zərər dəyir. Azərbaycan Respublikasının MPM-ın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 42 manat 40 qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh 2150 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42 manat 40 qəpik , cəmi 2192 manat 40 qəpik pul alınıb İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42 manat 40 qəpik, cəmi 2192, 40 (iki min bir yüz doxsan iki manat qırx iki qəpik ) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar