Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-400/2023 04.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-2035/2022 saylı nömrəli qətnaməsinə əsasən təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehlə birgə nikahımızdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat, olmaqla cəmi 660 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə nikahlarını xx.xx.2014-cü il tarixdə qeyd etdirməklə ailə həyatı qurublar. Cavabdehlə birgə nikahlarından xx.xx.20115-cü il tarixdə İsmayıl, xx.xx.2017-ci il tarixdə Əli və xx.xx.2018-ci il tarixdə Vasif adlı uşaqları anadan olub. Əvvəllər cavabdehlə ailə münasibətləri yaxı olsa da sonradan cavabdehin təqsiri üzündən ailə münasibətləri pozulmuşdur. Belə ki, cavabdeh onun bir ailə kimi saymamış,onun mütəmadi olaraq söyüb təhqir etmişdir. Uşaqlarına görə cavabdehin ona qarşı olan dözülməz münasibətinə xeyli müddət dözmüşdür. Lakin cavabdeh onu xx.xx.2022-ci il tarixdə onu döyüb yaşadığı evdən qovmuş, o da əlacsız qalıb uşaqları ilə birlikdə öz valideynlərinin evinə qayıtmışdır. Hazırda 3 azyaşlı uşağı ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Cavabdehdən ayrılandan sonra o, uşaqlarına maddi yardım etmədiyinə görə ona qarşı aliment tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-750/2022 saylı qətnaməsinə əsasən onunla birlikdə yaşayan uşaqlarının hər birinə ayrı-ayırılıqda 170 manat olmaqla, cəmi 510 manat alimentin cavabdehdən alınıb ona verilməsi qət olunmuşdur. Uşaqların həyat tərzi ilə maraqlanmadan həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi isə birtərəfli qaydada, yəni cavabdehin maddi yardım etmədiyi üç uşağın maraqlarını və onların gələcək talelərini nəzərə almadan cavabdehin onlara təqdim etdiyi saxtas və heç bir yerdə qeydiyyatdan keçməyən xəstəlik arayışına əsaslanıb Kürdəmir rayon məhkəməsinin qətnaməsi ilə təyin edilən alimentin məbləğini heç bir sübut olmadan azaldaraq hər uşağa görə hər ay 130 manat məbləğində aliment təyin etmişdir. Cavabdehin Şirvan Apellyasiya Məhkəməsinə təqdim etdiyi saxta tibbi arayış onun hərbi xidmətdən yayınması üçün saxta yolla alınan sənəddir. Cavabdehin heç bir xəstəliyi və xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi yoxdur. Həmçinin cavabdeh fərdi əməklə məşğul olur. Fərdi əməklə məşğul olduğu üçün onun gəlirləri barədə heç bir sənəd əldə edə bilmir. Cavabdehlə birgə yaşadığı müddətdə məşğulluq xidməti tərəfindən ona 21 baş qoyun verilmiş, qoyunlar artaraq 40 baş olmuşdur. Uşaqların hər üçü böyüdükcə onların təlabatı artır. Onların artan təlabatını ödəmək onun üçün çox çətindir. Cavabdeh isə alimetndən başqa ona heç bir yardım etmir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-750/2022 saylı qətnaməsinə əsasən onunla birlikdə yaşayan uşaqlarının hər birinə ayrı-ayırılıqda 170 manat olmaqla, cəmi 510 manat alimentin cavabdehdən alınıb ona verilməsi qət olunmuş, cavabdehin həmin qətnamədən verdiyi şikayət əsasında Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı azaldılaraq 130 manat müüəyyən edilmişdir. Lakin buna baxmayaraq xərclər uşağın böyüməsi ilə artır, əlavə gəlir yeri olmadığına görə həmin xərcləri təkbaşına qarşılaya bilmədiyi üçün alimentin miqdarının ölkə ərazisində müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq 220 manat müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə 2014-cu ildə ailə həyatı qurublar, birgə nikahlarından üç uşaqları anadan olub. Aralarında olan nikah nikah münasibətləri iddiaçının təqsiri üzündən pozulmuşdur. Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-750/2022 saylı qətnaməsinə əsasən onunla birlikdə yaşayan uşaqlarının hər birinə ayrı-ayırılıqda 170 manat olmaqla, cəmi 510 manat alimentin cavabdehdən alınıb ona verilməsi qət olunmuş, qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-2035/202022 saylı qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay hər uşağa görə 130 manat miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı ilə ayrıldıqdan sonra maddi durumiunda heç bir dəyşikilik baş verməmişdir. Hazırda "xxxx" MMC-də fəhlə işləməklə aylıq 378.29 manat əmək haqqı alır. Aldığı əmək haqqını isə tam şəkildə təyin olunmuş aliment üçün ödəyir. Özü isə valideynlərini hesabına dolanır. Başqa heç bir yerdən gəliri yoxdur. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyib, qeyd edilən və işdə olan digər sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş; - Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-750/2022 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2017ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 170 manat olmaqla, cəmi 510 manat alimentin cavabdehdən alınıb iddiaçıya verilməsi qət olunmuşdur. - Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-2035/2022 saylı qətnaməsi ilə Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-750/2022 saylı qətnaməsi dəyişdirilmiş, xx.xx.2015-ci il tarixdə anadan olmuş X1, xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 130 manat, cəmi 390 manat aliment tutulub İddiaçı ödənilməsi qət olunmuşdur. - xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də fəhlə işləməklə əmək haqqı 378.29 manat məbləğində təşkil edir. İşdə olan sənədlərdən və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbində himayəsində olan, cavabdehlə birgə nikah dövründə xx.xx.2015-ci il tarixdə anadan olmuş X1, xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-2035/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 130 manat alimentin artırılaraq hər ay hər uşağa görə 220 manat miqdarında cavabdehdən tutulmasını xahiş etmiş, iddiasının əsası kimi həmin məbləğin uşağın tələb edilən məsrəflərinə yetərli olmamasını, hüquqi əsası kimi 2023-ci il üçün yaşayış minimumunun ölkə ərazisində uşaqlar üçün 220 manat müəyyən edilməsi barədə “Yaşayış minimumu haqqında” AR Qanununa istinad etmişdir. Cavabdeh tərəf iddianı qəbul etməyərək, aylıq qazancının 378 manat təşkil etdiyini, həmin pulla aliment ödədiyini, başqa heç bir yerdən gəliri olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. İşin faktiki hallarını nəzərə alaraq məhkəmə iddiaçının alimentin miqdarının artırılması ilə bağlı dəlillərini əsaslı hesab etsə də, iddia edilən təminatın cavabdeh tərəfindən təmin edilibedilməməsi imkanlarını araşdırarkən müəyyən edildi ki, hazırki maddi durumu ilə cavabdehin qeyd edilən təminatları təmin etməsi ağlabatan görünmür. Belə ki, iddiaçının aylıq gəliri 378 manat təşkil etdiyi halda, həmin məbləğin hamısı alimentə ödənilir. Yaşayış minimumunu nəzərə almaqla iddianın təmin edilməsi, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsində qeyd edilən təminatların nəzərə alınması və sair hallara diqqət yetirərkən məhkəmə ilk növbədə həmin təminatların sadalanması ilə kifayətlənməməli, onların faktiki olaraq icrasını və həyata keçirilməsinin mümkünlüyünü nəzərə almaqla yanaşı, bu təminatların reallaşdırılması uşaqların kimin yanında qalmasından asılı olmayaraq hər iki valideyinin uşaqlar üzərində olan bərabər hüquq və vəzifələri olmaları ilə yanaşı, onların məsuliyyətlərinin də eyni dərəcədə bərabərliyi prinsipindən çıxış edərək qiymətləndirilməlidir. Hazırki iş üzrə şərh edilənlərlə yanaşı, iddiaçı Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-2035/2022 saylı qətnaməsindən 3 ay sonra müəyyən edilmiş alimentin artırılması barədə yenidən məhkəmədə iddia qaldırmış, lakin iddiasının əsası kimi heç bir mötəbər sübut ərizəsinə əlavə etməmiş, habelə bu müddət ərzində cavabdehin maddi və maliyyə vəziyyətinin yaxşılaşdığını təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair”iddiasının təmin edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-400/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-400/2023
04.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver