Məhkəmə qərarları › İş №2(041)-42/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-42/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-42/2025 24.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş ziyana görə 660 manat pulun, dəyəri 2800 manat olan bir baş yanı balalı inəyin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 78 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh onun həmkəndlisidir. O, pay torpaq sahəsini cavabdehə 660 manat və bir baş yanı balalı inəyə ona satmışdır. Satan zaman cavabdeh ailə üzvləri ilə birlikdə öz imzaları ilə Kürdəmir rayon Ərəbqubalı kənd bələdiyyəsində təsdiq etmişlər. Cavabdeh onu məhkəməyə verərək həmin torpaq sahəsindən çıxarılmağını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-769/2022 nömrəli qətnaməsi ilə iddiası təmin edilmişdir. O, işin məhkəmədənkənar həll olunmaqla 660 manat pulunu və bir baş yanı balalı inəyini qaytarmasını tələb etmiş, lakin cavabdeh onunla razılaşmamışdır. Ona görə də ona vurulmuş ziyan 660 manat pulun, dəyəri 2800 manat olan bir baş yanı balalı inəyin, ödənilmiş 78 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, özlərinə məxsus pay torpaq sahəsini 2008-ci ildə həmkəndlisi olan İddiaçı müvəqqəti isitfadə etmək üçün vermiş və aralarında olan razılığa əsasən İddiaçı həmin torpaq sahəsinə görə 660 manat nağd pul və bir baş yanı balalı inək almışdır. İddiaçı 16 il ərzində həmin torpaq sahəsindən istifadə etdikdən sonra pay torpaq sahəsini geri qaytarmasını ondan tələb etmiş, lakin iddiaçı torpaq sahəsini qaytarmaq istəmədiyinə görə onun torpaq sahəsindən məcburi qaydada çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-769/2022 nömrəli qətnaməsi ilə iddiaçının onun pay torpaq sahəsindən çıxarılması qət edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi torpaq sahəsinin iddiaçıya verilməsi ilə bağlı ərizəyə o, özü və ailə üzvləri imza etməmişlər. Həmin ərizədə onun adı “Saleh” kimi, arvadı Şəhrinin adı isə “Sevil” kimi qeyd edilmişdir. O, torpaq sahəsini satmaq üçün verməmişdir. Cavabdeh əslində neçə illərdir ki, həmin torpaq sahəsindən istifadə edir, odur ki, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh (Saleh) Sədulla oğlunun xx.xx.2006-cı il tarixdə yazılmış ərizəsindən görünür ki, ailə üzvlərinin razılıqı əsasında pay torpaqlarını istifadə edə bilmədikləri üçün 660 manat və bir baş yanı balalı inəyə X1. Həmin razılaşmanı Məmmədov Saleh (Musa), Məmmədova Sevil (Şəhri), Məmmədov Aqil və Məmmədov Asim öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2008-ci il tarixdə Kürdəmir rayonu Çöl-Qubalı Bələdiyyəsinin sədri X4 ünvanlanmış ərizədən görünür ki, Cavabdeh, Məmmədova Şəhri (Sevil), Məmmədov Asim və Məmmədov Aqil 1.60 ha torpaq sahəsini X3 verməyə etirazlarının olmadıqlarını bildirmiş və öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Kürdəmir rayon PŞ-nin TB-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətinə əsasən araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, Kürdəmir rayonu Ərəbqubalı kəndində yaşayır. Cavabdeh həmkəndlisidir və münasibətləri normal olmuşdur. 2008-ci ildə Musa onun yanına gələrək “torpaq sahəsini ailə üzvlərinin razılığı ilə satdığını” o da Musaya “sənin qohumların ilə söhbət edim razı olarlarsa torpağı alıram” demişdir. Bu söhbətdən sonra o Musaya bir baş iri buynuzlu yanı balaı inək və 660 manat vermişdir. Keçmiş Ərəbqubalı kənd Bələdiyyəsinin sədri Qədim Məmmədov və Musanın ailə üzvlərinin iştirakı ilə 1.60 ha torpaq sahəsini ölçüb almışdır. Bir müddət aralarında söz-söhbət olmamışdır. Təxminən 3- 4 ay bundan əvvəl Musa onunla bağlı Kürdəmir Rayon Məhkəməsinə iddia qaldırmışdır. Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraçısı Şirnaliyev Məhərrəm həmin torpaq sahəsinə gəlib baxış keçirmiş və “14 m tikinti var qalan hissəsi nar bağıdı” demişdir. Baxış keçirildikdən sonra ona heç bir məlumat verilməmişdir. Musaya “torpağın pulunu ver çıxım demiş” 2010-cu ildə torpağa baxa bilmədiyi üçün həmkəndlisi X5 ilə heç bir sənəd olmadan dəyişdiyini və hal-hazırda həmin torpağın onun istifadəsində olmadığını bildirmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-27/2024 saylı qərarından görünür ki, cavabdehlər İddiaçı və X5 iddiaçı Cavabdeh və onun ailə üzvlərinin birgə mülkiyyətində olan Kürdəmir rayonu Çölqubalı kəndi ərazisində yerləşən 3,20 hektar ölçüdə kənd təsərrüfatı təyinantlı torpaq sahəsinin 1,48 ha hissəsindən məcburi qaydada çıxarılmışlar. İş materiallarında olan xx.xx.2024 və xx.xx.2025-ci il tarixli Sabirabad rayon “Fərid” mal-qara alqı-satqı bazarı tərəfindən verilmiş arayışlardan görünür ki, Sabirabad rayonu mal-qara bazarında hal-hazırda 2-ci qarnına cins 6-aylıq balası yanında boğaz heyvanın orta bazar qiyməti təxminən 2500-2800 manat arası təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1438 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 yanvar 2008-ci il tarixli razılığda “1” sırada “Məmmədov Saleh” yazıları önündəki imza-Cavabdeh (Saleh) Sədulla oğlu tərəfindən icra olunmuşdur. “2” sırada “Məmmədova Sevil” yazıları önündəki imza-Məmmədova Sevil (Şəhri) Mehbalı qızı tərəfindən icra olunmuşdur. “3” sırada “Məmmədov Aqil” yazıları önündəki imza-X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. “5” sırada “Məmmədova Leyli” yazıları önündəki imza-X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 126 (yüz iyirmi altı) manat təşkil edir. İşin halları odur ki, iddiaçı cavabdehə 660 manat və bir baş yanı balalı inək verərək 1.60 ha torpaq sahəsini ondan satın aldığını, lakin həmin torpaq sahəsini öz adına sənədləşdirmədiyindən sonrada məhkəmə qərarı ilə həmin torpaq sahəsindən çıxarıldığını bildirir və cavabdeh isə torpaq sahəsini satmadığını, iddiaçının istinad etdiyi torpaq sahəsinin satılması barədə razılıq ərizəsində olan imzanın ona məxsus olmadığını bildirir. Məhkəmə qeyd edir ki, tərəflərin təqdim etdiyi sübutlardan görünür ki, iddiaçı cavabdehə 660 manat və bir baş yanı balalı inək verərək 1.60 ha torpaq sahəsini ondan satın almaq barədə razılaşmış, lakin həmin torpaq sahəsini öz adına sənədləşdirmədiyindən sonrada məhkəmə qərarı ilə həmin torpaq sahəsindən çıxarılmışdır. Cavabdeh torpaq sahəsini satmadığını, iddiaçının istinad etdiyi torpaq sahəsinin satılması barədə razılıq ərizəsində olan imzanın ona məxsus olmadığını bildirsə də məhkəmənin qərarı ilə təyin edilərək keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, torpaq sahəsinin satılmasına dair razılıq ərizəsində imza Cavabdeh (Saleh) Sədulla oğlu tərəfindən icra olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya torpaq sahəsini ona satdığını bildirib ondan 660 manat və bir baş yanı balalı inək aldığından və sonradan isə ona həmin torpaq səhəsi iddiaçının adına sənədləşdirilmədiyindən, həmin torpaq sahəsindən cavabdeh çıxarıldığından əsassız olaraq varlanmışdır. Ona görə də 660 manat pul və bir baş yanı balalı inəyin dəyəri olan 2800 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 660 manat və bir baş yanı balalı inəyin dəyəri olan 2800 manat İddiaçı xeyrinə tutulmalıdır. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 78 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə ekspert rəyinin verilməsinə görə çəkilən xərc 126 (yüz iyirmi altı) manat cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 660 manat və bir baş yanı balalı inəyin dəyəri olan 2800 manat olmaqla, cəmi 3460 (üç min dörd yüz altmış) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 78 (yetmiş səkkiz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci olan 126 (yüz iyirmi altı) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********000003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar