Məhkəmə qərarları › İş №2(041)-46/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-46/2025

06.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-46/2025 06.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Şahbazova Göyçək Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1880 manat məbləğində borcun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi Kürdəmir şəhərində yerləşən məcburi köçkünlər şəhərciyində yaşayır. Özünə məxsus “VAZ 2106” markalı, **-BB-*** nömrəli nişan avtomobili var. xx.xx.2023-cü il tarixdə İmişli rayonundan Kürdəmir şəhəri istiqamətində hərəkətdə olarkən Kürdəmir rayonunun Çöl- Ərəb kəndi ərazisində bir baş inək heyvanı yolun hərəkət hissəsinə çıxmışdır. Həmin inək qəflətən yola çıxdığından maşını saxlaya bilməmiş və həmin inəyi vurmuşdur. Nəvəsi xəstə olduğu üçün onu Bakı şəhərinə çatdırmalı olmuş, ona görə də avtomobili orada qoyub getmişdir. Sonradan əraziyə qayıdıb gəlmişdir. İnəyin cavabdehə məxsus olduğunu öyrənmişdir. Həmin vaxt avtomobili 60km/saat sürətlə idarə etmişdir. Bununla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılmışdır. Araşdırma nəticəsində günahın cavabdehdə olduğu məlum olmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə olunmuşdur. O, cavabdehə müraciət edərək dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh bundan qəsdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh onun pulunu qaytarmadığı üçün Kürdəmir RPŞ-yə müraciət etmiş, Kürdəmir RPŞ-də araşdırma aparılmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, heç bir yerdə işləmir. Cavabdeh izahatının sonunda iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, HK-1/2327 saylı materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin tərkibi olduğu üçün barəsində inzibati protokol tərtib edilməsi üçün BDYPİ-nin YPX alayına göndərilmişdir. - Kürdəmir RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(041)-34/2024 saylı qərarından görünür ki, Kürdəmir rayonu Yeni qəsəbədə yaşayan İddiaçı xx.xx.2023-cü il tarixdə saat 10:45 radələrində Kürdəmir-İmişli yolunun Çöl-Ərəb kəndi ərazisindən keçən hissəsində idarə etdiyi VAZ-2106 markalı **-BB-*** dövlət qeydiyyata nişanlı minik avtomobili ilə hərəkətdə olarkən Kürdəmir rayonu Çöl-ərəb kəndində yaşayan Cavabdeh məxsus bir baş iribuynuzlu inək heyvanını asfalt örtüklü yolda vuraraq yol nəqliyyat hadisəsi törətmiş, hadisə vaxtı İddiaçı sağlamlığına zərərvurmayan və avtomobildə olan sərnişin Lalə Quliyeva sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər almışlar. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində 100 (bir yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. - xx.xx.2024-cü il tarixli 9/7878 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasınn rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında X1 tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2003-cü il buraxılışlı “VAZ 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1075 manat müəyyən edilir. O cümlədən dəyişdirilməli hissələrin qiyməti 175,0 manat, təmir-bərpa işlərinin qiyməti 900,0 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Hazırki iddiasında iddiaçı avtomaşınına dəymiş maddi ziyanın 1880 manat olduğunu bildirir və iddiasının əsası kimi Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntəqəsinin qüsur aktını sübut kimi məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin maddə 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Hazırki işin müəyyən edilən hallarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Kürdəmir-İmişli yolunun Çöl-Ərəb kəndi ərazisindən keçən hissəsində idarə etdiyi VAZ- 2106 markalı **-BB-*** dövlət qeydiyyata nişanlı minik avtomobili ilə hərəkətdə olarkən Kürdəmir rayonu Çöl-ərəb kəndində yaşayan Cavabdeh məxsus bir baş iribuynuzlu inək heyvanını asfalt örtüklü yolda vurmuş, avtomobilə maddi zərər dəymiş, məhkəmənin qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək, 100 (bir yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/7878 nömrəli rəyində “VAZ 2106” markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyan 1075 manat qiymətləndirilmişdir. Məhkəmə ekspert rəyini işin hallarına uyğun hesab edərək, iş üzrə mötəbər sübut kimi qəbul edir və həmin məbləğdə iddianın təmin edilməsini məqsədəuyğun və hər iki tərəfin mənafeyinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1075 manat maddi ziyan tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1075 (min yetmiş beş) manat məbləğində pul tutularaq tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar