Məhkəmə qərarları › İş №2(041)-531/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-531/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-531/2023 19.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən bank borcluya 84 ay müddətinə illik 25 faiz olmaqla 4500 manat məbləğində kredit vermişdir. Hazırda Ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Ona görə də Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 4499,96 manat məbləğində əsas borcun, 942,41 manat məbləğində faiz borcunukn, 535,5 manat məbləğində cərimə borcunun, cəmi 5977,87 manat borcun və 80 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC-nə lazımi qaydada məlumat verilmiş, İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə teleqram göndərib işə onların iştirakı olmadan keçirilməsini və təqdim etdikləri sübutlar əsasında iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 84 ay müddətinə ödəmək şərti ilə 4500 manat kredit götürmüşdür. Sonradan maddi imkanı olmadığına görə kredit borcunu ödəyə bilməmişdir. Yaxın vaxt ərzində banka olan kredit borcunu ödəyəcəyinə söz verib iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, AL/59449/83/28 nömrəli kredit sazişindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 84 ay müddətinə illik 25 faizlə 4500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, AL/59449/83/28 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 4499,96 manat əsas, 942,41 manat faiz və 535,5 manat məbləğində cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023cü il tarixli bildirişdən görünür ki, ona banka olan kredit borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən bank borcluya 84 ay müddətinə illik 25 faiz olmaqla 4500 manat məbləğində kredit vermişdir. Hazırda Ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında cavabdeh M.N.Sadıqov iddia tələbini qəbul edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AL/59449/83/28 nömrəli kredit müqaviləsi ləğv edilməli və Cavabdeh 4499,96 manat məbləğində əsas borc, 942,41 manat məbləğində faiz borcu, 535,5 manat məbləğində cərimə borcu, cəmi 5977,87 manat borc və 80 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AL/59449/83/28 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 4499,96 manat məbləğində əsas borc, 942,41 manat məbləğində faiz borcu, 535,5 manat məbləğində cərimə borcu, cəmi 5977,87 manat borc və 80 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar