Məhkəmə qərarları › İş №2(041)-558/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-558/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-558/2025 11.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona borclu qaldığı 2500 manat, Cavabdeh2 ona borclu qaldığı 400 manat pulun və ödənilmiş 49 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək bildirdi ki, İddiaçı onun qardaşıdır. Cavabdeh1 və Cavabdeh2 İsgəndər oğlunu uzun müddətdir ki, tanıyır. Onlar iddiaçı ilə birlikdə Rusiya Federasiyasında yaşamışlar. Onlar 2022-ci ilin qış aylarında Azərbaycan Respublikasına getmək istədiklərini bildirmişlər. Onlar maddi durumlarının yaxşı olmadığını bildirərək və pula ehtiyaclarının olduğunu, bilet pullarının olmadığını, onlara köməklik etməyi, onlara verəcəyi pulu Azərbaycan Respublikasına çatan kimi qaytaracaqlarına söz vermişlər. Bu məqsədlə qardaşından 400 manat Cavabdeh2 və 2500 manat isə Cavabdeh1 borc pul alıblar. Bir müddət sonra Azərbaycan Respublikasına qayıtmışlar. Onlar Azərbaycan Respublikasına qayıtdıqdan sonra qardaşı onlardan pulunu geri tələb etmişdir. Lakin cavabdehlər ona pulunu verməkdən imtina etmişlər. Bu məqsədlə qardaşı Kürdəmir Rayon Polis Şöbəsinə müraciət etmişdir. Onun müraciəti əsasında araşdırma aparılmış, araşdırma zamanı cavabdehlər bir daha borclu olduqlarını etiraf etmişlər. Lakin uzun müddət keçməsinə baxmayaraq onlar pulu geri qaytarmayıblar. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbləri ilə razılaşmayaraq bildirdi ki, o, iddiaçını tanıyır. Ona 2500 manat yox, 800 manat borcu vardır. Ona borcunu verməkdən imtina etmir. İmkanı olmadığı üçün ödəyə bilməmişdir. Qardaşı Cavabdeh2 isə iddiaçıya heç bir borcu yoxdur. İddiaçı tərəfindən ona heç vaxt pul verilməmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə cavabdehin etirafını nəzərə alaraq iddia tələbini qismən təmin etmişdir. Çünki iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı Cavabdeh1 2500 manat və Cavabdeh2 400 manat pulun alınıb ona verilməsini xahiş etsə də iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin isə iddianı iddianı qismən qəbul etmiş, izahatında iddiaçıya 800 manat borcu qaldığını, iddiaçının dediklərini qəbul etmədiyini, onun iddiaçıya cəmi 800 manat borcu olduğunu bildirmişdir. İddiaçı Cavabdeh1 2500 manat və Cavabdeh2 400 manat alınıb ona verilməsini xahiş etsə də iddia ərizəsində və məhkəmə iclaslarında bunu təsdiq edən sübutlar təqdim edilməmiş, qeyd edilən hallar iş materialları ilə sübut olunmur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli iş üzrə Cavabdeh1 tərəfindən yazılmış ərizədən görünür ki, o, iddianı 800 manat olan hissədə qəbul edir. İş materiallarında olan Kürdəmir RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı Kürdəmir rayon Polis Şöbəsinə etdiyi müraciətlə bağlı iddiaçıya göstərdiyi xüsusatlar mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti əsasında Kürdəmir RPŞ-də araşdırılmış materialın təsdiq edilmiş surətlərindən görünür ki, iş üzrə cavabdeh Abbasova X3 RPŞ-də verdiyi xx.xx.2024-cü il tarixli izahatında bildirmişdir ki, İddiaçı onun barəsində verdiyi ərizə ilə tanış olmuşdur. Ona 2500 manat deyil, hal-hazırda ona 800 manat borcu var. Ona borcunun ödənilməsindən imtina etmir. İddianın qismən etirafı qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə bu hərəkətləri qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi cavabdehin özünün etiraf etdiyi həcmdə, yəni 800 manat məbləğdə hissədə təmin edilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı pulları geri qaytarmalı olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlanmış və 800 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 800 (səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddia tələbinin təmin edilmiş məbləğinə mütənasib olaraq 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 800 (səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar