Məhkəmə qərarları › İş №2(041)-573/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-573/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-573/2025 07.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat və ödənilmiş 70 manat dövlət rüsumu olmaqla ümumilikdə 5070 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehi tanıyır. Cavabdeh xx.xx.2024cü il tarixdə ona qəbz verərək 5000 manat ondan pul götürmüş və xx.xx.2024-cü il tarixə kimi qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh buna baxmayaraq ondan borc götürdüyü pulu ödəmir. Dəfələrlə borcunu ödəməyi təklif etməyinə baxmayaraq cavabdeh müxtəlif bahanələrlə borcunu ödəməkdən yayınır. Bundan sonra o, öz hüquqlarını müdafiəsi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasına teleqram göndərərək, səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini, iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh əl yazısı ilə yazılaraq imzalanmış qəbzdən görünür ki, o, Kürdəmir rayonu Qarasaqqal kəndində yaşadığını, hərbi hissədə gizir vəzifəsində çalışdığını, xx.xx.2024-cü il tarixdə qardaşı X1 iştirakı ilə köhnə tanışı olan Bərdə rayon Kətəlparaq kənd sakini İddiaçı səhhəti ilə bağlı 5000 manat borc pul almış, xx.xx.2024-cü ildə qaytaracağını bildirmiş və öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 821 nömrəli arayışından görünür ki, 1977-ci il təvəllüdlü İddiaçı həqiqətən Bərdə rayon Kətəlparaq kəndində yaşayır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, işin halları odur ki, iddiaçı cavabdehə 5000 manat məbləğində pul vermiş, cavabdehin həmin pulu ödəmədiyini və hazırda 5000 manat borcu olduğunu bildirir. İddiaçı sübut qismində cavabdehin yazılı təqdim etdiyi qəbzə istinad edir. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və ödənişlə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi xx.xx.2024-cü il tarixli qəbzdə cavabdeh iddiaçıdan 5000 manat pul götürdüyünü etiraf etmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh iddiaçıdan səhhəti ilə əlaqədar pul götürdüyünü etiraf etmişdir, həmin pulun qaytarılmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan götürdüyü pulu geri qaytarmamaqla əsassız olaraq varlanmış və 5000 manat borcu qalmış, həmin pulu geri qaytardığını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 70 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 70 (yetmiş manat) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 70 (yetmiş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: R.B.MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar