Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-605/2025 11.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 manat məbləğində pulun və 32 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə Kürdəmir rayonunun Sığırlı kəndində yaşayır. Müəllim işləməklə aylıq əmək haqqı alır. Həmkəndlisi Cavabdeh ona müraciət edərək bankdan kredit götürmək istədiyini və ona zamin durmağını xahiş etmişdir. Onun xahişini nəzərə alaraq ona zamin olmuşdur. Bir müddət bankdan ona zəng vuraraq Mehmanın pulu ödəmədiyini bildirmişlər. Daha sonra məhkəmə qərarı ilə onun əmək haqqından tutulmalar aparılmışdır. Ondan Mehmanın kreditinə görə ümumilikdə 1200 manat borc pul tutulmuşdur. Həmin pulun ödənilməsini dəfələrlə Mehmandan xahiş etsə də Mehman həmin pulu ödəməkdən qəsdən boyun qaçırmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələblərini qismən qəbul edir. xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-nin Kürdəmir filialından kredit götürmüşdür. İddiaçı da zamin kimi iştirak etmişdir. Bir müddət borcu ödəyə bilməmiş və nəticədə İddiaçı əmək haqqısından 760 manat pul tutulmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Kürdəmir filialının xx.xx.2024-cü il tarixli 145 nömrəli arayışından görünür ki, "xxxx" ASC-nin Kürdəmir filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 260R1L********** saylı zaminlik müqaviləsinə əsasən zaminin əmək haqqı hesabından borcalan Cavabdeh hesabına tutulmalar aşağıdakı kimi olmuşdur: xx.xx.2015-ci il 80 manat, xx.xx.2015-ci il 80 manat, xx.xx.2015ci il 110 manat, xx.xx.2015-cı il 120.20 manat, xx.xx.2016-cı il 75 manat və xx.xx.2016-cı il tarixə 35 manat. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, 260R1L********** saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-də müştəri Cavabdeh hesabına 266 manat ödəniş edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı Cavabdeh kredit borcuna zamin durmuşdur. Borcun 766.20 manat hissəsi zamin - hazırki iş üzrə İddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı cavabdehin əvəzinə borcun 1200 manat hissəsini ödəməsi nəticəsində ona dəymiş zərərin əvəzinin reqres qaydasında cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı qalan borcun 1200 manat məbləğində hissəsini ödədiyini bildirsə də bununla bağlı sübut məhkəməyə təqdim etməmişdir. İş materiallarından isə sübut olunur ki, o, əsas borclunun borcundan 766.20 manat hissəsini ödəmiş, bununla da ona maddi ziyan dəymişdir. Qanunvericiliyin tələbinə əsasən zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə tələb edə bilər. Hazırki halda isə borcun 766.20 manat hissəsini ödəməklə iddiaçının reqres qaydasında tələb hüququ yaranmışdır. Belə olan halda cavabdehdən 766.20 manat dəymiş ziyan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında qeyd olunur ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu təmin olunmuş hissədə 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 766.20 (yeddi yüz altmış altı manat iyirmi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 766.20 (yeddi yüz altmış altı manat iyirmi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-605/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-605/2025
11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver