Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-61/2025 07.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus VAZ 21099 markalı avtomaşınını təmir etdirmək üçün 2024-cü ilin fevral avında əvvəldən tanıdığı Elçin Haciyevə müraciət etmiş, Elçin də avtomaşını təmir edəcəyini bildirmiş, bu məqsədlə aralarında razılaşma əldə etmişlər. Razılaşmaya əsasən cavabdeh onun avtomobilini rəngləməyi öhdəsinə götürmüş və 2 aydan artıq bir müddətdə avtomobil onda qalmışdır. Sonradan avtomobili təmir etdiyi üçün ona 800 manat pul verib. Lakin avtomobilin təmir olunmadığını, qarşı tərəfin onu aldatdığının şahidi olub. Avtomobilin bərbad şəkildə təmir olunduğunu, boyanın keyfiyyətsiz vurulduğu və keyfiyyətsiz olduğunu, bu səbəbdən də avtomobilin əvvəlki vəziyyətə düşdüyünü görüb. O cavabdehə müraciət edərək pulunu geri tələb edib. Lakin cavabdeh onun pulunu geri qaytarmaq istəmir. Bu məqsədlə polis şöbəsinə müraciət etmiş, polis şöbəsində araşdırma aparılmış, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, İddiaçı ona qarşı qaldırdığı iddianın rədd edilməsini xahiş edir. Belə ki, bir müddət əvvəl İddiaçı VAZ 21099 markalı avtomobilini rəngləmək üçün ona vermişdir. O da həmin avtomobili yüksək səviyyədə rəngləyərək İddiaçı təhvil vermiş, Elmanda avtomobili yoxlayaraq ondan təhvil aldı, gördüyü işin qarşılığında Elmanın ona 400 manat borclu qalmış və Elman həmin 400 manat borcu yaxın zamanlarda verəcəyini bildirmişdir. Bir müddət sonra Elman ona yenidən müraciət edərək avtomobillə yolda heyvan vurduğunu və yol nəqliyyat hadisəsi nəticəsində maşının boyasına xələl dəydiyini dedi. Həmin vaxt İddiaçı ona borclu qaldığı 400 manatı qaytarmasını xahiş etmiş, lakin hər dəfə müxtəlif bəhanələr gətirərək ona olan borcunu qaytarmayıb. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianınn təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı teleqrammada üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxıb dəlil və sübutları nəzərə alaraq iddianınn təmin olunmamasını və İddiaçı ona borclu qaldığı 400 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. İş materiallarında olan, Kürdəmir Rayon Polis Şöbəsinin İddiaçı ünvanladığı məktubdan görünür ki, aparılmış araşdırma zamanı Cavabdeh izahat alınmış, onunla profilaktiki söhbətlər aparıldığı qeyd edilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - İddiaçı müraciəti ilə bağlı Kürdəmir RPŞ-də TB-də toplanmış materallarında olan: -İddiaçı avtomobil ustası Cavabdeh avtomobil təmiri üçün 800 manat verdiyini, lakin təmirin tam başa çatmadığını iddia edir. -Cavabdeh avtomobili rənglədiyini, lakin hava şəraiti səbəbindən bəzi işlərin qaldığını və havalar düzəldikdə tamamlanacağını bildirir. -Aparılan araşdırma nəticəsində hər iki tərəflə profilaktiki söhbətlər aparılmış və onlara hüquqi vəzifələri izah edilmişdir. -İddiaçı mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququnun olması barədə rəsmi cavab məktubu verilmişdir. -Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1837/2024 saylı qərardadı ilə məhkəmə mühəndis-texniki və əmtəəşünaslıq kompleks ekspertizası təyin edilmiş, lakin mühəndis-texniki ekspertizalar şöbəsində avtomobil təmiri və təmir işlərinin keyfiyyətinin müəyyən edilməsinə dair xüsusi biliyi və ixtisas dərəcəsi olan ekspert olmadığından məhkəmə ekspertizasının təyin olunması barədə xx.xx.2025-ci il tarixli qərardad icrasız geri qaytarılmışdır. - Avtomobilə yerində baxış zamanı müəyyən edildi ki, iddiaçıya məxsus VAZ 21099 markalı 50CO825 dövlət qeydiyyat nişanlı avtomobildə rəngləmə işlərinin aparıldığı, avtomobilin ban, qapıların aşağı hissəsində və digər yerlərində qabarmalar əmələ gəlmiş, 200-250 manat civarında vəsaitlə həmin qüsurların aradan qaldırılması mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. - 1128.3. Əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlığı təmin etmirsə, keyfiyyətsiz məhsul sayılır. - 1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. - 1131. Malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. - 1132. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh gördüyü işi keyfiyyətsiz icra etdiyinə görə iddiaçıya həmin işləri yenidən gördümək zərurəti ilə əlaqədar maddi ziyan dəymişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı qüsurlu işə görə çəkəcəyi xərcləri cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 250 manat tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı hazirki iddia tələbləri ilə bağlı məhkəməyə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı cavabdehə, qalan 20 manatı isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 250 (iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-61/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-61/2025
07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver