Məhkəmə qərarları › İş №2(041)-62/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-62/2025

27.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-62/2025 27.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan daşınmaz əmlaka vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan daşınmaz əmlaka vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Kürdəmir şəhəri, Babək prospektində yerləşən sahibkarlıq obyektinin qeyri-qanuni sökülməsi nəticəsində 20 min manat məbləğində maddi ziyan, ödənilməyən 1400 manat məbləğində icarə haqqı və 1200 manat məbləğində əldən çıxmış gəlir üzrə kompensasiya, ödədiyi 158 manat dövlət rüsumu, mediasiya prosesinə 50 manat məbləğində ödədiyi pulun 25 manatı və sənədlərin hazırlanmasına 60 manat pulun, cəmi 22840 manat pulun Kürdəmir rayonunun Sığırlı kənd sakini Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "Azəriqaz” İstehsalat Birliyi cavabdeh qismində ona qarşı "qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikintinin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi hakim Müseyib Bayramov tərəfindən 2(041)- 2186/2023 saylı iş üzrə və ona məlumat verilmədən, iştirakı olmadan xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə təmin edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh tərəfindən Kürdəmir şəhəri, Babək küçəsindən keçən "Azəriqaz” İB-nin balansında və istismarında olan, diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa olunmuş birmərtəbəli baytarlıq apteki cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonası bərpa edilməsi qət edilmişdir. Həmin ünvanda yerləşən aptek Cavabdeh məxsus deyil. Bu aptek onun həyat yoldaşına Kürdəmir RİHB-nın 30 noyabr 1998-ci il tarixli, 257 nömrəli sərəncamı ilə, Kürdəmir şəhəri, Babək küçəsində 4 x 3 = 12 m³ ölçüdə aptek tikintisinə icazə verilmiş və tərtib olunmuş layihə əsasında aptek binası tikilmişdir. Həmin aptek binası icarə qaydasında Cavabdeh icarəsinə verilmişdir. 13 dekabr 2023-cü il tarixdə, günün ikinci yarısında mülkiyyətində olan sözügedən obyekt icra məmuru Ruslan Əsgərovun iştirakı ilə sökülmüşdür. Bu xəbər onlara 14 dekabr 2023-cü il tarixdə daxil olmuş və bundan sonra onlar icra məmuru Ruslan Əsgərovun yanında olmuş və burada yuxarıda adı çəkilən qiyabi qətnamə ilə tanış olmuşlar. Həmin qətnamə haqqında onların məlumatları olmamışdır. Odur ki, xx.xx.2021-ci il tarixli, 2(041)-1326/2021 saylı Məhkəmənin qiyabi qətnaməsindən onlara rəsmi qaydada təqdim olunmasını xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəmədən xahiş etmişdir. Bundan sonra Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1326/2021 saylı qiyabi qətnaməsi ona təqdim olunmuş və ərizəsi əsasında Kürdəmir Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərardadı ilə məhkəmənin məlum qiyabi qətnaməsi ləğv olunmuş, məlum iddia 2(041)-2186/2023 saylı iş üzrə məhkəmə baxışına alınmış və xx.xx.2023-cü il tarixə məhkəmə iclası təyin edilmişdir. İddia ərizəsinin mətni ilə tanış olduqdan sonra həmin iddia tələbinə etirazını bildirmiş və iddia ərizəsinin əsassız olduğuna görə onun təmin olunmamasını və rədd edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəməyə bildirmişdir ki, sözügedən sahibkarlıq obyekti Kürdəmir RİHB-nın 30 noyabr 1998-ci il tarixli, 257 nömrəli sərəncamı ilə rəsmiləşdirilmiş və obyekt layihə üzrə 1999-cu ildə tikilib, istifadəyə verilmişdir. Bu zaman iddiaçının bu ərazidə mübahisələndirilən qaz xətti mövcud olmamışdır. 2010-2011-ci illərdə prezidentin ayırdığı vəsait hesabına şəhər mərkəzində aparılan yenidənqurma və abadlıq işləri zamanı Babək küçəsi eninə genişləndirilmiş və sözügedən qaz xətti yol kənarında yerləşən obyektlərə 5-6 metr yaxınlaşdırılaraq yeraltına basdırılmışdır. Bütün bu işlər iddiaçı olan "Azəriqaz” İstehsalat Birliyinin razılığı və layihəsi əsasında icra edilmişdir. Göründüyü kimi mübahisələndirilən qaz xətti sahibkarlıq obyektinın tikildiyi ildən 12 il sonra çəkilmişdir. İddia ərizəsində adları çəkilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli və 20 iyul 2000-ci il tarixli fərmanları ilə təsdiq olunmuş qaydalar, Mülki Məcəllənin 180-ci maddəsi və Torpaq Məcəlləsinin 111-ci maddəsi iddiaçı tərəfindən təhrif olunmuş, izahı səhv şərh edilmiş və tətbiqində qeyri- obyektiv mövqe nümayiş etdirilmişdir. Bütün bunları nəzərə alan Kürdəmir Rayon Məhkəməsi, hakim Müseyib Bayramov xx.xx.2024-cu il tarixli, 2(041)-6/2024 saylı qətnaməsi ilə iddiaçı "Azəriqaz” İstehsalat Birliyinin ona qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikintinin onun vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpası tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Şərhdən aydın olur ki, mülkiyyətində olan sözügedən obyekt mülkiyyət sahibi müəyyən edilmədən, obyekti icarəyə götürmüş Kürdəmir rayonunun Sığırlı kənd sakini, icarəçi X3 "Azəriqaz” X5 X6 İdarəsinin tərtib etdiyi 27 may 2019-cu il tarixli aktı və akta əlavə edilmiş sxem əsasında mülkiyyətçi kimi cavabdeh qismində qəbul edərək, Kürdəmir Rayon Məhkəməsi 27.08 2021ci il tarixli, 2(041)-1326/2021 saylı qiyabi qətnaməsi ilə iddiaçı "Azəriqaz” İB-nin iddia tələbi təmin edilmiş və obyektin sökülməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əsgərovun rəhbərliyi ilə özünü mülkiyyətçisi kimi təqdim etmiş icarəçi Cavabdeh iştirakı ilə xx.xx.2023-cü il tarixli akt əsasında həmin obyekt sökülmüşdür. Bu zaman icra məmuru Ruslan Əsgərov da mülkiyyətçini müəyyən etmədən məlum məhkəmə qərarını icra etmişdir. Həmçinin icarəçi Cavabdeh obyektin sahibi kimi özünü həm məhkəmə prosesində, həm də məlum məhkəmə qətnaməsinin icra olunmasında təqdim etməsinin səbəbi onun arasındakı müqaviləyə əsasən son 7 ayda icarə haqqının verməməsi və bununla əlaqədar aralarında yaranmış mübahisə olmuşdur. Bu zaman Cavabdeh onlara bəyan etmişdir ki, icarəyə götürdüyü obyekti sökdürəcəkdir. Obyektin sökülməsi gününə kimi yuxarıda qeyd olunan proses haqqında məlumatları olmadığından istifadə edərək, Cavabdeh öz çirkin və qanunsuz əməlinə nail olmuşdur. Obyektin tamamilə sökülməsi zamanı ona 20 min manat məbləğində maddi ziyan vurulmuş və bu ziyan birbaşa Cavabdeh qanunsuz istəyi əsasında icra olunduğundan, həmin ziyan onun tərəfindən ödənilməlidir. Həmçinin onun tərəfindən obyekt sökülən günə kimi hər ay icarə haqqı 200 manat olmaqla, 7 ay üçün ödəmədiyi 1400 manat icarə haqqı və son 6 ayda obyekt qanunsuz söküldüyünə və bərpa dövrünə görə 1200 manat məbləğində gəliri əldən çıxmış, həmin məbləğ də kompensasiya şəklində Cavabdeh alınaraq ona ödənilməlidir. Bundan sonra iddianın məhkəmədən kənar həlli ilə əlaqədar mediasiya şurasına müraciət etmiş, cavabdehlə mediasiya prosesində razılaşma olunmadığına görə, Sabirabad 1 saylı Mediasiya təşkilatının İMS-dan sonra prosesin davam etdirilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış ona təqdim olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, sözü gedən bina qanunsuz tikintidir və onun İddiaçı aid olmasını təsdiq edən heç bir hüquqi sənəd yoxdur. İddiaçı təqdim etdiyi Kürdəmir rayon İcra hakimiyyəti başçısının 1998-ci il tarixli, 257 saylı sərancamının surəti notariat qaydasında təsdiq olunmadığı üçün etibarsız və hüquqi sənəd sayılmır. Sözü gedən qanunsuz tikinti Kürdəmir Rayon Məhkəməsinin müvafiq qətnaməsi əsasında və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin iştirakı ilə qanuna uyğun olaraq sökülmüşdür. Kürdəmir rayon İcra hakimiyyəti başçısının 1998-ci il tarixli 257 nömrəli sərəncamı 3m x 4m ölçüdə köşk qoymaq məqsədilə torpaq sahəsi üçün verilib, lakin sözü gedən qanunsuz tikinti isə 8m x 5m ölçüdə mişar daşından tikilmiş binadır. Deməli 257 saylı sərəncam sözü gedən tikintiyə aid deyil. Həmçinin həmin apteki "Azəriqaz” İB-nin iddia ərizəsi ilə məhkəmənin qətnaməsi ilə sökülmüşdür, onun sökülməsində onun heç bir təqsiri yoxdur. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Həm də o, iddiaçını heç zaman tanımamış, aralarında olan razılığa əsasən Əlibayram Məmmədov adlı şəxsə o, hər ay icarə haqqı vermişdir, onun ödənilməyən heç bir borcu qalmamışdır. İddia tələbi tamamilə əsassız olduğundan təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir rayon İcra hakimiyəti başçısının xx.xx.1998-ci il tarixli sərəncamından görünür ki, Kürdəmir rayon Yenikənd kənd sakini 851 saylı aptekin müdiri X2 851 saylı aptekin satış köşkünün tikintisinə icazə istəməsi barədə xx.xx.1998-ci il tarixli ərizəsi nəzərə alınmış, rayonun 851 saylı aptekinin 4x3 m ölçüdə satış köşkünün Babək küçəsində tikintisinə icazə verilmişdir. İş materiallarından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1326/2021 saylı qiyabi qətnaməsi ilə Cavabdeh tərəfindən Kürdəmir şəhəri, Babək küçəsindən keçən “Azəriqaz” İB-nin balansında və istismarında olan, diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafiə zonasında inşa olunmuş birmərtəbəli baytarlıq aptekin cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafiə zonasının bərpa edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 2(041)-1326/2021 nömrəli icra vərəqəsindən görünür ki, Cavabdeh tərəfindən Kürdəmir şəhəri, Babək küçəsindən keçən “Azəriqaz” İB-nin balansında və istismarında olan, diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa olunmuş bir mərtəbəli baytarlıq apteki cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə icra vərəqəsi verilmişdir. İş materiallarında olan Kürdəmir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-1326/2021 saylı icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)- 2186/2023 nömrəli qərardadından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1326/2021 saylı qiyabi qətnaməsi ləğv olunmuşdur. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)- 6/2024-cü il saylı qətnaməsindən görünür ki, iddiaçı “Azəriqaz” İB-nin cavabdeh İddiaçı qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpası tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan xx.xx.1989-cu il tarixli JQ 280741 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı arasında xx.xx.1989-cu il tarixdə 47 nömrə ilə Kürdəmir rayon Yenikənd kənd sovetliyində nikah haqqında qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli AZ-İ 530357 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Kürdəmir rayonunun Atakişili kənd sakini X4 xx.xx.2012-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan şəxsin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti, incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırki iş üzrə iddiaçı tərəfindən müvafiq sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu mənada konkret şəxsin, o cümlədən cavabdehin sözügedən hüquq pozuntusuna görə təqsirli olması yalnız səlahiyyətli orqanın qanunvericiliyin tələbinə uyğun qəbul etdiyi müvafiq qərarla təsdiq oluna bilər. İddiaçının istinad etdiyi ona maddi ziyan vurulmasında cavabdeh iştirak etməmişdir. Belə ki, iddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasında bərpası tələbinə dair iddia ərizəsi əsasında Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1326/2021 saylı qiyabi qətnaməsi ilə Cavabdeh tərəfindən Kürdəmir şəhəri, Babək küçəsindən keçən “Azəriqaz” İB-nin balansında və istismarında olan diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafiə zonasında inşa olunmuş birmərtəbəli baytarlıq aptekin cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafiə zonasının bərpa edilməsi qərara alınmış, sonradan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-2186/2023 nömrəli qərardadı ilə məhkəmənin həmin qiyabi qətnaməsi ləğv olunmuş və xx.xx.2024-cü il tarixli, 2(041)-6/2024-cü il saylı qətnamə ilə iddiaçı “Azəriqaz” İBnin cavabdeh İddiaçı qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpası tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı iddia ərizəsində cavabdehdən 20000 manat maddi ziyan tələb etsə də onun həmin aptekin sökülməsində təqsiri tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının Kürdəmir şəhəri, Babək prospektində yerləşən sahibkarlıq obyektinin qeyri-qanuni sökülməsi nəticəsində ona cavabdeh tərəfində 20000 manat məbləğində maddi ziyan vurması tələbi öz təsdiqini tapmadığından iddia tələbi bu hissədə əsassızdır. Məhkəmə həmçinin, iddiaçının iddia tələbinin “son altı ayda obyekt qanunsuz söküldüyünə və bərpa dövrünə görə 1200 məbləğində əldən çıxmış kompensasiya verilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmədə iddiaçının maddi ziyan vurulmasında cavabdehin təqsiri öz təsdiqini tapmadığından iddia tələbi bu hissədə də əsassız sayılaraq təmin edilməməlidir. Həmçinin məhkəmə iddiaçının iddia tələbinin 1400 manat ödənilməyən icarə haqqının ödənilməsinə aid hissəsi ilə bağlı ilə bağlı qeyd edir ki, iddiaçı iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim etmədiyindən iddia ərizəsi həmin hissədə də əsaslı sayılıb təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı Kürdəmir şəhəri, Babək prospektində yerləşən baytarlıq obyektinin sökülən günə kimi hər ay icarə haqqı 200 manat olmaqla, 7 ay üçün ödəmədiyi 1400 manat icarə haqqının cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir, cavabdeh isə iddiaçını əvvəllər tanımadığını, sadəcə Əlibayram Məmmədov adlı şəxslə aralarında şifahi razılığa əsasən baytarlıq obyektini istifadə etdiyini, aylıq ödənişləri də həmin şəxsə ödədiyini, həmin şəxsə də ödənilməyən borcunun qalmadığını bildirir. İddiaçı tərəflər arasında qanunla müəyyən edilmiş qaydada icarə müqaviləsinin bağlanması, icarə haqqı, ödənilməsi qaydası və s. barədə razılığın olmasını sübut edə bilmir. İddiaçının icarə haqqının cavabdehdən alınıb ona verilməsi ilə bağlı dəlilləri iş materialları ilə sübut olunmur. Bu səbəbdən də iddiaçının müqavilə münasibətlərində olmadığından cavabdehdən icarə haqqı tələb etməsi əsassız hesab edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia tələbi rədd edildiyindən mediasiya xərci və sənədlərin hazırlanmasına çəkilən xərcin cavabdehdən tutulması hissəsində də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan daşınmaz əmlaka vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar