Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-630/2025 12.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi ” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 3342.45 manat pul alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 28 avqust 2023-cü il tarixdə, saat 18 radələrində sahibliyində olan “FİAT DOBLO” markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Kürdəmir şəhəri, Babək prospektində hərəkətdə olarkən onun arxasınca hərəkətdə olan Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, 33BN517 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürəti çox olduğundan toqquşmuş və onun avtomobilinin arxa hissəsi yararsız vəziyyətə düşmüşdür. Bakı şəhəri, Nizami rayonu, Babək pr.216 ünvanında yerləşən "xxxx" MMC-nin verdiyi avtomobilin ilkin qüsur aktına əsasən avtomobilə dəymiş ziyanın məbləği 8292,45 manat müəyyən edilmişdir. Həmin məbləğdən 4950 manat ona sığorta ödənişi ödənilmiş, qalan 3342.45 manat ödənilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, İddiaçının həmin vaxt yarışdığımla bağlı fikrini qəbul etmir. Sadəcə yanındakı maşın sürətlə getdiyi üçün bir anlıq çaşmış və iddiaçının maşını ilə toqquşmuşdur. Hadisədən sonra iddiaçının maşınında olan insanlar onu videoya çəkməyə başlamış,o,da həmin insanlara bunu etməmələrini demişdir. Sonra iddiaçıya sığortaya getməsini təklif etmişdir. Ona qarşı ittihamlar əsassızdır. Maşının təmir qiymətinin yüksək hesablanıb. Ara məsafəsi saxlamadığına görə yazılan cərimə ilə razıdır. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri, Nizami rayonu, Babək pr.216 ünvanında yerləşən "xxxx" MMC-nin verdiyi avtomobilin ilkin qüsur aktından görünür ki, “FİAT DOBLO” markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 8292.45 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemi, Kürdəmir rayon polis şöbəsində verilmiş izahatların surətləri, avtomobillərin texniki sənədlərinin surətləri, avtomobillərin fotoşəkilləri və Kürdəmir rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarından görünür ki, 28 avqust 2023-cü il tarixdə, saat 18 radələrində İddiaçı sahibliyində olan “FİAT DOBLO” markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Kürdəmir şəhəri, Babək prospektində hərəkətdə olarkən onun arxasınca hərəkətdə olan Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, ** BN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Göstərilən hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı ona maddi zərər vurulduğunu, zərərin cavabdehin hüquqazidd əməlləri nəticəsində vurulduğunu və zərərin məbləğinin qalan ödənilməyən hissəsinin 3342,45 (üç min üç yüz qırx iki manat 45 qəpik) manat təşkil etməsini sübuta yetirməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, ** BN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “FİAT DOBLO” markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə “FİAT DOBLO” markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəymişdir. Cavabdeh qeyd olunan yol nəqliyyat hadisəsi üzrə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İddiaçı maddi zərərin məbləğini sübuta yetirmək üçün "xxxx" MMC-nin verdiyi avtomobilin ilkin qüsur aktını təqdim etmişdir. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, məhkəmə espertizasının aparılmasından “2022-ci il buraxılışlı, “FİAT DOBLO” markalı, **- BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hadisənin baş verdiyi 2023-ci il tarixə hissələrinin satışına və qiymətinə dair yerli internet saytında və eləcə də Mərkəzdə məlumat olmadığına görə tədqiqat aparılması mümkün olmadığından” imtina edilmişdir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi cavabdeh tərəfindən təkzib olunmayan qüsur aktını iddiaçıya dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi üçün yeterli və mötəbər sübut kimi qəbul etmişdir. “İcbari sığortalar haqqında” Qanunun 56.1.2-ci maddəsinə görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat məbləğində müəyyən edilmişdir. Bir sığorta hadisəsi üçün sığorta məbləği kimi müəyyən olunmuş ödəniş sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı maddi ziyanın qalan hissəsini təqsirkar şəxs cavabdehdən tələb edir. Azərbaycan Respublikası Konstitutsiyasının İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 14 aprel 2023-cü il tarixli qərarında göstərilmişdir ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda, zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya yol nəqliyyat hadisəsi nəticəsində cavabdehin hüquqazidd hərəkətləri ilə maddi zərər vurması, bu maddi zərərin 8292,45 manat olmaqla icbari sığorta üzrə sığorta ödənişini aşdığı, sığorta məbləği kimi müəyyən olunmuş 4950 manatın sığorta şirkəti tərəfindən ödənildiyi sübuta yetdiyindən, zərər çəkən olaraq iddiaçı zərər vuran cavabdehdən zərərin qalan hissəsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, iddia tələbi təmin edildiyi hissədə və çəkilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 3342.45 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 3342.45 (üç min üç yüz qırx iki manat qırx beş qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. Dövlət rüsumu olaraq 53,42 (əlli üç manat qırx iki qəpik) manat Cavabdeh tutularaq Dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-630/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-630/2025
12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver