Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-667/2024 04.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı “Kürdəmir-Pambıq“ Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Kürdəmir-Pambıq“ Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 606 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 636 manat məbləğin alınaraq “Kürdəmir-Pambıq“ Açıq Səhmdar Cəmiyyətin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2022-ci ilin yanvar ayında “Kürdəmir- Pambıq“ ASC-yə müraciət edərək Türkədi kəndi ərazisində pambıq əkməkdə ona köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh xahişinə əsasən “Kürdəmir-Pambıq“ ASC onunla xx.xx.2022-ci il tarixli, 20 nömrəli müqavilə bağlayaraq 10 hektar torpaq sahəsində pambıq əkmək üçün ona bank vasitəsilə 656 manat pul köçürülmüşdür. Cavabdeh həmin borc məbləğini əkib-becərdiyi pambıq məhsulundan əldə edəcəyi gəliri hesabına ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh “Kürdəmir-Pambıq“ ASC tərəfindən ona borc verilən vəsaiti əkib-becərdiyi pambıq hesabına ödəyəcəyini bildirsə də, bu günə qədər borcundan 50 manat ödəmiş, bu vaxta kimi “Kürdəmir-Pambıq“ ASC-nə cəmi 606 manat borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçıya olan borcunu etiraf edərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə iddiaçı “Kürdəmir-Pambıq“ ASC ilə müqavilə bağlıyıb yaşadığı Türkədi kəndi ərazisində 10 hektar torpaq sahəsində pambıq əkmişdir. Müqavilənin şərtlərinə əsasən iddiaçı tərəf 10 hektar torpaq sahəsində pambıq əkməsinə, becərməsinə, gübrələnməsinə, dərmanlanmasına, yığılmasına və s. işlərin görülməsi üçün ona cəmi 656 manat məbləğində borc vəsait vermişdir. Lakin əkdiyi pambıq sahəsində gübrələnmə və dərmanlama işləri iddiaçı tərəfindən lazımi qaydada aparılmadığına görə avans məbləğin tam şəkildə ödəyə bilməmiş, özünün isə bundan qazancı olmamışdır. Cavabdeh sonda göstərilənləri nəzərə alaraq, iddianın qismən təmin edilməsini xahiş etdi. İşə əlavə olunmuş, 2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair xx.xx.2022-ci il tarixli, 20 nömrəli müqavilədən görünür ki, Cavabdeh “Kürdəmir-Pambıq“ ASC ilə müqavilə bağlayaraq istehsal etdiyi xam pambığı iddiaçı ilə razılaşdırılmış qaydada iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş, qaimə və ödəniş qəbzlərində “Kürdəmir-Pambıq“ ASC tərəfindən Cavabdeh Türkədi kəndi ərazisində 10 hektar torpaq sahəsində pambıq əkmək üçün 656 manat pul köçürülmüşdür. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 2022-ci ilin yanvar ayında “Kürdəmir-Pambıq“ ASC-nə müraciət edərək Türkədi kəndi ərazisində pambıq əkməkdə ona köməklik göstərilməsini xahiş etmiş, onun xahişinə əsasən “Kürdəmir-Pambıq“ ASC onunla xx.xx.2022-ci il tarixli, 20 nömrəli müqavilə bağlayaraq 10 hektar torpaq sahəsində pambıq əkmək üçün ona 656 pul köçürülmüşdür. Cavabdeh həmin borc məbləğini əkib-becərdiyi pambıq məhsulundan əldə edəcəyi gəliri hesabına ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh “Kürdəmir-Pambıq“ ASC tərəfindən ona borc verilən vəsaiti əkib-becərdiyi pambıq hesabına ödəyəcəyini bildirsə də, bu günə qədər borcunu tam ödəməmiş, bu vaxta kimi “Kürdəmir-Pambıq“ ASC-nə cəmi 50 manat nəğd pul vermiş, 606 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifəllərini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 606 manat alınaraq “Kürdəmir-Pambıq“ Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 606 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 636 (altı yüz otuz altı) manat tutlaraq iddiaçı “Kürdəmir-Pambıq“ Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-667/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-667/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver