Məhkəmə qərarları › İş №2(041)-668/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-668/2025

03.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-668/2025 03.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2 İddiaçıların nümayəndəsi və vəkili Vəkil Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Kürdəmir rayonu Sığırlı bələdiyyəsinə qarşı manelərin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 evinə gələn su arxına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneənin aradan qaldırılması və cavabdehlərin vəsaiti hesabına həmin maneənin sökülərək su arxının əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə iddiaçılar İddiaçı1 və Qaçayeva X3 RPŞ-yə ərizə ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 tərəfindən onların evinə gələn su yolunu zəbt etməkləri barədə məlumat vermişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlərin onların evinə gələn su yolunun bağlanması ucbatından əziyyət çəkdiklərini və təsərrüfatlarında olan nar bağlarının məhv olmasını araşdırma zamanı polis şöbəsində izahat verərkən bildirmişlər. İddiaçılar bununla bağlı cavabdehlərə su yolunun açılmasını dəfələrlə desələrdə cavabdehlər və onların ailə üzvləri iddiaçılara hədə-qorxu gələrək su yolunun açılmasına imkan verməmişlər. Kürdəmir RPŞ-nin təhqiqatçısı, polis mayoru Elçin Əzizov araşdırma aparmış, tərəfləri dindirmiş, yerə baxış keçirilmiş, lakin araşdırılan məsələnin mülki xarakterli olması səbəbindən xx.xx.2024-cü il tarixdə "cinayət işinin başlanmasının rədd edilməsi barədə" qərar qəbul etmişdir. Həmçinin məlum olmuşdur ki, tərəflər qohumdur və aralarında münaqişə indiyə qədər davam edir və bu səbəbdən də “münaqişəli qonşular” kimi qeydiyyata götürülmüşlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, izahatında bildirdiki, sözü gedən su arxı 1969-cu ildən mövcud olmuş, əvvəllər onlarla heç bir mübahisəsi olmayıb. Cavabdeh1 əmisi oğludur, məhrum əmisi vəfat etdikdən sonra onlar həmin evə köçmüş, onun evinə gedən su arxını hasara alaraq daşla doldurmuşlar. Su arxının bağlanması səbəbindən ağacları qurumuş, ona maddi ziyan dəymişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı2 da iddianı müdafiə edərək izahatında bildirdi ki, cavabdehlər yaxın qohumları olmaqla yanaşı, həm də qonşuluqda yaşayırlar. Obların evinə gedən su arxı cavabdehlərin yaşadıqları evin həyətyanı torpaq sahəsinin yanından keçir. Bir il bundan əvvəl cavabdehlər heç bir səbəb olmadan həmin su arxını hasara almış və daşla doldurmuşlar. Bu müddət ərzində təsərrüfatlarında olan nar ağacları susuzluqdan məhv olmuş, etdikləri çabalara baxmayaraq, su arxını aça bilməmişlər. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçıların həyətinə gedən su arxı cavabdehlər tərəfindən tam zəbt edilib. Qarşı tərəf iddia edir ki, guya həmin su arxı onların evinə ziyan yetirir və evin dağılmasına səbəb olur. Lakin, bununla bağlı heç bir sübutları yoxdur. Həmin məsələ Kürdəmir rayon polis şöbəsində də araşdırılma zamanı cavabdeh tərəf heç biri maneənin törətmədiklərini bildirmişlər. Müdafiə etdiyi iddiaçıların həm özləri, həm də təsərrüfatları susuzluqdan əziyyət çəkir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 izahatında bildirdi ki, onlar su arxına heç bir maneə yaratmırlar. Həmin su arxının 2.7 metr hissəsi onun həyətindən keçir. Onun həyətindən keçən hissədə heç bir maneə yoxdur və həmin su arxından suyun getməsinə etiraz etmir. İddiaçıya dəfələrlə bildirmişdir ki, su borularından istifadə etməklə evinə gedən suyu bərpa edə bilər. Lakin o, maddi imkanı olmadığını bildirərək, köhnə qayda ilə suyun arx vasitəsilə evinə getməsini bildirərək, heç bir tədbir görməmiş, onlardan polisə şikayət etmişdir. Su arxının təmizlənməsinə etirazı yoxdur, iddiaçı istənilən vaxt su arxını təmizləyə və suyun evinə getməsini təmin edə bilər. Cavabdeh2 izahatında bildirdi ki, iddiaçı tərəf onun qohumudur. İddiaçıların evlərinə gedən su arxı uzun müddət baxımsızlıq ucbatından dolmuşdur. İddiaçılara cu xəttinin su trubaları aparılmasının daha uyğun olması bildirilsə də, onlar buna razı olmamışlar. Arxın təmizlənməsinə və iddiaçıların evinə gedən suyun bərpa edilməsinə etirazı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Kürdəmir rayonu Sığırlı kəndində yerləşən ümumi sahəsi 0.8954 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyəti kimi İddiaçı1 adına qeydiyyata alınmışdır. - Kürdəmir rayonu Sığırlı bələdiyyəsinin sədri B.G.Həsənovun, Kürdəmir RİH-nin Sığırlı İƏD üzrə nümayəndəsi M.Ə.Əmirovun, Kürdəmir rayon Sığırlı kənd sakinləri S.İddiaçı2 və İddiaçı2 iştirakı ilə 23 dekabr 2024-cü il tarixdə tərtib edilmiş aktda X1 və İddiaçı2 müraciətləri əsasında onların həyətyanı sahələrinə gələn su arxına baxış keçirən zaman müəyyən edilmişdir ki, həmin su arxı mişar daşları ilə doldurulmuş və dəmir barmaqlıqla hasarlanmışdır. - Kürdəmir rayonu Sığırlı bələdiyyəsinin sədri K.Məmmədovanın məhkəməyə ünvanladığı 22 aprel 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı1 və İddiaçı2 evinə gedən su arxına baxış küçirilmiş, müəyyən olunmuşdur ki, onlara gedən su arxı mişar daşları ilə doldurularaq bağlanmışdır. - "cinayət işinin başlanmasının rədd edilməsi barədə" Kürdəmir RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Elçin Əzizovun xx.xx.2024-cü il tarixli qərarında müəyyən olunmuşdur ki, X8 bacısı X5 və Cavabdeh1 İddiaçı1 həyətyanı sahəsinə gedən su arxının qarşısını kəsmiş və bu səbəbdən aralarında olan mübahisə mülki xarakterlidir. Bundan əlavə İddiaçı2 və X2 X12 tərəfindən öldürməklə hədələnməsinin icra ediləcəyi üçün real əsaslar olmamışdır. Ona görə də X9 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilmişdir. İddiaçı1 təhqiqata verdiyi izahatında göstərmişdir ki, təxminən 1 ay olar ki, onunla əmisi oğlu Cavabdeh1 və dayısı Cavabdeh2 arasında narazılıq vardır. Belə ki, Cavabdeh1 və Cavabdeh2 onun evinə gələn su yolunu bağlamışlar. Bununla əlaqədar o, müxtəlif orqanlara müraciət etmişdir. Təxminən 20 gün bundan qabaq Arifin oğlu Asif Qaçayev onun anası Savadxanım Qaçayevanı evi yandırmaqla hədələmişdir. Onun əsas tələbi evə gələn su kanalın açılmasından ibarət olmuşdur. İddiaçı2 təhqiqata verdiyi izahatlarında göstərmişdir ki, təxminən 1 ay olar ki, onunla mərhum həyat yoldaşı X10 əmisi oğlu Cavabdeh1 və Cavabdeh2 arasında narazılıq vardır. Belə ki, Cavabdeh1 və Cavabdeh2 onun evinə gələn su yolunu bağlamışlar. Bununla əlaqədar o, müxtəlif orqanlara müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Onun əsas tələbi evə gələn su kanalın açılmasından ibarət olmuşdur. X4 təhqiqata verdiyi izahatlarında göstərmişdir ki, İddiaçı1 onun oğludur. Təxminən 1 ay olar ki, İldırımla əmisi oğlu Cavabdeh1 və dayısı Cavabdeh2 arasında narazılıq vardır. Belə ki, Cavabdeh1 və Cavabdeh2 onların evinə gələn su yolunu bağlamışlar. X12 təhqiqata verdiyi izahatlarında göstərmişdir ki, İddiaçı1 onunla bir qonşuluqda yaşayır, onların qohumluq əlaqələri vardır. Bir müddət olar ki, onlarla İddiaçı1 arasında narazılıq vardır. Belə ki, İddiaçı1 onun evinin həyətindən yol istəmişdir. Beləliklə tərəflərin izahatları və işdə olan sənədlər əsasında müəyyən edildi ki, Kürdəmir rayonu Sığırlı kəndində yaşayan İddiaçı1 və İddiaçı2 evinə gedən su arxı qohumları və qonşuları Cavabdeh1 və Cavabdeh2 tərəfindən mişar daşları ilə doldurulmuş və dəmir barmaqlıqla hasarlanmışdır. Məhkəmə iclasında cavabdehlər su arxının onlar tərəfindən doldurulmadığını, iddiaçıların istənilən vaxt onların evlərinə gedən su arxını təmizləməsinə etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1. sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Mülki Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə şərh edilən maddi hüquq normalarına əsaslanaraq qeyd edir ki, cavabdehlərin qonşuluqda yaşayan iddiaçıların evlərinə gedən su arxından təyinatına uyğun istifadəsinə yaratdığı maneələr əsassız və qanunsuzdur. Halbuki, əvvəllər mövcud olmuş, sonradan cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində doldurulmuş su arxının bərpa edilməsi onların mülkiyyətinə heç bir mənfi təsir göstərmir və onların torpaq sahəsi üzərindəki hüquqlarına xələl gətirmir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən evlərinə gedən su arxının bərpasına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digər şəxslər tətəfindən yaradılan maneələr aradan qaldırılmalı, su arxının məhz cavabdehlər tərəfindən doldurulmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən au arxının cavabdehlərin vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılması hissəsində iddia rədd edilməlidir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki iddia ərizəsinə görə 100 manat dövlət rüsumu ödəmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı iddiaçılara, qalan 50 manatı isə cavabdehlərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən evlərinə gedən su arxının bərpasına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digər şəxslər tətəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar