Məhkəmə qərarları › İş №2(041)-669/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-669/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-669/2025 15.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X8 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22.000 manat dəyərində qızıl-zinət əşyalarının özlərinin, özləri olmadıqda isə onların dəyəri olan 22.000 manat pulun və 2.300 manat olmaqla ümumlikdə 24.300 (iyirmi dörd min üç yüz) manat pulun, dövlət rüsumuna görə ödədiyi 155 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. X1 Cavabdeh qızı Zeynəblə ailə qurmuş və hazırda bir yerdə yaşayırlar. Təxminən iki il əvvəl Kürdəmir rayonunun Sığırlı kəndində yşayan, cavabdeh olan qudası Cavabdeh qızı, onun gəlini Zeynəb üçün Bakı şəhərindən ev almaq istədiyını bildırıb ondan pul istəyib. Onun nağd pulu olmadığına görə Cavabdeh onun kurəkəni olan oğlu Haşımın vasitəsi ilə 22.000 manat dəyərində olan bir ədəd brilyant komplekt, 750 ayarlı 39 qramlıq qızıl sep, bir ədəd qızıl üzük, bir ədəd kolye, bir ədəd qızıl qolbaq verib. Bündan 6 ay sonra Azərbaycan Beynəlxalq Bankın Kürdəmir filialından 10.000 manat kredit götürüb həmin pulun 9.000 manatını yenə də Cavabdeh verib. Sonradan cavabdehin ev almadığını və onun verdiyi 22.000 manat dəyərində olan qızıllarını dəyərindən az qiymətinə satdığını öyrənib ondan verdiyi qızılları və nağd verdiyi 9000 manatı qaytarmasını tələb edib. O cavabdehə verdiyi 22.000 manat dəyərində olan qızılları və nağd verdiyi 9.000 manat pulu qaytarmasını tələb etdiyinə görə qızını oğlu Haşımdən boşatdıracağını bildirdi və buna görə iddia ərizəsi ilə Kürdəmir rayon məhkəməsinə müraciət edib. Sonradan cavabdeh ona nağd verdiyi 9.000 manatı qaytarsa da 22.000 manat dəyərində olan qızıllarını qaytarıb verməyib. Cavabdeh 9.000 manatı qaytarıb ona verəndən sonra onun qızı ilə oğlunun arasında olan boşanma işi ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət edib barışdıqlarını bildirdikdən sonra həmin iş baxılmamış saxlanılmışdır. Bankdan kredit götürərək cavabddehə verdiyi 9.000 manata görə bank tərəfindən ona əlavə hesablanan 2 300 manat faiz borcunu ödəmədiyinə görə əlavə maddi ziyana düşmüşdür. Dəfələrlə cavabdehdən ev almaq məqsədi ilə ona verdiyi 22.000 manat dəyərində qızıllarını və 9.000 manat kreditə görə bank tərəfindən hesablanmış 2.300 manat pulu ödəməsini tələb etsə də cavabdeh qızıllarını qaytarmamış və ona verdiyi pula görə bank tərəfindən faizə görə hesablanmış 2.300 manat pulu qaytarmaq istəmir. Cavabdeh 22.000 manat dəyərində olan qızıllarını və 2.300 manat bank faizini ödəmədiyinə görə 2024-cü ilin dekabr ayında ərizə ilə Kürdəmir rayon polis şöbəsinə müraciət edib. Ərizəsi ilə bağlı Kürdəmir rayon polis şöbəsində araşdırma aparılarkən cavabdeh ona verdiyi qızılları Bakı şəhərində 5.400 manata satdığını bildirmiş və həmin pulu oğlu Haşimə qaytarmağa hazır olduğunu bildirmişdir. Bundan başqa o, qızılları guya ona oğlu Haşimin verdiyini bildirir. Cavabdehə verdiyi qızılları onun ailəsinə və özünə məxsus olmaqla Bakı şəhərindən ev alınması məqsədi ilə oğlu Haşim vasitəsi ilə cavabdehə o verib. Kürdəmir rayon Polis şöbəsində aparılan araşdırma nəticəsində onun Cavabdeh 9.000 manat nağd pul və 22.000 manat dəyərində qızıl əşyaları verməyini etiraf etmiş, lakin qızılları dəyərindən qat-qat ucuz qiymətə satdığını göstərməklə satışdan əldə olunan pulu oğlu Haşimə verməyə hazır olduğını bildirmişdir. Bütün bunlara baxmayaraq cavabdeh ona vurduğu maddi ziyanı ödəmək istəmir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının oğlu ilə onun qızı ailəlidir hazırda bir yerdə yaşayırlar. Onlara Bakı şəhərində ev almaq üçün 9000 manat pul götürüb və həmin pulu ev ala bilmədiklərinə görə təxminən 1 il 6 ay bundan qabaq iddiaçıya qaytarıb. Qızıla gəldikdə isə, onları kürəkəni X5 və onun qızı X2 razılığı ilə satıb ev almaq üçün topladığı pulun üstünə qoyub. Qızıllar qızının nişan hədiyyələri idi və qızıllardan 1 ədəd nişan üzüyünü saxlayıb qalanını 5400 manata satıb. Həmin pul hal hazırda ondadır. Onda olan 5400 manatı, yəni, qızılların pulunu istənilən vaxt qızılın əsl sahibinə qaytarmağa hazır olduğunu bildirdi və bununla bağlı ərizəsini məhkəməyə təqdim etdi. Cavabdeh izahatının sonunda iddianın rədd edilməsini xahiş etdi. İşdə olan Kürdəmir Rayon Polis Şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli № 3-xx-xx/2320 nömrəli məktubda, araşdırma zamanı toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməsi barədə məlumat verilmiş və ona dəymiş maddi və mənəvi ziyanla bağlı mülki iddia qaydasında aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə tərəflərin izahatını, işin hallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehdən ona verdiyi qızılların dəyəri olan 22000 manat pulun geri qaytarılmasını tələb etsə də, bununla bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilməmiş, 9000 manat pulun ona geri qaytarılmasını etiraf etmişdir. Cavabdeh kürəkəni (iddiaçının oğlu) X5 və onun qızı X3 ev almaq üçün iddiaçıdan aldığı 9000 manat pulu ev ala bilmədiklərinə görə təxminən 1 il 6 ay bundan qabaq iddiaçıya qaytardığını, qızına nişan hədiyyələri kimi verilən qızılları isə 5400 manata satmış və pulunu istənilən vaxt qızılın əsl sahibinə qaytarmağa hazır olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsində qeyd edilmişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1132-ci maddəsinə görə malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Hazırki iş üzrə cavabdehin əsassız varlanan (varlanmış şəxs) sayılması üçün heç bir sübut zərərçəkmiş (iddiaçı) tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddiaçının tələbləri Mülki Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun hesab edilmir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası əsassız olduğuna görə rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə iddiaçı tərəfindən ödənilmiş 155 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar