Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-678/2023 16.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı icarəsində olan torpaq sahəsindən istifadə olunmasında yaranmış maneələrin aradan qaldırılması barədə iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarəsində olan torpaq sahəsindən və buradaki mülkiyyətində olan mal-qara tövləsi, digər yardımçı tikililərdən istifadəsinə qoyulmuş maneələrin aradan qaldırılmasına cavabdehlərin məcbur edilməsi və otarma nəticəsində icarəsində olan otlaq, yonca və taxıl sahələrinə ümumilikdə vurulmuş 5100 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı rayon ərazisində qoyunçuluq təsərrüfatı ilə məşğul olur, bu məqsədlə dövlət fonduna məxsus qış otlaq sahələrindən 420 ha az yararlı torpaq sahəsini icarəsinə götürmüş, həmin torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsində təsərrüfatını genişləndirmək məqsədilə çoban evləri, yardımçı tikililər tikdirmişdir. Çətin şəraitdə heyvandarlıq məhsullarının istehsalı və satışı ilə məşğul olurlar. Lakin yaxınlıqda olan Sor-sor kənd sakinləri X3, Cavabdeh2 və Cavabdeh3 icarəsində oaln torpaq sahələrinin onların dədə-baba torpaqları olmasını bildirib mühafizə xəndəklərini doldururlar. Onlar qış otlaq sahəsinin öt örtüyünü korlayıb, 70 ha hissəsini zəbt edib öz mal-qaralarını otarmaqla ona xeyli miqdarda, ümumilikdə 5100 manat maddi ziyan vurmuşlar. Cavabdehlər qanunsuz olaraq onun ərazisinə müdaxilə edir, özlərinə məxsus mal-qaranı onun sahəsinə salaraq əkin-biçini məhv edir, şum çıxarılmasına imkan vermirlər. Bununla bağlı Kürdəmir RPŞ-nə müraciət etmiş, mübahisənin mülki xarakterli olması ona izah olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və icarəsində olan, Kürdəmir rayonunun Sor-sor kəndində yerləşən 420 ha torpaq sahəsindən istifadəsinə edilən maneələrin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, İddiaçı icarəsində olan torpaq sahəsi onların torpaq sahələrinin qonşuluğunda yerləşir. Özlərinə məxsus mal-qaranı öz torpaqlarında otarırlar. Əvvəllər İddiaçı icarəsində olan torpaq sahəsindən istifadə etmədiyindən, qonşu otlaqlara buraxılan mal-qaranın onun icarəsində olan torpaq sahəsinə daxil olmaları halları olmuşdur. Hazırda bunların qarşısı alınmış, iddiaçının icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməsinə heç bir maneçilik yoxdur. Məhkəmə iclasında iştirak edən digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 ilə eyni məzmunda izahat verərək, iddiaçının icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməsinə heç bir maneçiliyin olmadığını bildirmişlər. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir . Belə ki, iş materiallarına əlavə olunmuş; - “Bakı şəhər sakini İddiaçı istifadəsinə (icarəyə) Dövlət fondu qış otlağından 420 ha torpaq sahəsi verilməsi və həmin ərazidə çoban evi, qoyun binələri, mal tövləsi və digər yardımçı tikililərin tikilməsinə icazə verilməsi barədə” Kürdəmir rayon İcra Hakimiyyəti başçının xx.xx.2013-cü il tarixli 50 saylı sərəncamı ilə rayonun inzibati ərazisindəki 16h nömrəli “At-Atası” adlanan qış otlaq sahəsindən 420 ha yer verilməsi, həmin ərazidə çoban evi, qoyun binələri, mal tövləsi və digər yardımçı tikililərin tikilməsinə icazə verilməsi qərara alınmışdır. - xx.xx.2013-cü il tarixdə Kürdəmir rayon İcra Hakimiyyəti başçı ilə İddiaçı arasında bağlanmış torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, Kürdəmir rayon İcra Hakimiyyəti başçının xx.xx.2013-cü il tarixli 50 saylı sərəncamına əsasən rayonun inzibati ərazisindəki 16h nömrəli “At-Atası” adlanan qış otlaq sahəsində 420 ha örüş torpaq sahəsi qoyunçuluğu inkişaf etdirmək üçün 99 il müddətinə İddiaçı icarəsinə verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsi tərəfindən tərtib edilmiş A № 437335 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində Kürdəmir rayon İcra Hakimiyyəti başçının xx.xx.2013-cü il tarixli 50 saylı sərəncamı ilə İddiaçı icarəsinə verilmiş qeyd edilən 420 ha torpaq sahəsi X5 kitabında xx.xx.2013-cü il tarixdə 740 nömrə ilə uçota alınmış, torpaq sahəsinin qonşu sərhədləri, əsas döngə nöqtələri, planı və digər parametrlərinin qeydiyyatı aparılmışdır. - xx.xx.2018-ci il qeydiyyat tarixi olan ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Kürdəmir rayonu inzibati ərazisində yerləşən 288.34 ha torpaq sahəsi 15 il müddətinə (xx.xx.2013-xx.xx.2028) İddiaçı adına yüklü edilmişdir. xx.xx.2018-ci il tarixdə DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 288.34 ha torpaq sahəsinin planı və ölçüsü sənədində 1:50000 miqyasda torpaq sahəsinin planı çəkilmiş, torpaq sahəsinin qonşu sərhədləri, əsas döngə nöqtələri, planı və digər parametrlərinin qeydiyyatı aparılmış və X5 kitabında qeydə alınmışdır. - xx.xx.2018-ci il qeydiyyat tarixi olan ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Kürdəmir rayonu inzibati ərazisində yerləşən 119.91 ha torpaq sahəsi 15 il müddətinə (xx.xx.2013-xx.xx.2028) İddiaçı adına yüklü edilmişdir. xx.xx.2018-ci il tarixdə DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 119.91 ha torpaq sahəsinin planı və ölçüsü sənədində 1:50000 miqyasda torpaq sahəsinin planı çəkilmiş, torpaq sahəsinin qonşu sərhədləri, əsas döngə nöqtələri, planı və digər parametrlərinin qeydiyyatı aparılmış və X5 kitabında qeydə alınmışdır. - Kürdəmir rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı S.N.Sadıqovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı İddiaçı məxsus 420 ha torpaq sahəsinə Sor-sor kənd sakinləri X3, Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus heyvanlarını salaraq otarıb ona maddi ziyan vurmaları, torpaq sahələrinin mühafizə xəndəklərini doldurmaları ilə bağlı aralarında olan mübahisə mülki xarakterli olduğuna görə, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Beləliklə, tərəflərin izahatları və işə əlavə edilmiş sənədlər əsasında müəyyən edildi ki, qoyunçuluğu inkişaf etdirmək üçün qanuni əsaslarla İddiaçı icarəsinə verilmiş rayonun inzibati ərazisindəki 16h nömrəli “At-Atası” adlanan 420 ha qış otlaq sahəsi Sor-sor kəndinə yaxın ərazidə yerləşdiyindən, həmin kəndin sakinləri X3, Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus heyvanlarını salaraq otarıb ona maddi ziyan vurmaları, torpaq sahələrinin mühafizə xəndəklərini doldurmaları və torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsinə yaratdıqları manelərə görə İddiaçı bununla bağlı müvafiq tədbir görülməsi üçün Kürdəmir rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, aparılmış araşdırma nəticəsində göstərilən hallar öz təsdiqini tapmasına baxmayaraq, mübahisə mülki xarakterli olduğuna görə, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 51-ci maddəsinin 1-ci hissəsinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 1-1. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
83. 1. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 2. Torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsindən imtina edilməsinə o şərtlə yol verilə bilər ki, belə imtina başqa şəxslərin hüquq və mənafelərinə toxunmasın və ətraf təbii mühitə zərər vurmasın. 1 0 1 . 1. Torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri ilə torpaqların keyfiyyətinin pisləşməsi nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilməlidir. Torpaq sahələri geri alınarkən qeyd olunan xərclərlə yanaşı, habelə torpaq mülkiyyətçisinin üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü xərci də ödənilməlidir. 2. Vurulmuş zərəri, o cümlədən əldən çıxmış gəliri, geri alınan torpaq sahələrini əldə etmiş hüquqi və fiziki şəxslər, habelə fəaliyyəti torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşmasına, yaxud yaxınlıqda yerləşən torpaqların keyfiyyətinin pisləşməsinə səbəb olan hüquqi və fiziki şəxslər bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilən qaydada ödəyirlər. 3. Zərərin ödənilməsi ilə əlaqədar mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır.
103. 1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. 3. Torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir. Hazırki işdə də, iddiaçının icarəsində olan torpaq sahəsi yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşdirildiyindən və dövlət qeydiyyatına alındığından, iddiaçının hüquqlarının müdafiəsi və toxunulmazlığı ilə bağlı həmin torpaq sahəsi üzərində dövlət təminatı mövcuddur. Məhkəmə qeyd edir ki, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı fiziki və ya hüquqi şəxslərə ayrılmış torpaq sahələrindən maneəsiz və təyinatı üzrə istifadə etmək üçün yarana biləcək hər bir maneə aradan qaldırılmalı, buna şərait yaradan şəxslər təqsirinin dərəcəsindən asılı olaraq cinayət, inzibati və mülki məsuliyyətə cəlb edilməlidir. İşin faktiki və mübahisə edilməyən hallarından məlum olur ki, cavabdehlər tərəfindən iddiaçının qanuni əsaslarla icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməsinə mane olan hərəkətləri-otlaq sahənin korlanması, mərz nişanlarının doldurulması, yem tədarükü üçün əkilmiş sahələrin otarılması və sair iddiaçının hüquqlarını pozmaqla yanaşı, ona maddi ziyan vurmaqla nəticələnmişdir. İşin göstərilən hallarına əsasən məhkəmə hesab edir ki, İddiaçı istifadəsində olan, Kürdəmir rayonunun So-sor kəndində yerləşən 420 ha torpaq sahəsindən müstəqil olaraq istifadə etməsi üçün maneələr aradan qaldırılmaqla, bu hissədə iddia təmin edilməlidir. İddianın 5100 manat məbləğində dəymiş ziyanın ödənilməsi hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, hər bir tələb onu təsdiq edən sübutla müəyyən edilir. İddiaçının göstərdiyi dəlillər ona maddi ziyan vurulmasını təkzib etməsə də, konkret olaraq tələb edilən məbləğin nədə ifadə olunması və həmin məbləğin məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində yaranmasını təsdiq edən heç bir sübut işə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki qanunvericilin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki iş üzrə tələb edilən zərərə görə cavabdehlərin təqsirliliyini təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı icarəsində olan, Kürdəmir rayonunun inzibati ərazisindəki 16h nömrəli “At-Atası” adlanan 420 ha qış otlaq sahəsindən, iddiaçıya məxsus yardımçı tikililərdən istifadəsinə edilən maneələrin aradan qaldırılması cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 üzərinə qoyulsun, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin olunsun. İddiaçı icarəsində olan, Kürdəmir rayonunun inzibati ərazisindəki 16h nömrəli “At- Atası” adlanan 420 ha qış otlaq sahəsindən, iddiaçıya məxsus yardımçı tikililərdən istifadəsinə edilən maneələrin aradan qaldırılması cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən X.X.İmanov