Məhkəmə qərarları › İş №2(041)-721/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-721/2025

26.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-721/2025 26.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2000 manat dərmanın pulu, yol xərcləri 500 manat və ödədiyi dövlət rüsumu 35 manat olmaqla cəmi 2535 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu Çölqubalı kəndində yaşayır. 11 sentyabr 2024-cü il tarixdə Kürdəmir rayonu mərkəzi bazarın qarşısında yerləşən Kamil adlı şəxsin baytarlıq aptekindən inəklərin gənələrini yumaq üçün dərman almaq üçün aptekə gəlmiş və Kamilin aptekində satıcı işləyən Taryel adlı şəxs ona şprisdə dərman çəkib verərək “apar inəkləri bu dərmanla yu, burax çölə demişdir”. Elə həmin gün axşam üstü həyətdə inəkləri dərmanla yuduqdan sonra 2 baş heyvanı ölmüşdür. Kamil adlı şəxslə əlaqə saxlayaraq heyvanları yuduqdan sonra 2 baş heyvanın öldüyünü demişdir. Nəticədə ona 2000 manat ziyan dəymişdir. O, dəymiş ziyanın məhkəmədən kənar həll olunmasını istəsə də, Kamil onunla razılaşmamış və o, Kürdəmir rayon Polis şöbəsinə müraciət etmiş, polis şöbəsində ona mülki qaydada məhkəməyə müraciət etməsi izah edilmiş, bundan sonra o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hadisə axşam saat 6-dan sonra ailə üzvlərinin yanında baş vermişdir. Belə ki, o, aptekdən dərman alarkən dərman 20 milliqram şprisə 15 milliqram doldurularaq ona verilmiş, aptekdə işləyən Taryel həmin dərmanı aparıb suya töküb heyvanları yuyub, çölə buraxmasını demişdir. O da aldığı həmin dərmanı evə gətirib suya qarışdıraraq 16 litrlik aparatla heyvanları yumuş, bir az sonra heyvanların bir-bir yıxıldığını görmüşdür. Yaşadığı kəndin baytar həkiminə müraciət etmiş, baytar həkim gələrkən artıq heyvanların ikisi ölmüşdür. O, ölmüş heyvanları 2 gün tövlədə saxlamış, daha sonra isə basdırmışlar. Digər heyvanları isə xilas etmək mümkün olmuşdur. Heyvanların yuyulmasına dair təlimatlarla tanış olmamış, dərmanı satanın məsləhəti ilə hərəkət etmişdir. Hesab edir ki, iddia tələbi əsaslıdır və Kamil ona dəymiş ziyanı ödəməlidir. Odur ki, ona dəymiş maddi ziyanın ödənilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, X6 İnstitunda baytarlıq üzrə ali təhsil almışdır. Hal-hazırda baytarlıq apteki işlədir. İddiaçının iddia etdiyi dərmanın adı “diazinon 60”-dır. 1 litri 60 manata satılır. İddiaçı onun aptekdə olmadığı zaman gələrək 2 manatlıq həmin dərmandan və 1 şpris alaraq getmişdir. Dərmanın təlimatında heyvanları çox isti və çox soyuq havada yumaq, xəstə, arıq, boğaz hevyanı çimizdirmək, qapalı şəraitdə yumağın qadağan edildiyi, əsasən baytar həkiminin nəzarəti altında, xususi ehtiyat və təhlükəsizlik qaydalarını gözləməklə, havanın sərin vaxtı, açıq havada və kölgəli yerdə sprey, çiləmə, çimizdırmə üsulu ilə tətbiq edilməsi göstərilmiş, lakin İddiaçı təlimatda göstərilənlərə əməl etməmiş,özü bildiyi kimi hərəkət etmişdir. Hesab edir ki, cavabdehin iddiası əsassızdır. Çünki neçə illərdir ki, həmin dərmandan çoxlu adamlar alaraq heyvanlarını gənə və digər parazitlərə qarşı istifadə etmiş,lakin heç bir şikayət daxil olmamışdır. Zaur Məhərəmovun heyvanlarının ölümünə səbəb dərmanın keyfiyyətsizliyi yox, təlimata uyğun olmadan düzgün istifadə edilməməsi olmuşdur. Məhkəmə iclasına mütəxəssis qismində dəvət olunmuş fərdi qaydada baytarlıq faəliyyəti göstərən baytar həkim X1 izahat verərək bildirdi ki, Gəncə şəhərində baytarlıq üzrə ali təhsil almışdır. 11 sentyabr, saat 5-6 radələrində Zaur ona telefonla zəng edərək, heyvanlarının zəhərləndiyini bildirmiş, o,da Zaurdan heyvanların nədən zəhərləndiyini soruşmuş, Zaur da baytarlıq aptekindən dərman aldığını və həmin dərmanlarla heyvanları yuduğunu, yuyub qurtardıqdan 10-15 dəqiqə sonra heyvanlarda müvazinətini itirməsini və heyvanların zəhərləndiyini demişdir. O da telefonda Zaura qara sabunla və təmiz soyuq suyla heyvanları yumasını, özünün isə qısa zamanda gələcəyini demiş və dərmanlarını götürüb 25 dəq sonra oraya çatmışdır. Zaurun həyətinə çatanda artıq heyvanların ikisinin öldüyünü görmüşdür. Digər heyvanlara zəhərlənməyə qarşı dərman vuraraq zəhərlənmənin qarşısını almışdır. Zaur ona heyvanlarının ölməsi ilə bağlı akt tərtib etməsini demiş, onun sözləri əsasında akt tərtib etmişlər. Aktda hansı aptekdən, kimin aptekindən dərmanın aldınğı göstərilməmişdir. Heyvanların ölüm səbəbi çimizdirəndən sonra olmuşdur. Heyvanalrın ölüm səbəbini dəqiq bilinmir. Zaurun istifadə olunan dərman heyvanlarda gənə əleyhinə dərman kimi istifadə olunur və həmin dərmanla heyvanlar xüsusi baytarın nəzarəti altındada yuyulmalıdır. Buna baxmayraq vətəndaşların çoxu təlimata əməl etməyərək heyvanları özləri yuyurlar. Təlimata görə iri buynuzlu heyvanlar üçün (inək, camış) 10 litr suya 10 milliqram, xırda buynuzlu heyvanlar üçün (qoyun) 10 litr suya 5 milliqram dərman qarışdırmaqla istifadə olunmalı,həmin dərmanla heyvanların yuyulması havanın sərin vaxtlarında həyata keçirilməlidir. Dərmandan artıq dozada istifadə olunarsa, dərmanın tərkibində başqa tərkibli dərman olarsa, dərman qabı zəhərli olarsa, yuyulduqdan sonra günəşin altında saxlanarsa hava ilə buxarlanma ola bilər, dərman tərkibini dəyişə bilər və heyvan zəhərlənə bilər. Yuxarıda göstərdikləri birbaşa təlimatda göstərilsə də təəsüf ki, vətəndaşların çoxusu təlimata uyğun hərəkət etmədikləri üçün heyvanların zəhərlənməsinə səbəb olur. Belə ki, elə vətəndaşlar var ki, 10 milliqram əvəzinə, bilməyərək 20 milliqram dərman istifadə edirlər. Özü də baytar həkim olaraq heyvanlarını “diazinon 60”la yuyur. Hal-hazırda baytar apteklərində satılan ən yaxşı dərman “diazinon 60”-dır. Məhkəmə iclasına mütəxəssis qismində dəvət edilmiş X5 izahat verərək bildirdi ki, Kürdəmir Rayon Heyvan sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsində özəl baytarlıqla iş şöbəsinin müdiri vəzifəsində çalışır. 1993-cü ildə Ağdam rayonu işğal olunandan sonra Kürdəmir rayonunda məşkunlaşmışdır. X6 İnstitunda baytarlıq üzrə ali təhsil almışdır. Sözü gedən “diazinon 60” dərmanı heyvanlarda gənə əleyhinə dərmandır. Müəyyən vaksinasiyadan, tədbirlərdən sonra heyvanlarda ölüm halı baş verir. Vaksinasiya və ya müəyyən tədbirlərdən sonra heyvanlarda ağırlaşmaların nisbəti 3 faiz təşkil edir. Çox zaman heyvanlar bu dərmanla yuyulandan sonra heyvanların ölüm səbəbinə dərmanın tərkibi, istifadə qaydaları, suyun miqdarı, hava şəraiti, heyvanın hansı şəraitdə yuyulması daxildir. Qapalı şəraitdə heyvan yuyularsa, bədənin temperaturunda o dəqiqə buxarlanır və heyvan tənəffüs edərkən ağ ciyərindən keçərək zəhərlənmə baş verir. Ona görə də, bu dərmanların istifadə qaydalarına əməl edilməklə heyvanları təlimatda göstərilən şəraitdə yuyulmalı və dərmana hansı nisbətdə su qatılmasına riayyət edilməlidir. Belə ki, iri buynuzlu heyvanlar üçün (mal, inək, camış) 1/1000 nisbətində, yəni 1 ton suya 1 litr dərman, xırda buynuzlu heyvanlarda (qoyun) 1/2500 nisbəti, yəni 1 litr dərman 2 ton 500 litr suya qatılmalıdır. Dərmandan istifadə şəraitdən asılı olaraq dəyişə bilir. Heyvanlar qapalı şəraitdə yuyularsa, buxarlanma əmələ gəlir və heyvanlarda zəhərlənmə baş verir. Əgər dərman suya düzgün dozada qatılmasa zəhərlənmə baş verməldir. Əgər heyvan birinci dəfə yuyulursa, dərmanı daha az istifadə etmək lazımdır. Həmin dərman adətən heyvanlara isti vaxtlarda gənələrə, gəmiricilərə qarşı istifadə olunur. Heyvanlar qışda o qədər də çimizdirilmir. Havanın isti vaxtında yuyulanda dəridə məsamələr tam açıq olur, daha çox sovrula bilir. Bu da zəhərlənmə yarada bilir. Dərmanların istifadəsində şərtlər müxtəlidir. Hesab edir ki, hazırki iddia üzrə hansısa şərtə əməl edilmədiyi üçün zəhərlənmə baş vermişdir. Əslində xəstə, arıq, boğaz heyvanlar yuyulmamalıdır. Zaur heyvanları yumaq üçün istifadə etdiyi dərman xüsusi baytarın nəzarəti altında yuyulmalı idi. Məhkəmə proses iştirakçılarını, mütəxəssislərin fikirlərini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon Çöl-Qubalı kənd sakini İddiaçı məxsus təsərrüfatda tərtib olunmuş aktdan görünür ki, vətəndaş özünə məxsus heyvanları çimizdirmə dərmanı olan “neasidol” la yumuş, çimizdirmə zamanı vətəndaş 10 litr suya 10 milliqram “neasidol” qatmışdır. Çimizdirmədən 10-15 dəqiqə sonra heyvanlarda zəhərlənmə əlamətləri baş vermişdir. Heyvanlardan 2 baş iribuynuzlu heyvan zəhərlənərək ölmüşdür. Ölən heyvanların 1 başı boğaz inək düyəsi, 1 baş inək isə erkək dana olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli 85 nömrəli Kürdəmir rayon İHBnın Ərəbqubalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Kürdəmir rayon Ərəbqubalı kəndi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı hal-hazırda Kürdəmir rayon Ərəbqubalı kənd İnzibati Ərazi Dairə üzrə Nümayəndəlikdə qeydiyyatda olmaqla, Çöl-Qubalı kəndində yaşayır, 11 sentyabr 2024-cü il tarixli Özəl baytar həkimi X1, kənd sakini X2, təsərrüfat sahibi İddiaçı iştirakı ilə tərtib edilən akta əsasən, eyni zamanda İddiaçı verdiyi məlumata əsasən onun 2 baş iribuynuzlu mal-qarası həmin tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli 02/2025 nömrəli "xxxx" MMC-nin sərdi Elşən Mahmudov tərəfindən verilmiş arayışdan görünür ki, bazar qiyməti ilə hazırda bir baş boğaz 3 yaşlı inək 1300 manat, bir baş erkək 1 illik dana 1000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir rayon Polis şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-xx-xx/1897 nömrəli məktubdan və ona əlavə edilmiş Kürdəmir RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru X4 xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixli müraciəti əsasında toplanmış material üzrə Kürdəmir rayon Polis Şöbəsinin TB-də araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarın surəti ona göndərilməklə, ona Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 212-ci maddəsinin tələblərinə əsasən həmin qərardan ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Kürdəmir rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin xx.xx.2024cü il tarixli “Diazinon-60 EC” Baytarlıq Preparatlarının istifadə üzrə təlimatda göstərilir ki, plastik qabda, yararlılıq müddəti 36 ay olmaqla, xarici görünüşcə sarı rəngdən sarı-qəhvəyi rəngə qədər çalarlı, spesifik kəskin iyli mayedir. Təsiredici maddənin əsas fiziki-kimyəvi xassələri və farmakoloji xüsusiyyətləri: Diazinon fosfor üzvi insektisid maddədir. Onun kimyəvi adı Diazinon (İSO) + O.O-Diethyl)- 0-4-methl-6-(propan-2-yl) pyrimidin-2-yl phosporothioate-dir. Molekul düsturu C12H21N2PS. Molekul kütləsi 304,35 q mol-1 zəhərli maddələr qrupuna aiddir. O, parazit orqanizmində asetilxolinesteraz enzimini inhibisiya etməklə onların iflicinə və məhvinə səbəb olur. Diazinon iri və xırda buynuzlu heyvanların, atların və keçilərin dəri parazitlərinə qarşı geniş spektrli insektisid təsirə malik antiparazitar preparatdır. Diazinon sistem insektisidi deyil o, kontakt insektisidi olmaqla, mədə-bağırsaq və tənəffüs yolları ilə də təsir göstərir. Diazinon qotur və iksod gənələrinə, bit, birə və sair ektoparazitlərə qarşı fəaldır. İstifadə və dozalaşdırma qaydaları: Preparat Baytar həkiminin nəzarəti altında, xüsusi ehtiyat və təhlükəsizlik qaydalarını gözləməklə, havanın sərin vaxtı, açıq havada və kölgəli yerdə sprey, çiləmə, çimizdirmə üsulu ilə, aşağıdakı qaydalara uyğun tətbiq edilir: İri buynuzlu heyvanlar, qoyun, keçi və donuzlarda sprey və çiləmə üsulu ilə xaricə tətbiq üçün preparat 1:1000 nisbətində suya qarışdırılaraq istifadə olunur. Ev heyvanlarında sprey üsulu ilə işləmək üçün preparat 1:25 nisbətində suya qarışdırılaraq istifadə olunur. Çimizdirmə üsulu ilə (qoyun, keçi) tətbiq etmək üçün preparat 1:2400 nisbətində suya qarışdırılaraq tətbiq edilir. İşləmə gənələrə qarşı 7-10 gündən, bitlərə qarşı isə 2-3 həftədən sonra təkrar edilə bilər. Xüsusi xəbərdarlıqlar: Təlimata əsasən hazırlanmış preparatla heyvanın baş hissəsini və qulaqlarını gözləməklə 1 dəqiqə ərzində bütün tük örtüyü çimizdirilir. Qan-parazitar xəstəliklərin müalicəsi və profilaktikası məqsədilə heyvanların çimizdirilməsi yazın əvvəlində aparılır. Yoluxma intensivliyi yüksək olan ərazilərdə 6 həftədən sonra heyvanlar təkrar çimizdirilir. Boğaz heyvanların çimizdirilməsı qadağandır. Heyvanlar yem qəbulundan dərhal sonra çimizdirilmənin aparılması qadağandır. Çox isti və soyuq havada çimizdirilmə qadağandır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan şəxsin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti, incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırki iş üzrə iddiaçı tərəfindən müvafiq sübutlar məhkəməyə təqdim olunmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı dərmanın istifadəsi nəticəsində iki heyvanının öldüyünü iddia edir və bu səbəbdən zərərin ödənilməsini tələb edir. Cavabdeh isə dərmanın keyfiyyətli olduğunu və dərmandan təlimata uyğun istifadə qaydalarına riayət edilmədiyi üçün heyvanların öldüyünü bildirir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehə məxsus aptekdən aldığı dərmanını təsiri nəticəsində heyvanlarının ölməsi və ona 2000 manat zərər dəyməsi, zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması barədə iddiasını əsaslandıra bilməmişdir. Halbuki, sübutetmə bir başa onun vəzifəsidir. İş üzrə məhkəmə iclasında aparılan araşdırmalar göstərir ki, iddiaçı dərmanın istifadəsi ilə bağlı müvafiq təlimatlara əməl etməyib (baytar həkiminin nəzarəti altında, xüsusi ehtiyat və təhlükəsizlik qaydalarını gözləməklə, boğaz heyvanların çimizdirilməməsi də digər) bu da onun iddiasının əsassız olduğunu sübut edir. Həmçinin heyvanların baytar həkimin nəzarəti altında olmaması və onunla bağlı təhlükəsizlik tədbirlərinə riayət edilməməsi iddiaçının məsuliyyətini artırır və onun iddiasının təmin edilməsinin qarşısını alır. Həmçinin məhkəmə onu da qeyd edir ki, əsas iddianın əsassız olması səbəbindən, əlavə iddia- yol xərci ilə bağlı 500 manat pul tələbi ilə bağlı da iddia təmin edilə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X3 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia tələbi rədd edildiyindən mediasiya xərci və sənədlərin hazırlanmasına çəkilən xərcin cavabdehdən tutulması hissəsində də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar