Məhkəmə qərarları › İş №2(041)-732/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-732/2023

27.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-732/2023 27.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-591/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılması və xx.xx.2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat məbləğində aliment və 150 manat məbləğində mülaicə xərci alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələblərini əsaslandıraraq izahatında göstərdi ki, Cavabdehlə nikahlarını 2020-ci il tarixdə qeyd etdirməklə ailə həyatı qurub. Rəsmi nikahlarından xx.xx.2021-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Əvvəllər ailə münasibətləri yaxı olsa da sonra da münasibətləri cavabdehin üzündən pozulmuşdur. Cavabdeh uşağına maddi yardım etmədiyi üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(041)-591/2022 saylı qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat tutularaq ona ödənilməsi qət olunmuşdur. Hazırda 120 manat aliment uşağın tələbatı üçün kifayət etmir. Uşağın tələbatlarını ödəyə bilmir, cavabdeh isə ona əlavə olaraq heç bir yardım göstərmir. Həmçinin uşağı anadan gəlmə qüsurludur. Hər ay onun müalicəsi üçün müəyyən qədər xərc tələb olunur. Cavabdeh isə ona heç bir yardım etmir. Ona görə də hesab edir ki, təyin olunmuş alimentin miqdarı artırılmalıdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qəbul etməyərək göstərdi ki, iddiaçı ilə 2020-ci ildə ailə həyatı quraraq rəsmi nikah daxil olmuşlar. Onların birgə nikahlarından xx.xx.2021-ci il tarixdə Sevgi adlı uşaqları anadan olmuşdur. Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-591/2022 saylı qətnaməsinə əsasən hər ay bir uşağa görə sabit pul məbləğində 120 manat aliment tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. Hazırda heç bir yerdə işləmir. Aylıq sabit gəlirə malik deyil. Əldə etdiyi gəlir hesabına həm ailəsini dolandırır, həmçinin məhkəmə tərəfindən təyin olunmuş alimenti ödəyir. Alimentin miqdarı artırılacağı təqdirdə onsuz da pis olan ailə vəziyyəti daha da çətinləşəcək. Cavabdeh məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş; - Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-cu il tarixli 2(041)-591/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 120 manat aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.20221-ci il tarixdə anadan olub. -işdə olan Kürdəmir rayon Mərkəzi xəstəxanası Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 861 nömrəli arayışdan görünür ki, X6 həkim pdeiatr müayinəsindən keçmiş və xəstə olduğu müəyyən edilmişdir. İşdə olan Mərkəzi Gömrük hospitalı tərəfindən verilmiş arayışın surətindən görünür ki, Sevgi Abdullayeva nervipataloqun qəbulunda olmuş və onda əllərində əsmə, diksinmələr, akrisianoz, yuxarı pozğunluğu müşahidə olunur.Akrasionar olduğundan ürəyin E.X.O məsləhət görülmüşdür. İşdə olan sənədlərdən və iddia tələbindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2014-cu il tarixdə Sevgi adlı bir uşaqları anadan olmuş, sonradan ailə münasibətləri pozulduğu üçün hazırda ayrı yaşayırlar. Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-591/2022 saylı qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 120 manat aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuş, iddiaçı təyin olunan alimentlə hazirki dövrdə uşağı saxlamaq və onun ən sadə təlabatlarını ödəməyin mümkün olmadığını, cavabdehin alimentdən əlavə uşağının saxlanılması üçün ona heç bir yardım etmədiyini, uşağın xəstə olduğunu, daimi müşlicəyə ehtiyacının olduğunu əsas götürərək, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh hər ay sabit pul məbləği ilə 220 manat miqdarında alimentin və 150 manat miqdarında müalicə xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh isə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti çətinliklə ödədiyini, aylıq sabit gəlirə malik olmadığını nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Hazırki iş üzrə müəyyən edilən hallardan məlum olur ki, iddiaçı alimentin miqdarının artırılmasını cavabdehin yüksək gəlirə malik olması ilə əsaslandırdığı halda, bununla bağlı hər hansı sübutunu işə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf isə iddianın əsassız olmasını məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti çətinliklə ödədiyi, aylıq sabit gəlirə malik olmamasını, ikinci dəfə ailə həyatı qurmasını, həmin nikahdan iki uşağının olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən: 1) Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir; 2) Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, hər iki tərəfin dəlilləri, maddi və ailə vəziyyəti, uşaqların əvvəlki təminatının səviyyəsi və diqqətəlayiq digər hallar nəzərə alınmaqla, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-591/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı qismən artırılmalı və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Sevgi adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləği ilə 180 (bir yüz səksən) manat miqdarında aliment və uşağın müalicəsi üçün hər 50 (əlli) manat müalicə xərci alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)- 591/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı qismən artırılmalı və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Sevgi adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləği ilə 180 (bir yüz səksən) manat miqdarında aliment və uşağın müalicəsi üçün hər 50 (əlli) manat müalicə xərci alınaraq İddiaçı ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-591/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Sevgi adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə sabit pul məbləği ilə 180 (bir yüz səksən) manat miqdarında aliment və uşağın müalicəsi üçün hər ay 50 (əlli) manat müalicə xərci alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV Çıxarış: AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir şəhəri iş №2(041)-780/2023 xx.xx.2023 X16 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi X3 Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X2 Cavabdeh X9 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cu il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-1234/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh X8 hər ay sabit pul məbləği ilə 200 (iki yüz) manat miqdarında aliment tutularaq X5 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar