Məhkəmə qərarları › İş №2(041)-739/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-739/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-739/2023 22.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2 faiz olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3900 manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 387.71 manat ödəniş etmiş və onun iddiaçıya 3512.29 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 341.96 gün üçün hesablanmış faiz borcu 341.96 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 126 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 88,51 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Ona görə də Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3512,29 manat məbləğində kredit borcu, 341.96 manat məbləğində faiz borcu və 88,51 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3942 manat məbləğində borcun və ödənilmiş 59.43 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı QSC-nə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı QSC -nin nümayəndəsi Nicat Ələkbərov məhkəməyə ərizə göndərib işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etimişdir. Məhkəmə İddiaçı QSC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2022-cu il tarixdə bağlanmış 002A********** nömrəli kredit müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən cavabdehə 12 ay müddətinə aylıq 2 faiz ödəmək şərtilə 3900 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 002A********** nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn bütün öhdəliklərin tam həcmdə icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 0815 nömrəli arayışından görünür ki, X1 xx.xx.2019-cu il tarixli, 017A********** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas məbləğ üzrə borcu 2371,62 manat, faiz üzrə borcu 323,16 manat, cərimə borcu 550,59 manat, cərimə hesablanmış gunlərin sayı 252 gün olmaqla cəmi borcu 3245,37 manat təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC tərəfindən Cavabdeh1 və Cavabdeh2 göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdlardan görünür ki, onlara banka olan kredit borcunu ödəmələri barədə xəbərdarlıq edilmişdir. Məhkəmə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 "xxxx" QSC ilə xx.xx.2022-ci il tarixli, 002A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2 faiz olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3900 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələblərini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 387,71 manat ödəniş etmiş və onun iddiaçıya 3512,29 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gjün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. O, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 126 gün üçün hazırlanmış faiz borcu 341,96 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qallığının 0,1 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2023cü il tarixə 126 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 88.51 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilməmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Məhkəmə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 002A********** nömrəli kredit müqaviləsi ləğv edilməli və Cavabdeh1 və Cavabdeh2 3512,29 manat əsas, 341,96 manat faiz, 88,51 manat cərimə olmaqla, cəmi 3942.76 manat məbləğində borcu və ödənilmiş 59,43 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" QSC-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin.

1. İddiaçı "xxxx" QSC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 002A********** nömrəli kredit müqaviləsi ləğv edilsin.

2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3512,29 manat əsas, 341,96 manat faiz, 88,51 manat cərimə olmaqla, cəmi 3942.76 manat məbləğində borcu və ödənilmiş 59,43 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" QSC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar