Məhkəmə qərarları › İş №2(041)-753/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-753/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-753/2025 07.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh borclu qaldığı 4000 manat məbləğində pulun və 60 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, azyaşlı oğlu ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Oğlunun və özünün maddi təminatını ödəmək məqsədi ilə müxtəlif firmalardan aldığı müxtəlif çeşidli malları alaraq üstünə az miqdarda əlavə faiz qoyaraq səyyar qaydada satıb əldə etdiyi qazancla ailəsinin təminatını ödəyir. Kürdəmir rayonunun Atakişili kəndində yaşayan Cavabdeh bir neçə ildir ki, ondan aralarında olan şifahi razılaşma, yəni nisyə alqı-satqı müqaviləsinə əsasən müxtəlif çeşiddə mallar, 2 dəst qazan dəstləri, 4 dəst süfrə və pastel dəstləri, ətirlər, 72 predmetdən ibarət çəngəl-bıçaq dəstləri almışdır. Bunlardan başqa mərhum atasının əməliyyatına vermək üçün özünə məxsus brilyant qaşlı sırğa, iki cüt İtalyan qızılından olan sırğalarını, qolbaq və 1 ədəd brilyant qaşlı ağ qızıldan olan alyans üzükdən ibarət qızıllarını da cavabdehə satmışdır. Cavabdeh ondan aldığı malların və qızılların satışından borclu qaldığı 10.000 manatdan 6.000 manatını ödəyəndən sonra qalan 4.000 manatını bu günə kimi ödəməmişdir. Cavabdehdən aralarında olan nisyə alqı-satqı müqaviləsinə əsasən borclu qaldığı 4.000 manat pulu dəfələrlə ondan tələb etməsinə baxmayaraq vermədiyinə görə 2024-cü ilin dekabr ayında şikayət ərizəsi ilə Kürdəmir RPŞ-nə müraciət etmişdir. Kürdəmir RPŞ-də onun şikayəti üzrə araşdırma aparılarkən Cavabdeh həqiqətən də aralarında olan şifahi nisyə alqı-satqı müqaviləsinə əsasən hazırda 4.000 manat məbləğində borcunun olduğunu etiraf etmiş və bu etirafı polis şöbəsində verdiyi izahatında da qeyd etmiş və həmin borcu yaxın vaxt ərzində ödəyəcəyini bildirmişdir. Bundan sonra polis şöbəsində tələbin mülki xarakterli olmasını bildirib ona məhkəməyə müraciət etməsini izah edib bu barədə məktub vermişlər. Kürdəmir RPŞ-də şikayət ərizəsinə əsasən aparılmış araşdırma ilə bağlı sənədlərin ona verilməsini istədikdə onlar həmin sənədlərin məhkəmənin sorğusuna əsasən məhkəməyə göndərəcəklərini bildirmişlər. Lakin cavabdeh Kürdəmir RPŞ-də verdiyi izahatında ona 4.000 manat borcunun olmasını etiraf edib yaxın vaxt ərzində ödəyəcəyini bildirsə də, verdiyi sözə əməl etməyərək borclu olduğu pulu qaytarmaqdan imtina etmişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı Kürdəmir rayon Polis Şöbəsinə etdiyi müraciətlə bağlı iddiaçıya göstərdiyi xüsusatlar mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti əsasında Kürdəmir RPŞ-də araşdırılmış materialın təsdiq edilmiş surətlərindən görünür ki, iş üzrə Cavabdeh Kürdəmir RPŞ-də verdiyi izahatında bildirmişdir ki, İddiaçı onun barəsində verdiyi ərizə ilə tanış olmuşdur və heç bir iradı yoxdur. Onunla tanışlığı uzun müddətdir ki, davam edir, münasibətlərinin səbəbi Şölənin ticarətlə məşğul olması və onunla nisyə alveri ilə bağlıdır. Hal-hazırda ona 4000 manat borcu qalmışdır. Yaxın zamanda qaytaracağına söz verir. İşin halları odur ki, iddiaçı cavabdehə 10000 manat dəyərində cehiz və qızıl-zinət əşyaları satdığını, cavabdehin ona borcunun 6000 manatını qaytarsa da, hazırda 4000 manat borcu olduğunu bildirir. İddiaçı sübut qismində cavabdehin Kürdəmir RPŞ-də verdiyi izahatına istinad edir. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və ödənişlə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi Kürdəmir RPŞ-də aparılmış materiallarda cavabdeh izahatında iddiaçıya 4000 manat pul borcunun qaldığını etiraf etmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh iddiaçıya 4000 manat pul borclu olduğunu etiraf etmişdir, həmin pulun qaytarılmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya ondan götürdüyü cehiz və qızıl-zinət əşyalarının dəyərini ödəməmiş, onun pulunu da geri qaytarmamaqla əsassız olaraq varlanmış və cavabdehin iddiaçıya 4000 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 60 (altmış) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 60 (altmış) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar