Məhkəmə qərarları › İş №2(041)-754/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-754/2025

10.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-754/2025 10.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aparılan qanunsuz tikili nəticəsində ona məxsus qeyri-yaşayış binası olan “Yeni Motel”-ə dəymiş ziyana görə 40842.80 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı məxsus Kürdəmir şəhəri, H.Əliyev pr, 41 A ünvanda yerləşən "Yeni Motel" adlı moteli yerləşir. O, uzun müddətdir ki, biznes işləri ilə əlaqədar olaraq RF-da yaşayır. İddiaçı 2021-ci ilin mart ayında Rusiya Federasiyasından qayıtdıqdan sonra Cavabdeh1 Kürdəmir şəhəri, Xəqani küçəsi ev 5-də yaşayan Taleh adlı şəxsin evini və həyətini oğlu Orxan üçün aldığını, həmin evi alandan sonra oğlunun adına rəsmilədirdiyini bilmişdir. Sözügedən ünvanda yerləşən həmin evin və evin ətrafına çəkilmiş hasar 2020-ci ildə cavabdehlər tərəfindən tikinti normalarına uyğun şəkildə deyil, yəni iddiaçının hotelinə bitişik tikildiyindən "Yeni Motel"-ə zərər yetirmişdir. Cavabdeh tikinti işləri apararkən tikinti qaydalarına əməl etməmişdir, belə ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən Kürdəmir şəhəri, H.Əliyev pr, 41 A ünvanında yerləşən qeyri-yaşayış binası olan "Yeni Motel" motelinə dəymiş ziyanın dəyərinin müəyyən edilməsi barədə olan hesabatdan görünür ki, qeyri-yaşayış sahəsinə baxış zamanı divarların və tavanın bəzi hissələrində çatlar aşkar olunmuşdur. Belə ki, divarların müxtəlif hissələrində uzunluğu 2,50 metr, 2,10 metr, 2,80 metr, 1,50 metr, 1,10 metr, eni 0,5 sm, 1 sm, 1,5 sm olan çatlar var. Qeyri-yaşayış sahəsinin tavan və döşəmə hissəsində uzunluğu 2,20 metr, 2,40 metr, eni 1 sm, 1,5 sm olan çatlar var. Döşəmənin bəzi hissələri deformasiyaya uğrayıb bünövrədə çatlar vardır. "Yeni Motel"-in uçulub dağılması, yeni inşa olunan fərdi yaşayış evi və onun ətrafına çəkilmiş daş hasar səbəbindəndir. Hesabatda bünövrəyə çəkilən xərc və zəhmət haqqı: 1.Bünövrənin uzunluğu-60 metr, 2. Bünövrənin eni - 0,40 metr, 3.Bünövrənin dərinliyi - 0,60 metr, 4. Bünövrənin armaturu (18-lik) 528 metr x 2 manat=1056 manat, 5.yanmış məftil 10 kq x 2 manat 20 manat, 6.Xamut (0,40 x 0,60) 350 ədəd x 0,55 manat 192,5 manat, 7.Beton 16 m³ x 85 manat 1360 manat, 8.Şeben 3 m³ x 20 manat 60 manat, 9.İzolyasiya tol 5 ədəd x 21 manat = 105 manat, 10.Zəhmət haqqı (qazılması, armaturun toxunması, beton tökülməsi) 64 metr x 15 manat 960 manat, Divarların hörülməsinə çəkiləcək xərc və zəhmət haqqı: 1.Mişar daşı 3500 ədəd x 0,55 manat = 1925 manat, 2.Qum 1 kamaz = 200 manat, 3.Sement 60 ədəd x 7,40 manat = 444 manat, 4.Zəhmət haqqı 198 m² x 7 manat 1386 manat, 5.Kərpic (30-luq) 3400 ədəd x 0,50 manat 1700 manat, 6.Qum 1 kamaz = 200 manat, 7.Sement 60 ədəd x 7,40 manat = 444 manat, 8.Kərpic (13-lük arakəsmə) 1944 ədəd x 0,40 manat = 777,6 manat, 9.Zəhmət haqqı (kərpicin hörülməsi) - 780 manat, 10.Kəmər 66 metr, 11. Armatur 396 metr x 1,20 manat = 475,2 manat, 12.Xamut 330 ədəd x 0,35 manat = 115,5 manat, 13.Məftil 10 kq x 2 manat 20 manat, 14.Zəhmət haqqı 66 metr x 12 manat = 792 manat, Mərtəbə arası beton monolit: 1.Armatur 2000 metr x 1,40 manat 2800 manat, 2.Beton 14 m² x 85 manat 1190 manat, 3.Zəhmət haqqı - 1000 manat, Dam örtüyünə çəkiləcək xəre və zəhmət haqqı: 1.Taxta 5 m³ x 440 manat = 2200 manat, 2.Şifer-1400 manat, 3.Zəhmət haqqı - 1600 manat, 4.Mismar-120 manat, Divarların suvağı: 1.Suvaq zəhmət haqqı 396 m² x 5 manat = 1980 manat, 2.Qum 3 kamaz x 200 manat = 600 manat, 3.Sement 100 ədəd x 7,20 manat = 720 manat, Divarların alçılanmasına və boyalanmasına çəkiləcək xəre və zəhmət haqqı: 1.Alçı (astar üz) 60 kisə x 6 manat =360 manat, 2.Zəhmət haqqı (alçı emulsiya)-2500 manat, 3. Emulsiya 7 vedrə x 60 manat = 420 manat, 4.Materiallar (köşə, rolik, vanna) -150 manat, İşıq sistemində çəkiləcək xərc və zəhmət haqqı: 1. Tikinti elektrik materialları (şnur,korobka, razetka)-900 manat, 2.Zəhmət haqqı-600 manat, Döşəmə və tavan hissəsində çəkilmiş xərc və zəhmət haqqı: 1.Taxta 6m ^ 3 * 440 manat 2400 manat, 2.Metlax 60m ^ 2 * 12 manat 720 manat, 3.Zəhmət haqqı (taxta) - 1200 manat, 4.Zəhmət haqqı (metlax) - 600 manat, 5.Lak-300 manat, 1.Qapı 1, 92m * 0 ,65 m, 2.Pəncərə 1, 14m * 0.54m, 5 ədəd x 350 manat 1750 manat, 1.Pəncərə ( 1 ,09*1,20) 2 ədəd-250 manat, 2. Pəncərə ( 1 ,19*0,59) 1 ədəd 180 manat, 3.Qapı ( 0 ,76*1,12) 3 ədəd x 130 manat 390 manat, Əlavə xərclər (materialın daşınması, yüklənməsi, boşaldılması və s.) 1500 manat. Aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, cavabdehlər tərəfindən Kürdəmir şəhəri, H.Əliyev pr, 41 A ünvanında yerləşən qeyri-yaşayış binasına dəymiş ziyanın dəyəri 40 842,80(qırx min səkkiz yüz qırx iki man, 80 qəpik) təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verərək, vəkillə ilə razı olduğunu və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia qaldırmışdır. Belə ki, uzun müddətdir ki, bu məhkəmə çəkişməsi davam edir. İddiaçı bundan əvvəl də Kürdəmir Rayon Məhkəməsinə iddia ərizə ilə müraciət edərək guya onlar tərəfindən ona ziyan vurulduğunu göstəmişdir. Halbuki, belə bir hal baş verməyib. Onlar mübahisəli evin torpaq sahəsini 2019-cu ildə alqı-satqı müqaviləsi əsasında almışlar. Bundan sonra icra hakimiyyətinə müraciət edərək evin layihə sənədlərini onlara təqdim etmişlər. İcra hakimiyyəti tərəfindən araşdırma aparıldıqdan sonra tikinti normalarına və şəhərsalma qaydalarına tam riayət olunduğu üçün tikintiyə icazə verilmişdir. Bundan sonra onlar həmin ərazidə tikinti işləri aparmağa başlamışlar. Tikinti işləri aparılarkən tikinti dayandırılması barədə heç kimi bir söz deməmişdir. İddiaçı 2022-ci ildə eyni tələblə bağlı məhkəməyə müraciət etmiş, bir neçə məhkəmə prosesi olduqdan sonra mülki işin dəqiq və obyektiv aparılması məqsədilə hakim tərəfindən məhkəmə-tikinti texniki ekspertizası təyin edilmişdir. Ekspertizanın xx.xx.2023-cü il tarixli rəyinə əsasən onların inşa etdiyi ev tam tikinti və şəhərsalma qaydalarına əməl olunmaqla inşa edildiyi, ara məsafəsinin tam uyğun olması müəyyən edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-10/2024 saylı qərardadı ilə iddiaçı məhkəmə iclasına gəlmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Lakin buna baxmayaraq iddiaçı yenidən heç bir əsas olmadan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələblərinin heç bir əsası olmadığı üçün rədd olunmalıdır. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, vəkili ilə razıdır. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Kürdəmir RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X4 icraatında olan HK-1/460 nömrəli “cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar”dan görünür ki, xx.xx.2022-ci il tarixdə Kürdəmir şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 36-da yaşayan İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xisməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Kürdəmir şəhəri, H.Əliyev prospekti, 41A ünvanında ümumi sahəsi 427.2 m2, 0.02488 ha sahəsi olan 2 mərtəbəli qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir. xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xx.xx.2015-ci il tarixli 083967 nömrəli Lisenziyadan görünür ki, Kürdəmir şəhəri, H.Əliyev prospekti, 41A ünvanında “Yeni Motel” mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətini həyata keçirmək üçün 5 il müddətinə İddiaçı icazə verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 48 nömrəli Kürdəmir şəhəri, H.Əliyev prospekti 41A ünvanında yerləşən qeyri-yaşayış binasına dəymiş ziyanın dəyərinin müəyyən edilməsi barədə hesabatdan görünür ki, qeyd olunan qeyriyaşayış sahəsinə baxış zamanı divarların və tavanın bəzi hissələrində çatlar aşkar olunmuşdur. Belə ki, divarların müxtəlif hissələrində uzunluğu 2.50 metr, 2.10 metr, 2.80 metr, 1.50 metr, 1.10 metr, eni 0.5 sm, 1 sm, 1.5 sm olan çatlar vardır. Qeyri yaşayış sahəsinin tavan və döşəmə hissəsində uzunluğu 2.20 metr, 2.40 metr, eni 1 sm, 1.5 sm olan çatlar vardır. Döşəmənin bəzi hissələri deformasiyaya uğrayıb, bünövrədə çatlar var. Qiymətləndirmə zamanı Kürdəmir şəhəri, H.Əliyev prospekti 41A ünvanında yerləşən qeyriyaşayış binasına dəymiş ziyanın dəyəri 40842.80 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ərazi İdarəsi Texniki Pasportundan görünür ki, Kürdəmir şəhəri H.Əliyev prospekti, 41A ünvanında İaşə obyekti İddiaçı adına **********23-06301 reyestr nömrəsi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Kürdəmir şəhəri, Xaqani küçəsi, ev 5 (ünvan 5 ünvanında 0.0923 ha torpaq sahəsinin xüsusi mülkiyyətçisi Cavabdeh2dur. xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/1853 nömrəli ekspert rəyindən görünür ki, Kürdəmir şəhəri, Xəqani küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evinin arxa divarında iddiaçıya məxsus tikilinin divarı arasındakı məsafənin 3 metrdən çox olduğunu nəzərə alaraq Kürdəmir şəhəri, Xəqani küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evinin inşası zamanı (mülkiyyətçi Cavabdeh2) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 13-cü fəslində göstərilən tələblərə, o cümlədən şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrinə uyğun inşa edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan şəxsin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti, incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırki iş üzrə iddiaçı tərəfindən müvafiq sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu mənada konkret şəxsin, o cümlədən cavabdehin sözügedən hüquq pozuntusuna görə təqsirli olması yalnız səlahiyyətli orqanın qanunvericiliyin tələbinə uyğun qəbul etdiyi müvafiq qərarla təsdiq oluna bilər. İddiaçının istinad etdiyi ona maddi ziyan vurulmasında cavabdeh iştirak etməmişdir. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi əsasında təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/1853 nömrəli nömrəli rəyindən görünür ki, Kürdəmir şəhəri, Xəqani küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evinin arxa divarında iddiaçıya məxsus tikilinin divarı arasındakı məsafənin 3 metrdən çox olduğunu nəzərə alaraq Kürdəmir şəhəri, Xəqani küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evinin inşası zamanı (mülkiyyətçi Cavabdeh2) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 13-cü fəslində göstərilən tələblərə, o cümlədən şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrinə uyğun inşa edildiyi müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehlər tərəfindən aparılan qanunsuz tikili nəticəsində ona məxsus qeyri-yaşayış binası olan “Yeni Motel”-ə dəymiş ziyana görə 40842.80 manat pulun alınaraq ona ödənilməsi tələb etsə də Kürdəmir şəhəri, H.Əliyev pr, 41 A ünvanında yerləşən qeyri-yaşayış binası olan "Yeni Motel" motelinin divarlarının və tavanın bəzi hissələrində aşkar edilən çatların yaranmasında cavabdehlərin təqsirləri tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının Kürdəmir şəhəri, H.Əliyev pr, 41 A ünvanda yerləşən "Yeni Motel" adlı motelə 40842.80 manat məbləğində vurulmuş maddi ziyanın ödənilməsi tələbi öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X3 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar