Məhkəmə qərarları › İş №2(041)-793/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-793/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-793/2025 15.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6300 manat məbləğində əsas borcun və dövlət rüsumuna görə ödədiyi 83 manat olmaqla, cəmi 6383 (altı min üç yüz səksən üç) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş yoldaşı olan Cavabdeh 2024-cü ilin fevral ayının axırlarında ona yaxınlaşıb maddi problemlərinin olduğunu bildirib ondan 2 ay müddətinə qaytarmaq şərti ilə 6300 manat borc pul istəyib. O cavabdehin iş yoldaşı və dostu olduğunu nəzərə alıb ona xx.xx.2024-cü il tarixdə 6300 manat borc pul verib. O 6300 manat pulu cavabdehə verərkən cavabdeh X1 iştirakı ilə sadə formada borc müqaviləsi yazıb imza edib ondan borc aldığı 6300 manatla özünün maddi problemlərini həll etdikdən sonra 2 ay müddətinə ona qaytaracağını bildirib. Cavabdeh ondan borc aldığı pulu qaytaracağı müddət tamam olandan sonra ondan borc aldığı pulu qaytarmasını tələb edib, cavabdeh isə ona notariat qaydasında təsdiq olumuş ona qarşı olan iddia tələbini tam qəbul etdiyini bildirməsi barədə ərizə verib yaxın vaxt ərzində borcu qaytaracağını bildirsə də yenə verdiyi sözə əməl etməyib. Hazırda Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borc aldığı pulu qaytarmaqdan yayınır, son vaxtlar isə cavabdeh onun telefon zənglərinə belə cavab vermir. Bundan sonra o cavabdeh X2 qeydiyyatda olduğu ünvana ona borclu olduğu 6300 manat pulu qaytarması barədə xəbərdarlıq məktubu göndərsə də, cavabdeh onun ona göndərdiyiyi xəbərdarlıq məktubuna da heç bir cavab verməyib. Cavabdeh hazırda ona əsas borca görə 6300 manat məbləğində borcu var. İddiaçı məhkəməyə ünvanladığı teleqrammada üzürlü səbəbdən məhkəmədə iştirah edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxıb dəlil və sübutları nəzərə alaraq iddianınn təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 2 ay müddətində qaytarmaq şərti ilə 6300 manat məbləğində pul almış və öz imzası ilə təsdiq etmişdir. İddiaçı Cavabdeh ünvanladığı xəbərdarlıq məktubunda borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 745. əgər müqavilə üzrə digər iştirakçının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun qaytarılması təhlükəyə məruz qala bilərsə, borc verən borc verəcəyini öhdəsinə götürdüyü bildirişi borc verəcəyini vəd etdiyi əşyanı və ya məbləği verənədək və ya ödəyənədək ləğv edə bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırki iş üzrə də iddiaçı verdiyi borcunu cavabdehdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə təmin edilməli, Cavabdeh borc aldığı 6300 manat pul tutularaq İddiaçı ödənilməlidir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı hazirki iddia tələbləri ilə bağlı məhkəməyə müraciət edilməsi üçün 83 manat dövlət rüsumu ödəmişdir. İddia təmin edildiyinə görə ödənilmiş ödənilmiş dövlət rüsumu cavabdehdən tutulub iddiaçının hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 6300 (altı min üç yüz) manat pul və ödənilmiş dövlət rüsumuna görə 83 (səksən üç) manat tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar