Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-806/2023 06.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu ildə anadan olmuş X1, xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək məhkəmə tərəfindən müəyyən edilmiş 100 manat məbləğindəki alimentin miqdarının 220 manat miqdarınadək artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, tərəflər 2008-ci ildə evlənmiş, birgə nikahlarından xx.xx.2019-cu il tarixdə Yağmur, xx.xx.2011-ci il tarixdə Ümid adlı iki uşaqları anadan olmuşdur. Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(041)-18 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, həmin qətnamə ilə cavabdehdən hər ay hər uşağa görə 100 manat aliment tutlub iddiaçıya ödənilməsi qət olunmuşdur. Məhkəmənin qətnaməsi ilə təyin edilmiş alimentlə uşağı saxlamağa çətinlik çəkir. Hazırda heç bir yerdə işləmir. Cavabdeh isə fərdi əməklə məşğul olub hər ay xeyli miqdarda qazanc əldə edir. O, isə uşağın günü-gündən artan təlabatlarını ödəyə bilmir. Ona görə də hesab edir ki, təyin olunmuş alimentin miqdarı artırılmalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış Cavabdeh oğlu məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş; - Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(041)-18/2017 saylı qətnaməsindən görünür ki, tərəflərin arasında bağlanmış xx.xx.2019-cu il tarixli nikah pozulmuş, xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh oğlundan hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat aliment tututlaraq İddiaçı ödənilməsi qət olunmuşdur. İşdə olan sənədlərdən və iddia tələbindən müəyyən olunur ki, iddiaçı Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(041)-18/2017 saylı qətnaməsi ilə təyin olunan alimentlə hazirki dövrdə uşaqları saxlamaq və onun ən sadə təlabatlarını ödəməyin mümkün olmadığını, cavabdehin alimentdən əlavə uşağının saxlanılması üçün ona heç bir yardım etmədiyini əsas götürərək, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh oğlundan hər ay, sabit pul məbləği ilə 220 manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən aşağıdakı məsələlərin araşdırılmasını zəruri hesab etmişdir: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Hazırki iş üzrə müəyyən edilən hallardan məlum olur ki, iddiaçı alimentin miqdarının artırılmasını cavabdehin fərdi əməklə məşğul olması ilə əsaslandırdığı halda, bununla bağlı hər hansı sübutunu işə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Lakin buna baxmayaraq, 2017-ci ildən keçən 6 il müddətində uşaqların böyüməsi, tələbatlarının artması və yaşayış minimumunun dəyişməsi iddianın qismən təmin edilməsi üçün əsas dəlillər hesab olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən: 1) Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir; 2) Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən 2023cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, valideynlərin öz uşaqları üzərində bərabər hüquq və vəzifələrə malik olması, cavabdehin maddi vəziyyəti, həmçinin aliment alan uşaqların mənafeyi nəzərə alınaraq, Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(041)- 18/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı qismən artırılmalı və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Yağmur və Ümid adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay, hər uşağa görə sabit pul məbləği ilə 170 (bir yüz yetmiş) manat miqdarında aliment alınaraq iddiaçıya verilməsi məqsədə müvafiq və hər iki tərəfin mənafeyinə uyğundur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2011ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(041)-18/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh oğlundan hər ay hər uşağa görə sabit pul məbləği ilə 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməli, qalan hissədə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(041)-18/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh oğlundan hər ay hər uşağa görə sabit pul məbləği ilə 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-806/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-806/2023
06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver