Məhkəmə qərarları › İş №2(041)-850/2024

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-850/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-850/2024 04.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1389.12 və dövlət rüsumu olaraq ödədiyi 34 manat olmaqla, ümumilikdə 1423.12 manat pulun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdən “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə olub, 2022-ci ilin mart ayında "xxxx"da əməliyyat apararkən ona 8500 manat kredit limiti olan “Birkart” kredit kartı təklif edildiyindən razılaşaraq həmin kartı əldə edib. Həmin kartın üzərindəki 16 rəqəmli kodu **********015216 olmuşdur. 2022-ci ilin may ayına kimi həmin kartla heç bir əməliyyat aparmayıb. 2022-ci ilin may ayında azyaşlı oğlu Əlinin xəstəliyi ilə əlaqədar özəl klinikada əməliyyat olunması zərurəti olduğundan “birkart” kredit kartında olan 8500 manat pulu nağdlaşdırmaq istəmiş, həmin pulu nağdlaşdıran zaman yüksək faiz məbləği tətbiq olunduğundan və həmin məbləğin yalnız yarısını nağdlaşdırmaq mümkün olduğundan bu barədə tanışları ilə maraqlanaraq aşağı faizlə və ya faizsiz həmin pulu kartdan çıxarmağın yollarını axtarmışdır. FHN-nin X2 Mühafizə Hissəsində işləyən tanışı X3 onunla birlikdə yanğınsöndürən vəzifəsində işləyən, Kürdəmir rayonu Şilyan kənd sakini Cavabdeh bu işlə məşğul olduğunu, tanıdığı başqa şəxslərin də kredit kartından faizsiz olaraq nağdlaşdırma apardığını bildirmişdir. Heydərə inanaraq 2022-ci ilin may ayında Kürdəmir DYMH-nin qarşısına gedərək Heydər və Amillə görüşmüşdür. Görüş zamanı Amilə kartda məbləğin çox olduğunu, hər hansı problem olarsa faizini ödəyə bilməyəcəyimi bildirmişdir. Amil ona bu işi ilk dəfədir ki, görmədiyini, bundan əvvəl özü və bir çox tanışları üçün kartdan faizsiz pul çıxardığını bildirmişdir. Həmçinin Amil ona Bakı şəhərində marketdə işləyən tanışı vasitəsi ilə pulu kartdan çıxaracağını, həmin məbləği uzun müddətli faizsiz kreditə çevirəcəyini, lakin 8500 manat nağdlaşdırma üçün mağazadan 450 manat pul tutulacağını, geriyə 8050 manat pul qalacağını bildirmişdir. O, da 50 manatını Amilə mükafat kimi verəcəyini deyərək ona tam şəkildə 8000 manat verməli olduğunu bildirib onunla razılaşmış, həmin günün səhəri “bir kart” kredit kartını taksi vasitəsi ilə Amilə göndərmişdir. Həmin kredit kartında olan 8500 manatdan 100 manatını tanışı Heydər ondan borc istədiyindən ona göndərmiş, geriyə 8400 manat pul qalmış, lakin Heydər daha sonra pulu həmin karta qaytarmışdır. Həmin kredit kartının mobil tətbiqi onun mobil telefonunda quraşdırıldığından, həmin mobil tətbiq vasitəsi ilə karta daxil olan və kartdan məxaric edilən məbləğlərə nəzarət edə bilmişdir. Amil ona təqdim etdiyi kredit kartından 7 may 2022-ci il tarixdən 12 may 2022-ci il tarixədək təxminən 8400 manat pulu müxtəlif vaxtlarda nağdlaşdıraraq çıxarmışdır. O, mobil tətbiq vasitəsi ilə kartdan pulun tamamilə çıxarıldığını görüb Amilə zəng edərək pulu verməsini bildirmiş, Amil ona bir neçə gün səbrli olmasını, pulu Bakı şəhərində çıxardığı marketdə haqq-hesab etdiklərini bildirərək onunla əlaqə saxlayacağını bildirmişdir. Bir neçə gün sonra Amil onunla əlaqə saxlayaraq tanışının marketdə çıxarılan pulu taksit kimi aylara bölə bilmədiklərini, 10 iyun 2022-ci il tarixədək gözləməyi xahiş etmişdir. 10 iyunda kart üzrə aylıq borcların görünəcəyini bildirmişdir. 10 iyun 2022-ci il tarixdən etibarən Amillə əlaqə saxlamağa başlamış, Amil əvvəlcə ona Bakıda pulu nağdlaşdırdığı marketdə tanışının tutulduğunu, pulun hesabda dondurulduğunu bildirərək, yenə bir müddət gözləməyi xahiş etmiş, bundan sonra da onunla əlaqə saxlayanda Amil hər dəfə pulunu qaytaracağını deyərək, müxtəlif bəhanələrlə ondan vaxt istəmişdir. Bu müddətdə kredit kartının aylıq ödənişləri çatdığından çıxarılan məbləğin üzərinə faiz məbləği hesablanmağa başlamışdır. Amil ona kartdan çıxarılan məbləğin yarısını karta geri qaytardığını bildirsə də, bu barədə mobil telefonunda olan mobil tətbiqdə əks olunmadığından "xxxx"ın filialına gedərək orada kartına pul gəlib-gəlmədiyini maraqlandıqda bank əməkdaşı ona karta hər hansı pulun daxil olmadığını bildirmişdir. Bundan sonra Amilə bu barədə hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. Amil ondan şikayət etməməyi xahiş edərək kartına 3300 manat pul göndərmişdir. Kartda yığılmış borcları və faizlərini ödəyə bilmədiyindən bank tərəfindən onun aylıq əmək haqqından pul tutulmağa başlanmışdır. 2022-ci ilin iyun ayının 22-də Amil ona zəng edərək kartından çıxardığı pulun tam şəkildə karta geri qaytarıldığını, üstəlik səhvən əlavə olaraq 400 manat da kartına vurulduğunu bildirərək kartdan 400 manatı çıxarmışdır. Həmin vaxt kartı Amildə olmuşdur. Sonradan kartına heç bir məbləğ gəlmədiyini, əksinə 400 manat məbləğin Amil tərəfindən yenidən kartdan çıxarıldığını görmüşdür. Buna görə Kürdəmir RPŞ-nə ərizə ilə müraciət etmişdir. Amil orada hər şeyi etiraf etmiş və onun pulunu qaytaracağına dair iltizam yazaraq imza etmişdir. Lakin bu vaxtdan sonra geriyə qalan 5200 manat pulu qaytarmayaraq ona qarşı dələduzluq etmişdir. Bundan sonra o, Cavabdeh hərəkətlərindən Kürdəmir rayon prokurorluğuna müracət etmiş və orada araşdırılma aparldıqdan sonra cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Hazırki iş üzrə Cavabdeh əməlini etiraf etmiş və onun iddia ərizəsində göstərdiyi bütün xüsusatlar Kürdəmir rayon prokurorluğunda cavabdehin verdiyi izahatlarla təsdiq olunmuşdur. Onun kartı Amildə olarkən kredit kartında yaranmış aylıq borc məbləğinin üzərinə faiz hesablandığından və həmin faiz borcları da onun aylıq əmək haqqından tutulmuşdur. Həmin vaxtlarda yəni 2022-ci il may ayından 2022-ci ilin oktyabr ayınadək əmək haqqı kartından bank tərəfindən təxminən 1389,12 manat pul tutulmuşdur. Üstündən xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh hələ də pulu qaytarmaq istəmir və hər dəfə də müxtəlif bəhanələrlə onu aldadır. Ona görə də məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı teleqramla məhkəmə müraicət edərək işə onun iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı yazılı ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş materiallarında olan, Kürdəmir rayon prokurorluğunun müstəntiqi M.Mustafayevin qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 mart 2023-cü il tarixli qərarından məlum olur ki, Cavabdeh zərərçəkmiş şəxs İddiaçı vurduğu 8500 manat məbləğdə pulu tam şəkildə ödədiyi üçün cinayət işi başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin İddiaçı əmək haqqı kartından ödəniş kartı üzrə çıxarışda 2022-ci il may ayından 2022-ci ilin oktyabr ayınadək əmək haqqı kartından bank tərəfindən təxminən 1389,12 manat pul tutulmuşdur. İşin araşdırılan hallarından məlum olur ki, Cavabdeh İddiaçı məxsus "xxxx"a aid “Birkart” kredit kartından 8500 manat pulu çıxarıb özünə verməyərək mənimsədiyi üçün İddiaçı şikayəti əsasında Kürdəmir rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma başa çatanadək Cavabdeh mənimsədiyi pulları tam şəkildə qaytarmışdır. Pul vaxtında qaytarılmadığına görə 2022-ci il may ayından 2022-ci ilin oktyabr ayınadək İddiaçı əmək haqqı kartından bank tərəfindən faiz olaraq təxminən 1389,12 manat pul tutulmuşdur. İddiaçı hazırki iddiasında həmin pulun qaytarılmasını cavabdehdən tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsində qeyd edilmişdir ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin göstərilən hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçının etibarından sui-istifadə edərək ona məxsus "xxxx"a aid “Birkart” kredit kartından 8500 manat pulu çıxarıb özünə verməyərək mənimsədiyi üçün barəsində araşdırma başlanılmış, İddiaçı dəymiş ziyanı tam olaraq ödədiyi üçün barəsində cinayət işinin başlanılması rədd edilsə də, pulu vaxtında qaytarmadığına görə 2022-ci il may ayından 2022-ci ilin oktyabr ayınadək İddiaçı əmək haqqı kartından 1389,12 manat pul tutulmaqla həmin məbləğdə ona ziyan vurmuşdur. Ona görə də, cavabdeh iddiaçıya vurduğu ziyanı tam şəkildə aradan qaldırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə təmin edilməli, Cavabdeh 1389.12 manat pul tutularaq İddiaçı ödənilməlidir. İş materiallarına əlavə olunmuş pdıniş qəbzinin surətindən görünür ki, iddiaçı hazirki iddia tələbi üzrə 34 manat dövlət rüsumu keçirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1389.12 və dövlət rüsumu olaraq ödədiyi 34 manat olmaqla, ümumilikdə 1423.12 (bir min dörd yüz iyirmi üç manat 12 qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Kürdəmir Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Həmin müddət bitdikdən sonra qiyabi qətnamədən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar