Məhkəmə qərarları › İş №2(041)-867/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-867/2025

02.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-867/2025 02.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı icra məmuru X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh X5nin dəyəri olan 2277.40 manat məbləğində vəsaitin tutularaq Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyindəki müvafiq hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı icra məmuru X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin 1(041)-13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 ve 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzərinə müvafiq vəzifələr qoyulmuşdur. Hökmün icrası barədə göstəriş xx.xx.2024-cü il tarixdə İddiaçınə daxil olmuş, məhkum Cavabdeh xx.xx.2024-cü il tarixdə X5 tətbiq edilmiş, bu məqsədlə xx.xx.2024-cü il tarixdə "Attenti" markalı bir ədəd 35640340 nömrəli mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd sadə elektron qolbaq ona işlək vəziyyətdə təhvil verilmiş, habelə məhkuma cəza çəkdiyi müddət ərzində həmin vasitədən istifadə qaydaları, o cümlədən onun işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması, habelə həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq olunmuş, bu barədə icra məmuru tərəfindən müvafiq protokol tərtib edilmişdir. Məhkum Cavabdeh barəsində cəzasının digər cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verilmiş, Kürdəmir Rayon Məhkəməsinin 7(041)-3/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə təqdimat təmin edilmiş və barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum Cavabdeh məhkəmə iclas zalından həbs edilmişdir və sözügedən elektron nəzarət vasitələri məhkum Cavabdeh təhvil alınmışdır. Eyni zamanda məhkum Cavabdeh xx.xx.2025-ci il tarixdə verdiyi izahatında X5ni qırdığını etiraf etmişdir. Bundan sonra həmin elektron nəzarət vasitələrinin vəziyyəti haqqında texniki rəyin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin Rəqəmsal monitorinq idarəsinə göndərilmiş, texniki rəyin nəticəsinə əsasən ana plata sınması, qolbağla əlaqə saxlayan antenanın pinləri və vibromatorun yerindən qopması, təmirinin mümkün olmaması və istifadəyə tam yararsız olması qeyd edilmişdir. Vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi barədə "xxxx" QSC-nin maliyyə arayışı əsasında həmin avadanlığın dəyərinin 2277,40 manat təşkil etdiyi bildirilmiş və vurulmuş zərərin əvəzi ödənilməmişdir. Hesab edilir ki, cavabdeh üzərinə qoyulan vəzifələrin icrasına kifayət qədər məsuliyyətli yanaşmaması nəticəsində X5ni zədələmiş (və ya itirilmiş) və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Odur ki, o, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına ərizə ilə müraciət edərək bildirmişdir ki, o, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə bildirişi ilə tanış olmuşdur. X5nə dəymiş maddi ziyan ilə tanış olmuşdur. Çəkilməmiş 3 ay cəza müddəti qalmışdır. Azadlığa çıxdıqdan sonra dəymiş maddi ziyanı ödəməyə razıdır. Məhkəmə tərəfi dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(041)- 13/2024 saylı hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh həbsdə saxlanıldığı 02 gün, həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 il, 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cavabdeh üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, X5ni gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmuşdur. Cavabdeh üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İddiaçınə həvalə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş protokolun surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(041)-13/2024 saylı hökmü ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh “Attenti” markalı ******* nömrəli X5 komplekti tətbiq edilmiş və təhvil verilmişdir. Məhkuma hüquq və vəzifələri təkrarən izah edilmişdir. İşdə olan İddiaçı böyük icra məmuru (probasiya üzrə) X2 və məhkum Cavabdeh iştirakları ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli izahatın surətindən görünür ki, Cavabdeh hansı səbəbdən X5n qırdığı soruşulduqda o, xx.xx.2025-ci il tarixdə saat 11:35-də yıxıldığını və mobil qurğunun qırıldığını bildirmişdir. Hansı səbəbdən elektron qolbağı acdığı soruşulduğunda isə özünün açdığını bildirmişdir. Hansı səbəbdən xx.xx.2025-ci il tarixdən icra məmuruna bu barədə məlumat verməməsi soruşulduqda heç bir üzürlü səbəbin olmadığını bildirmişdir. Ona Cəzaların İcrası Məcəlləsinin 51-7.2.2-ci maddəsinə əsasən məhkumun üzrlü səbəb olmadan məhkəmə tərəfindən müəyyən edilmiş vəzifələri yerinə yetirməməsinin azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından boyun qaçırma hesab ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Himayəsində biri azyaşlı olmaqla iki uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir. Belə bir halın təkrarlanmayacağına söz vermişdir. İşdə olan "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli Ədliyyə Nazirliyi Probasiya xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, mobil nəzarət qurğusunun dəyəri 2277.40 manat təşkil edir. İşdə olan "xxxx" QSC tərəfindən verilmiş Elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, "Attenti" V6 mobil qurğusuna zərbə nəticəsində ana plata sınmış, qolbağı ilə əlaqə saxlayan antenanın pinləri və vibromator yerindən qopmuş, təmiri mümkün deyil. İstifadəyə tam yararsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. MM-in 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı cavabdehin müdaxiləsi nəticəsində elektron nəzarət qurğusu yarasız vəziyyətə düşməsini və nəticədə 2277.40 manat məbləğində ziyan vurulduğunu sübuta yetirməlidir. İddiaçıya dəyən maddi ziyanın dəyəri 2277.40 manat olması iş materiallarında olan sənədlərlə təsdiqini tapır. İddiaçı iddia tələbində cavabdeh tərəfindən vurulmuş ziyanın 2277.40 manat olmasını iddia etmiş və həmin məbləğin cavabdehdən alınıb ona verilməsini tələb edir. Sözügedən elektron nəzarət qurğusunun cavabdeh tərəfindən yararsız hala salınması və nəticədə iddiaçıya maddi ziyan dəyməsi iddiaçının izahatı, cavabdehin etirafı və iş materiallarında olan sənədlərlə sübuta yetir. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, tərəfin izahatları və iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, Seyidov X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(041)-13/2014 saylı hökmü ilə CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azdalığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəza çəkdiyi müddətdə Cavabdeh Kürdəmir rayonun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək Kürdəmir rayonu Şıxımlı kəndində olan yaşayış yerini tərk etməmək, X5ni gəzdirmək və vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. xx.xx.2024-cü il tarixli protokola əsasən Cavabdeh “Attenti” markalı ******* nömrəli X5 tətbiq edilmiş və təhvil verilmişdir. xx.xx.2025-ci il tarixdə cavabdehin elektron nəzarət qurğusu yarasız vəziyyətə salmış. Bununla da iddiaçıya 2277.40 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçınə vurulmuş maddi ziyana görə 2277.40 manat məbləğində pul alınıb Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyindəki müvafiq hesabına ödənilsin. Azərbaycan Respublikasının MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçınə vurulmuş maddi ziyana görə 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul alınıb Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyindəki müvafiq hesabına ödənilsin. Cavabdeh 42.77 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar