Məhkəmə qərarları › İş №2(041)-93/2025

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-93/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-93/2025 08.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq ona olan 500 manat məbləğindəki borc pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1977-ci il tarixdə Kürdəmir rayonunun Sor-Sor kəndində doğulub, boya-başa çataraq ailə həyatı qurmuşdur. Birgə nikahdan onun 2 (iki) oğlan uşağı dünyaya gəlmişdir. Həyat yoldaşı evdar qadındır, böyük oğlu isə, müddətli həqiqi hərbi xidmətdədir. Digər oğlu isə subaydır. Artıq 6 (altı) ildir ki, Kürdəmir şəhəri, C.Cabbarlı küçəsi, 20 saylı evdə yaşayır. Əsas məşğuliyyəti, xırda və iri buynuzlu heyanların alqı-satqısı və kəsimidir. Bu peşə ilə məşğul olmağının səbəbi də, çörək pulu qazanaraq, ailəni "yarı ac, yarı tox", bir təhər dolandırmaqdan ibarətdir. Cavabdehlər ər-arvad: Cavabdeh1 və Cavabdeh2 onun yaxından tanıdığı və onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmayan bir şəxsdir. Aralarında yalnız səmimi tanışlıq münasibətləri olmuşdur. Cavabdehlər dəfələrlə ayrı-ayrılıqda ondan müxtəlif diri heyvan əri nisyə alaraq aparmış, borclarını isə, hissə-hissə vaxtlı-vaxtında qaytarmış və beləliklə də, arada etibar yaranmışdır. (sonda, 2.860 manat borcları qalmışdır). Cavabdeh1 növbəti dəfə ondan 4.00 manat da el borcu almışdır. Yuxarıda qeyd etdiyi borclar cavabdehlər tərəfindən hissə-hissə ödənilmiş və onların hazırda müştərək olaraq 500 (beş yüz) manat borcları qalmışdır. Cavabdehlərin verdiyi vəddən artıq, xeyli müddət keçmişdir. Onlara dəfələrlə zəng vurub pulunu istəsə də, cavabdehlər yaxın günlərdə borclarını qaytaracaqlarını bildirsələr də, borclarını qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmağa çalışmışlar. Sonralar onlar telefon zənglərinə belə cavab verməmişlər. Məcburiyyət qarşısında qalaraq Azərbaycan Respublikası DİN-nin “102” Xidmət Mərkəzinə zəng vuraraq şikayət etmişdir. Anlaşılmazlıqla əlaqədar olaraq, Kürdəmir Rayon Polis X1 X2 tərəfindən araşdırma aparılmışdır. Təhqiqat bölməsində izahat verən cavabdehlər 500 manat borcları olduğunu və borclarını vermədiklərini səmimi olaraq etiraf etsələr də, heç bir hüquqi əsası olmayan yalan arqumentlər irəli sürərək, ona olan borclarını qaytaracaqlarını bəyan etsələr də, pozitiv addım atmamışlar. X2 özünün xx.xx.2023-cü il tarixli qərarı ilə material üzrə cinayət işinin başlanmasını rədd etmiş, tərəflərə mübahisənin daha dolğun həlli üçün, Kürdəmir Rayon Məhkəməsinə müraciət etməyi tövsiyyə edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı yazılı ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli yazılı iltizamından görünür ki, İddiaçı 2860 manat pul aldıqlarını, onu yanvar ayında qaytaracaqlarını bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 500 manat pul tutularaq İddiaçı ödənilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 500 (beş yüz) manat və ödədiyi dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Kürdəmir Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Həmin müddət bitdikdən sonra qiyabi qətnamədən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: R.B.Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar