Məhkəmə qərarları › İş №2(041)-990/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-990/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-990/2025 13.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat məbləğində pulun və 60 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Əflatın oğlu iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh səmimiliyinə inanaraq ona xx.xx.2022-ci il tarixində 4000 manat məbləğində borc vermişdir. Cavabdeh almış olduğu pulu xx.xx.2022-ci il tarixində qaytaracağınına söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcunu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina etmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələblərini qismən qəbul edərək bildirdi ki, İddiaçıı tanımır. O, Çingiz adlı şəxsdən faizlə pul almışdır. Ondan 2000 manat məbləğində pul alacaqdı. Çingiz 500 manat pul vermiş, daha sonra isə qalan hissəsini verməmişdir. Pulu almamışdan əvvəl qəbz yazmışdır. İddiaçının təqdim etdiyi qəbzi o yazmış və imzalamışdır. Amma ona 4000 manat məbləğində pul verilməmişdir. Odur ki, verilmiş iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən yazılmış, imzası ilə təsdiqlənmiş qəbzdən görünür ki, Kürdəmir rayonu, Türkədi kənd sakini Cavabdeh İddiaçı 4000 manat borc pul almış və xx.xx.2022-ci il tarixinə kimi qaytaracağına söz vermişdir. İşin halları odur ki, iddiaçı cavabdehə 4000 manat pul vermişdir. İddiaçı sübut qismində cavabdehin əl yazısı kimi təqdim edilmiş qəbzə istinad edir. Cavabdeh isə qəbzi özü yazdığını və imzaladığını bildirmiş lakin, 4000 manat deyil, 500 manat aldığını, həmçinin iddiaçını tanımadığını, pulu Çingiz adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən yazılmış qəbzdə 4000 manat pul aldığını etiraf etmişdir. Məhəmə cavabdehin iddiaçının təqdim etdiyi sübutu inkar etmək üçün heç bir dəlil təqdim etmədiyi və iddiaçının təqdim etdiyi sübutun qanuni əsaslara malik olduğu, inandırıcı və əsaslı olması səbəbindən iddianın təmin edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh iddiaçıdan 4000 manat pul aldığını etiraf etmişdir, həmin pulun qaytarılmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan aldığı pulu geri ödəməmiş, onun pulunu da geri qaytarmamaqla əsassız olaraq varlanmış və cavabdehin iddiaçıya 4000 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 60 (altmış) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 60 (altmış) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar