Məhkəmə qərarları › İş №2(042)-10/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-10/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-10/2021 07.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun tutulması, tutulmanın girov müqaviləsi predmetinə yönəldilməsi və tutulma borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qayada tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı "xxxx" QSC məhkəmədə iddia qaldıraraq, Cavabdeh "xxxx" QSC-nin xeyrinə 001KK**********01 saylı kredit müqaviləsi üzrə 19999.92 manat məbləğində kredit borcu, 3812.86 manat məbləğində faiz borcu və 16700 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 40512 (qırx min beş yüz on iki) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində borcun və tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh 31.05.2016-cı il tarixdə bağladığı 001D**********02 saylı girov müqaviləsi əsasında "xxxx" QSC-nin depozit hesabında saxladığı 30000 (otuz min) manat pul məbləğinə yönəldilməsi, həmin vəsait hesabına "xxxx" QSC-nə olan borcun ödənilməsi və girov qoyulmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh "xxxx" QSC-nin xeyrinə ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Kreditor ilə 31.05.2016-cı il tarixdə bağladığı 001KK**********01 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2% olmaqla 24 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 3.2.1 -ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə 05.06.2018-ci il tarixdən hazırki vaxtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınır.Cavabdeh götürdüyü kreditdən 0.08 manat qaytarmış və onun 19999.92 manat məbləğində kredit borcu qalmışdır. O, kredit müqaviləsinin 2.1 -ci və 2.3cü bəndinə görə kreditdən istifadə üçün ödəməli olduğu faiz borcunu kreditora ödəməmiş və 25.09.2019-cu il tarixə 117 gün üçün onun 3812.86 manat məbləğində faiz borcu qalmışdır. Kredit müqaviləsinin 2.7-ci bəndinə görə kredit kredit xəttinin müddəti bitənədək banka ödənilir, əks təqdirdə kredit gecikdirilmiş statusu alır və gecikdirilmiş statuslu kredit üzrə illik 180 (yüz səksən) faiz dərəcəsi ilə cərimə faizi hesablanır. Həmin müqavilənin 3.2.2-ci bəndinə görə kreditin gecikdirilməsi halında müqavilənin 2.7-ci bəndində nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. 25.09.2019-cu il tarixə 117 gün üçün hesablanmış cərimə 16700 manat təşkil edir. Kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən kredit alan müqavilə üzrə öhdəliklərini pozduqda bank müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizləri və krediti vaxtından əvvəl ödəməyi borcalandan tələb etmək hüququna malikdir. Yuxanda göstərilən 31.05.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh AccessBank QSC ilə 31.05.2016-cı il tarixdə bağladığı 001D**********02 saylı girov müqaviləsi əsasında 31.05.2016-cı tarixli X4 Müqaviləsi üzrə "xxxx" QSC-də depozit hesabında saxladığı 30000 (otuz min) manat pul məbləğini girov qoymuşdur. Belə ki, 31.05.2016-cı il tarixdə bağladığı 001D**********02 saylı girov müqaviləsi üzrə 30000 manat girov ilə yüklü edilmişdir. X1 ilə AccessBank QSC arasında bağlanmış 31.05.2016- cı il tarixli 001D**********02 saylı girov müqaviləsinin 3.2.1 -ci bəndinə əsasən borclu kredit müqaviləsindən irəli gələn girovla təmin edilmiş öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, bank tutmanı girov predmetinə yönəldə bilər. Yuxarıda göstərilənlərə əsasən iddiaçı bank iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Ruslan Məmmədov məhkəmə teleqram vuaraq işə onların iddiaçının iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1995-ci il tarixdə Gədəbəy rayonu, Çaldaş kəndində doğulmuş, hazırda kənddə qeydiyyatdadır. İşdə olan 31.05.2016-cı il tarixli, 001KK**********01 saylı kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh aylıq 2 faiz olmaqla 24 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. İşdə olan 10.04.2015-ci il tarixli, SRLMB-2291_DEV saylı girov müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 10.04.2015-ci il tarixli, SRLMB-2291_DEV saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq ona məxsus olan və girov müqavilənin ayrılmaz hissəsi olan Əlavədə sadalanan qızıl-zinət əşyalarını girov qoymuşdur. İşdə olan 31.05.2016-cı il tarixli, 001D**********02 nömrəli girov müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh "xxxx" QSC-də AZ91ACAB******************** nömrəli depozit hesabında saxladığı 30000 manatı "xxxx" QSC qarşısında girov qoymuşdur. İşdə olan 25.09.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 31.05.2016-cı il tarixli, 001KK**********01 saylı kredit müqaviləsi üzrə borcu 19999.92 manat məbləğində əsas borc, 3812.86 manat məbləğində faiz borcu, 16700 manat məbləğində cərimə borcu olmaqla, cəmi 40512.78 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsi maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. İşin faktiki hallarından məlum olur ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı kredit borcunun və faizin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı işin faktiki hallarını, kreditorun əmlak mənafelərini nəzərə alaraq tələb edilən 16700 manat məbləğində cərimənin 2000 manatadək azaldılmasını ədalətli və qanunauyğun hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə eyni zamanda iddianın tələbin girov predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələblərinin bu hissəsi də əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 300-cü maddəsinə əsasən, girov aşağıdakı növlərdə ola bilər saxlanc; əşyanın lombardda girovu; hüquqların girovu; pul vəsaitinin girovu; sabit girov; dövriyyədəki malların girovu. Həmin Məcəllənin 301-ci maddəsinə əsasn, saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasn, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Göstərilən hüquq normalarına əsasən, məhkəmə hesab edir ki, Cavabdeh "xxxx" QSC-də AZ91ACAB******************** nömrəli depozit hesabında saxladığı "xxxx" QSC qarşısında girov qoyduğu 30000 manatı Cavabdeh kredit borcunun təminatı olduğundan, borclu isə girov ilə təmin edilmiş borcunun ödənilməsini ləngitdiyindən, habelə borcunu ödəmədiyindən, iddiaçı "xxxx" QSC tələbin girov predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın bu hissəsi də təmin edilərək, tələb girov predmetinə yönəldilməli və Cavabdeh kredit borcu həmin əmlakın hesabına ödənilməlidir. Məhkəmə iddia tələbinin “girov qoyulmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh "xxxx" QSC-nin xeyrinə ümumi qaydada tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı məbləğ məhkəmə tərəfindən cəmi 25812.78 manat məbləğində müəyyən edildiyindən və girov saxlanılan məbləğ həmin borcu ödəməyə kifayət etdiyindən, eləcə də iddia tələbinin bu hissəsi icra icraatı qaydasında həll edilməli məsələ olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh iddiaçı "xxxx" QSC-nin xeyrinə 001KK**********01 saylı kredit müqaviləsi üzrə 19999.92 manat məbləğində əsas borc, 3812.86 manat məbləğində faiz borcu, 2000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 25812.78 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalı və tutma Cavabdeh 31.05.2016-cı il tarixdə bağladığı 001D**********02 saylı girov müqaviləsi əsasında "xxxx" QSC-nin depozit hesabında saxladığı 30000 (otuz min) manat pul məbləğinə yönəldilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" QSC-nin xeyrinə 001KK**********01 saylı kredit müqaviləsi üzrə 19999.92 manat məbləğində əsas borc, 3812.86 manat məbləğində faiz borcu, 2000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 25812.78 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Tutma Cavabdeh 31.05.2016-cı il tarixdə bağladığı 001D**********02 saylı girov müqaviləsi əsasında "xxxx" QSC-nin depozit hesabında saxladığı 30000 (otuz min) manat pul məbləğinə yönəldilsin və həmin vəsait hesabına "xxxx" QSC-yə olan borcu ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar