Məhkəmə qərarları › İş №2(042)-1000/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1000/2021

06.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1000/2021 06.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 2000 manat məbləğində borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2030 məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, O, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayır. Özünə məxsus iri və xırda buynuzlu heyvanlar saxlayır, fermerdir. Cavabdeh onun həmkəndlisidir. Təxminən 2021-ci ilin iyul ayının 5-10-u arası cavabdeh ona zəng vuraraq - “mənə 1700 manat borc pul lazımdır, sənə çobanlıq etmək istəyirəm” demişdir. O, isə cavabdehə “ evə gələrsən, evdə danışarıq” demişdir. Bundan sonra Ceyhun evə gəlmiş və ona bildirmişdir ki, başqa şəxsə 1700 manat borcu var, borcu qaytara bilmir. Cavabdeh, ona çobanlıq etmək müqabilində 1700 manat borc pul verməsini xahiş etmişdir. O, Ceyhunla razılaşmış və ona çobanlıq edəcəyinin haqqı olaraq 1700 manat vermişdir. Ceyhunun onun heyvanlarına çobanlıq etməsinə görə hər ayını 350 manata razılaşmışlar. Bu razılaşmadan 3-4 gün sonra Ceyhun gəlib ona telefonunun sındığını və ona telefon alması üçün 300 manat pul verməsini demişdir. O, bununla razılaşmıış və Ceyhuna əlavə olaraq 300 manat pul vermişdir. Bundan sonra Ceyhun 2-3 günə gəlib onun heyvanlarını otarmağa başlayacağını bildirmişdir. Həmin müddət başa çatanda Ceyhun gəlməmişdir. O, Ceyhuna zəng vurmaq istəsə də, telefonuna zəng çatmamışdır. Sonra Ceyhun Bakı şəhərinə getdiyini öyrənmişdir. Aldadıldığını bilib DİN-in “102” xidmətinə Ceyhundan şikayət etmişdir. Şikayəti ilə əlaqədar polis orqanı Ceyhunu axtarsa da, bir müddət tapa bilməmiş, nəhayət, 2021-ci ilin sentyabr ayının 2-3-ü arası Ceyhun Gədəbəy rayon Polis şöbəsinə gətirilmiş, polis şöbəsində şöbənin sahə rəisi vəzifəsində işləyən X2 izahatını almış, o, izahatında ondan həqiqətən 2000 manat pul aldığını etiraf etmiş və qaytarmaq üçün pulunun olmadığını bildirmişdir. Bundan sonra, o, Ceyhunla görüşmüş və sonuncuya ya onun heyvanlarını otarmasını, ya da pulunu qaytarmasını bildirmişdir. Ceyhun isə ona nə heyvan otaracağını, nə də pulunu qaytaracağını bildirərək: “get nə istəyirsən et, mən sənə pul verməyəcəm” – demişdir. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iddiaçını dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Düzyurd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06.09.2021-ci il tarixli, 153 saylı arayışdan görünür ki, Cavabdeh hazırda Gədəbəy rayonu, Düzyurd kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan Gədəbəy RİHB-nin Düzyurd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06.09.2021-ci il tarixli, 154 saylı arayışdan görünür ki, İddiaçı hazırda Gədəbəy rayonu, Düzyurd kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan Gədəbəy RİHB-nin Düzyurd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06.09.2021-ci il tarixli, 155 saylı arayışdan görünür ki, 05 saylı təsərrüfatbaşına kitabın 30-cu səhifəsinə əsasən özünə məxsus 52 baş iri buynuzlu mal-qarası və 1430 baş xırda buynuzlu qoyun və keçisi vardır. İş materiallarında olan Cavabdeh Gədəbəy rayon Polis şöbəsində verdiyi izahatdan görünür ki, o, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayır. İddiaçı həm qohumu, həm də həmkəndlisidir. O, Müzəffərin xırda buynuzlu heyvanlarına çoban getməsi məqsədi ilə İddiaçı 2000 manat pul almışdır. Müzəffər isə onu çoban aparmamışdır. O, Müzəffərdən aldığı pulu xəcləmişdir. Onun pulunu qaytara bilmir. Pulu olanda İddiaçı pulun qaytaracağına söz verir. O, Müzəffəri hədələməmiş, nə də başqa yersiz hərəkət etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cıə il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, iddiaçı cavabdehin ona 2000 manat pul borclu olduğunu və həmin pulu qaytarmaq öhdəliyi daşıdığını sübut etməlidir. Üzərinə sübutetmə yükü düşən iddiaçı cavabdehdən 2000 manat pulu ondan tələb etməkdə haqlı olduğunu sübut etdi. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh 2021-ci ilin iyul ayında iddiaçıdan xırda buynuzlu heyvanları otaracağı qarşılığında ümumilikdə 2000 manat məbləğində borc almışdır. Lakin, cavabdeh pulu aldıqdan sonra iddiaçıya məxsus heyvanları otarmaqdan boyun qaçırmışdır. Bundan sonra cavabdeh 2000 manat məbləğində pulu cavabdehdən alaraq heyvanları otaracağını vəd etməsinə baxmayaraq, heyvanları otarmamış, nə də ki, iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. Məhkəmə tərəfindən İddiaçı şikayəti əsasında Gədəbəy rayon Polis şöbəsində toplanmış material alınaraq baxış keçirilmiş, hazırki iş üzrə Cavabdeh həmin materialda olan izahatında qeyd olunan faktı etiraf etmişdir. Qeyd olunan hüquq normalarına əsasən, məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdeh iddiaçıdan aldığı pul üçün məsuliyyət daşıyır. Cavabdeh Gədəbəy rayon Polis şöbəsinə verdiyi izahatda iddiaçıdan heyvanların otarılması qarşılığında 2000 manat məbləğində pul aldığını və heyvanları isə otarmadığını etiraf etmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı borc verdiyi 2000 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işə olan sübutlara tətbiq edilməli hüququn normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 2030 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 2030 məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar