Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1004/2023 14.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maneələrə son qoyulması tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmasına cavabdeh tərəfindən yaradılan maneələrə (ölçü işlərinin aparılmasına edilən müdaxilələrə) son qoyulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, cavabdeh atasıdır. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Slavyanka kəndində 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. O, həmin torpaq sahəsi və üzərində yerləşən evə dair mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etmiş, lakin cavabdeh müvafiq sənədləşdirmənin aparılması gəlmiş üçün dövlət orqanının əməkdaşlarının ölçmə işlərini aparmalarına mane olmuşdur. Ona görə də həmin əmlakın yerləşdiyi ərazidə ölçmə işləri aparılmasına cavabdeh tərəfindən edilən maneələrə son qoyulması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı ona məxsus olmayan əmlakla əlaqədar sənəd almaq istəyir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslaha Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə tərəflərə və onların ailə üzvlərinə Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə tərəflərə və onların ailə üzvlərinə Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı payına uyğun əmlaka mülkiyyət hüququnun sənədləşdirilməsinin aparılması üçün ölçmə işlərinin keçirilməsinə edilən maneələrin aradan qaldırlmasını istəyir. Məhkəmənin qənaətinə görə ölçmə işləri texniki prosedur olaraq, hər hansı bir şəxsin hüquqlarının pozulmasına səbəb ola bilməz. Ona görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən Gədəbəy Rayon Aqrar İslaha Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və yaşayış evi üzərində paylara uyğun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar ölçmə işlərinin aparılmasına edilən maneələrə son qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1004/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1004/2023
14.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver