Məhkəmə qərarları › İş №2(042)-1010/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1010/2021

19.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1010/2021 19.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “bulaqdan payın müəyyən edilməsi və maneələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu, Çalburun kəndində “Vələsti” adlanan ərazidən Cavabdeh ilə şərikli qaydada çəkdikləri və hal-hazırda Gədəbəy rayonu, Çalburun kəndində Cavabdeh yaşadığı evin həyətində yerləşən bulaqdan onun payına düşən hissəsinin bölünməsi və həmin suyu öz yaşadığı evə çəkməyinə Cavabdeh yaratdığı maneələrə son qoyulması, məhkəmədə iddia qaldırmaq üçün ödəmiş olduğu 10 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, Gədəbəy rayonu, Çalburun kəndində ailə üzvləri ilə birgə yaşayır. Özünə məxsus olan fərdi yaşayış evi vardır. Cavabdeh qardaşıdır. Cavabdehin həmin kənddə fərdi yaşayış evi vardır. O, cavabdehlə vaxtilə 1986-cı ildə cavabdehin yaşadığı evin həyətinə şərikli qaydada kəndin “Vələsti” adlanan ərazisindən su çəkmişlər. Suyun çəkilmə xərclərini birgə ödəmişlər. İndiyədək, o və ailə üzvləri qardaşının evinin həyətindən həmin sudan istifadə etmişdir. Son vaxtlar qardaşı Fərhad və onun ailə üzvləri oğlu Dilsuza və onun digər ailə üzvlərinə həmin sudan istifadə etməyə problemlər yaratmışdır. O, da qardaşı Fərhada aralarındakı narazılıqlara son qoymaq üçün həmin bulaqdan payına düşən hissəni öz həyətlərinə çəkməsini təklif etmişdir. Lakin qardaşı buna narazılıq etmiş və suyu bölməyəcəyini bildirmişdir. Bu mübahisə ilə bağlı arvadı X7 və qardaşı Fərhadın gəlini Tünzalə arasında münaqişə yaranmış, bununla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılmışdır. Artıq aralarındakı münasibətlər olduqca kəskinləşmişdir. Gələcəkdə də bu münaqişələrin davam etməməsi üçün, o, cavabdehlə şərikli çəkdiyi suyun bir hissəsini öz həyətinə çəkmək istəyir. Cavabdeh isə bununla razılaşmadığı üçün, o, hüquqlarının məhkəmə müdafiəsi vasitələrindən istifadə etmək qərarına gəlmişdir. Ona görə də, hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmalı olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildridi ki, o, Gədəbəy rayonu, Çalburun kəndində yaşayır. İddiaçı onun qardaşıdır. Onun həyətində olan bulağı o, 36 ildir ki çəkmişdir. Bulağı, o öz vəsaiti hesabına çəkmişdir. İddiaçı isə həmin bulaqdan oğluna su çəkmək istəyir. Əgər həmin bulaqdan 3-cü şəxsə ayrıca su çəkilərsə ona su getməsini məhdudlaşdıra bilər. O, bununla razı deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Bağırov X5 rayonu, Çalburun kəndində qeydiyyatdadır. İşdə olan işdə olan JN-466D KOD 50500058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 52 saylı qərarı ilə Gədəbəy rayonu, Çalburun kəndində Bağırov Haqverdi Tapdıq oğluna və onun ailə üzvlərinə 0.36 ha torpaq sahəsi verilmişdir. İşdə olan işdə olan JN-373 KOD 50500058 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 oktyabt 1998-ci il tarixli, 11 saylı qərarı ilə Gədəbəy rayonu, Çalburun kəndində Bağırov Haqverdi Tapdıq oğluna və onun ailə üzvlərinə 0.11ha torpaq sahəsi verilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 yanvar 2020-ci il tarixli qərarından görünür ki, X3 və X4 qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə X2 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İşdə olan Gədəbəy rayon Miskinli Bələdiyyəsi tərəfindən verilmiş 13 oktyabr 2021-ci il tarixli, 17 saylı arayışının surətindən görünür ki, Cavabdeh təxminən 30 ilə yaxındır ki, öz vəsaiti hesabına həyətinə çəkmiş və o, həmin sudan hal-hazıradək istifadə edir. Bağırov Fərhad Tapdıq oğlu həmin su çıxan ərazinin icarəyə götürülməsi barədə ərizə ilə müraciət etmişdir. Həmin ərazinin layihəsinin hazırlanması üçün Tovuz rayon Kadastr və Yerquruluşu İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci, 158.3 və 158.4-cü maddələrinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd olunan hüquq normaları baxımından məhkəmə qeyd edir ki, iddiaçının və onun ailə üzvlərinin mübahisəli su bulağından istifadə etmək hüququ olduğundan onların hüququ istənilən şəxsdən, o cümlədən su mənbəyinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisindən belə qorumaq hüququ vardır. Belə ki, məhkəmədə müəyyən edildi ki, iddiaçı 1986-cı ildə cavabdehin yaşadığı evin həyətinə şərikli Gədəbəy rayonu, Çalburun kəndinin “Vələsti” adlanan ərazisindən su çəkdiklərini, suyun çəkilmə xərclərini birgə ödədiklərini və hazırki vaxtadək, o və ailə üzvləri cavabdehin evinin həyətində həmin sudan istifadə etdiklərini bildirmişdir. Cavabdeh iddiaçının və onun ailə üzvlərinin həmin sudan uzun müddətdir istifadə etmələrini mübahisələndirmir. Belə olan halda, həmin suyun cavabdehə məxsus torpaq sahəsində yerləşməsinə baxmayaraq, iddiaçı və onun ailə üzvlərinin qeyd edilən sudan istifadə etmək hüquqları yaranmışdır. Odur ki, cavabdeh tərəfindən qeyd edilən mübahisəli bulaqdan iddiaçının yaşadığı evə su çəkməsinə yaradılan maneələr son qoyulmalıdır. Azərbaycan Respublikasının Su Məcəlləsinin 11, 12 və 13-cü maddələrinə əsasən, su obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olar bilər. Dövlət mülkiyyətində olan su obyektlərinə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, sərhəd su obyektləri dövlət və yerli əhəmiyyətli yerüstü və yeraltı su obyektləri və xüsusi qorunan su obyektləri aiddir. Su Məcəlləsinin 35-ci maddəsinə əsasən, su obyektləri içməli su və məişət təchizatı, müalicə, kurort və sağlamlaşdırma, istirahət və idman, sənaye, tikinti və energetika, kənd təsərrüfatı, meşə təsərrüfatı, hidroenergetika, nəqliyyat, balıqçılıq, o cümlədən akvakultura, ovçuluq, tullantı suların axıdılması, yanğından mühafizə və digər məqsədlər üçün istifadə edilə bilər. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən, ümumi istifadədə olan su obyektləri — istifadəsi hamı üçün mümkün və açıq olan su obyektləridir. Fiziki şəxslər belə su obyektlərindən öz ehtiyaclarını təmin etmək məqsədi ilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) pulsuz istifadə edirlər. Həmin Məcəllənin 38-ci madəsinə əsaəsn, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən, su obyektlərindən kənd təsərrüfatı ehtiyacları üçün istifadə, sudan istifadə limitlərinə riayət etməklə, ümumi və xüsusi məqsədlər üçün istifadə qaydasında həyata keçirilir. Məhkəmə cavabdehin həyətində yerləşən bulaqdan onun payın düşən hissəsinin bölünməsi tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı Gədəbəy rayonu, Çalburun kəndində “Vələsti” adlanan ərazidən Cavabdeh ilə şərikli qaydada çəkdikləri və halhazırda Gədəbəy rayonu, Çalburun kəndində Cavabdeh yaşadığı evin həyətində yerləşən bulaqdan onun payına düşən hissəsinin bölünməsi tələb etsə də, iddiaçı həmin bulaqdan onun payının olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Həmçinin mübahisəli su obyekti ümumi istifadədədir. Bu suyun istifadəsi hamı üçün eynidir. Həmin sudan istifadəyə hər hansı şəxsin üstün hüququ istisna edilir və həmin sudan hamı bərabər istifadə etməlidir. Azərbaycan Respublikasının MM-nin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 144.5-cü maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Qeyd edilən hüquq normalarından göründüyü kimi, payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin, iddiaçı qeyd edilən su obyektindən payının müəyyən edilməsini tələb etməsinə baxmayaraq, həmin əmlakın dövlət reyestrində qeydə alınması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Odur ki, iddia tələbi bu hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Gədəbəy rayonu, Çalburun kəndində Cavabdeh yaşadığı evin həyətində yerləşən bulaqdan İddiaçı yaşadığı evə su çəkməyinə ( Cavabdeh sudan istifadəsinə maneə yaratmadan) Cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy rayonu, Çalburun kəndində Cavabdeh yaşadığı evin həyətində yerləşən bulaqdan İddiaçı yaşadığı evə su çəkməsinə (Cavabdeh sudan istifadəsinə maneə yaratmadan) Cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar