Məhkəmə qərarları › İş №2(042)-1011/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1011/2022

14.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1011/2022 14.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X4, Cavabdeh7 və Cavabdeh8 qarşı “sudan istifadəyə yaradılan maneələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Gədəbəy rayonu, Arıxdam kənd ərazisində onun mülkiyyətində olan, “Qarasu” dərəsindəki ağaclıq adlanan sahədən gələn su bulağından onun istifadə etməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Kamil oğlu, Cavabdeh7 və Cavabdeh8 tərəfindən yaradılan hər cür müdaxiləyə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Arıxdam kəndində yaşayır. Həmin ünvanda onun özünə məxsus fərdi yaşayış evi vardır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 30 yanvar 1998-ci il tarixli qərarı ilə sabiq M.Quliyev sovxozuna məxsus olmuş 1962-ci ildə tikilmiş 120 başlıq inək tövləsi və ona bitişik buzov damı və həmin obyektlərə xidmət edən su kəməri ona satılmışdır. Bu barədə Arıxdam kənd AİK-in xx.xx.1998-ci il tarixli, 11 nömrəli protokolu tərtib edilmişdir. Həmin protokolda M.Quliyev sovxozuna məxsus olmuş 1962-ci ildə tikilmiş, 1962-ci ildən istismar olunan 120 başlıq inək tövləsi, ona bitişik buzov damı və həmin obyektlərə xidmət edən “Qarasu” dərəsindəki ağaclıqdan 1300 metr məsafədən 32 mm diametrlik su kəməri ******* manat (o vaxtkı Azərbaycan manatı ilə) dəyərind ona satılaraq xüsusi mülkiyyətinə verilməsi qeyd edilmişdir. O, həmin obyektlərin və onlara xidmət edən su kəmərinin dəyirini ödəmişdir. Bu barədə ödəniş qəbzini ərizənə əlavə etmişdir. Obyektlərə dair onun adına texniki pasport tərtib edilmişdir. 2021-ci ilə qədər həmin obyektlər və su kəməri onun mülkiyyətində olmuş, hal-hazırda da onun mülkiyyətindədir. 2021-ci ilədək o həmin su kəməri ilə gələn sudan istifadə etmişdir. 2021ci ilin yaz aylarında cavabdehlər həmin suyun mənbəyini onun icazəsi olmadan dağıdaraq yenidən təmir etmişlər. Bulağın onun mülkiyyətində olmasına baxmayaraq suyun mənsəbində kiçik ölçülü hovuz tikərək kənd sakinlərinin də həmin sudan istifadə etməsinə şərait yaratmışdır. Hal-hazırda həmin cavabdehlər onun özünə həmin sudan istifadə etməsinə imkan vermirlər. Sudan istifadə edərkən cavabdehlər qarşısını kəsərək həmin sudan istifadə etmək haqqının olmadını bildirmişlər. Baxmayaraq ki, su onun mülkiyyətindədir. Cavabdehlərin bu hərəkətləri tamamilə qanunsuz olamaqla onun sözügedən sudan istifadə etmək hüquqlarını kobud surətdə pozur. Ona görə də o məhkəmədə iddia qaldıraraq Gədəbəy rayonu, Arıxdam kənd ərazisində onun mülkiyyətində olan, “Qarasu" dərəsindən ağaclıq adlanan sahədən gələn su bulağından onun istifadə etməsinə cavabdehlər tərəfindən yaradlıan hər cür müdaxiləyə son qoyulmasını tələb etməli olmuşdur. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasında iddia tələbini etiraf etdi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Arıxdam kəndində yaşayır. Mübahisəli su bulağı cavabdehlər tərəfindən təmir edilmişdir. Həmin vaxt iddiaçı orda olmamışdır. Hazırda digər cavabdehlər iddiaçının sudan istifadəsinə maneə yaradırlar. İddiaçının sudan istifadə etməsinə onun heç bir etirazı yoxdur. İddia tələbinin təmin edilməsinə etiraz etmir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh8 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə qeyd edilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Gədəbəy rayonunun Arıxdam kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon Aqrar İslah Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 nömrəli protokolunun surətindən görünür ki, M.Quliyev sovxozuna məxsus olmuş 1962-ci ildə tikilmiş, 1962-ci ildən istismar olunan 120 başlıq inək tövləsi, ona bitişik buzov damı və həmin obyektlərə xidmət edən “Qarasu” dərəsindəki ağaclıqdan 1300 metr məsafədən 32 mm diametrlik su kəməri ******* manat (o vaxtkı Azərbaycan manatı ilə) dəyərində İddiaçı satılaraq xüsusi mülkiyyətinə verilmişdir. Bununla bağlı Gədəbəy rayon Aqrar İslahat Komissiyası tərəfindən texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və X1 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçı iddia ərizəsində qeyd etdiyi mübahisələndirilən su obyektindən maneəsiz istifadəsinə cavabdeh tərəfindən maneələr yaradıldığını sübut etməlidir. Beləliklə, məhkəmə iclasında işdə iştirakı edən şəxslərin izahatı və iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslah Komissiyasının xx.xx.1998ci il tarixli, 11 nömrəli protokolu ilə M.Quliyev sovxozuna məxsus olmuş 1962-ci ildə tikilmiş, 1962-ci ildən istismar olunan 120 başlıq inək tövləsi, ona bitişik buzov damı və həmin obyektlərə xidmət edən “Qarasu” dərəsindəki ağaclıqdan 1300 metr məsafədən 32 mm diametrlik su kəməri ******* manat (o vaxtkı Azərbaycan manatı ilə) dəyərində İddiaçı satılaraq qanuni sahibliyinə verilmişdir. Bununla bağlı Gədəbəy rayon Aqrar İslahat Komissiyası tərəfindən texniki pasport tərtib edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq, mübahisəli su bulağından istifadə etməsinə cavabdehlər tərəfindən maneələr yaradıldığını bildirmişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək, yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasım və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri bələdiyyənin səlahiyyətlərinə aid etmişdir. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun 10cu maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar, habelə yaşayış məntəqələri daxilində ümumi istifadədə olan içməli məqsədlər üçün istifadə olunan bulaqlar, quyular, kəhrizlər istisna olunmaqla bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadə olunur. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadə qaydaları və şərtləri Azərbaycan Respublikasının su qanunvericiliyi və digər müvafiq qanunvericilik aktları, bələdiyyə aktları ilə müəyyən edilir. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadənin əsas məqsədi aşağıdakılardır; bələdiyyə ərazisindəki su ehtiyatlarından səmərəli istifadənin təmin olunması; suyun dəqiq uçotunun aparılması; su təchizatına yönəldilmiş xərclərin ödənilməsi; suvarma və su kəmərləri sistemlərinin yeni avadanlıqlarla təchiz olunmasının yaxşılaşdırılması; yeni su mənbələrinin yaradılması. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan istifadə haqqı və onun diferensiallaşdırılması suyun keyfiyyətindən, istifadəyə görə təyinatından (içməli, texniki, suvarma və s.), su ehtiyatlarının və ona tələbatın fəsillər üzrə dəyişkənliyindən, su təsərrüfatı obyektinin texniki səviyyəsindən, suyun götürülmə və nəql edilmə üsullarından və istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq bələdiyyələr tərəfindən müəyyən edilir. Məhkəmə hazırki mübahisəni hərtərəfli və obyektiv şəkildə araşdıraraq belə bir nəticəyə gəlir ki, mübahisəli su bulağı Gədəbəy rayon Aqrar İslah Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 nömrəli protokoluna əsasən, iddiaçının qanuni sahibliyinə verilmişdir. Cavabdehlər tərəfindən isə mübahisəli su bulağına hər hansı hüququnun olmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişlər. Cavabdehlərdən məhkəmə iclasında iştirak etmiş X5 izahatında iddiaçının mübahisəli su bulağından istifadə etməsinə cavabdehlər tərəfindən maneələrin yaradılmasını təkzib etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli su bulağı iddiaçının qanuni sahibliyindədir və onun həmin su bulağından maneəsiz olaraq istifadə etmək hüququ varıdır. Onun həmin bulaqdan istifadə etməsinə hər hansı maneənin yaradılması hüquqlarının pozulması ilə nəticənə bilər. Ona görə də cavabdehlər tərəfindən İddiaçı qanuni sahibliyində olan su bulağından istifadə etməsinə yaradılan hər cür müdaxilələrə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Gədəbəy rayonu, Arıxdam kənd ərazisində yerləşən, Gədəbəy rayon Aqrar İslah Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 nömrəli protokoluna əsasən İddiaçı qanuni sahibliyində olan, “Qarasu” dərəsindəki ağaclıq adlanan sahədən gələn su bulağından onun istifadə etməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Kamil oğlu, Cavabdeh7 və Cavabdeh8 tərəfindən yaradılan hər cür müdaxilələrə son qoyulmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 100 manat dövlət rüsumu ödənilmişdir . Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gədəbəy rayonu, Arıxdam kənd ərazisində yerləşən, Gədəbəy rayon Aqrar İslah Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 nömrəli protokoluna əsasən İddiaçı qanuni sahibliyində olan, “Qarasu” dərəsindəki ağaclıq adlanan sahədən gələn su bulağından onun istifadə etməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Kamil oğlu, Cavabdeh7 və Cavabdeh8 tərəfindən yaradılan hər cür müdaxilələrə son qoyulsun. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Kamil oğlundan, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada alınıb İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar