Məhkəmə qərarları › İş №2(042)-1027/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1027/2023

02.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1027/2023 02.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona çatası 500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsmünun alınıb ona verilməsinə dair çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə xeyli vaxtır ki, tanışlığı olmuşdur. Bir-birlərinə etibarları olmuşdur. Cavabdeh çobanlıq edir. O, 2022-ci il tarixdə 8 baş xırdabuynuzlu ana qoyun alaraq cavabdehin heyvanlarına qatmışdır. O, 2023-cü il tarixdə heyvanlarını seçən zaman onun iki ana qoynunun olmaması müəyyən olmuşdur. O, Cavabdeh iki baş ana qoynunun verilməsini tələb etsə də, cavabdeh müxtəlif bahanələr gətirərək gah heyvanlarının öldüyünü, gah itdiyini bildirrərək heyvanlarını ona qaytaracağını bildirmişdir. Lakin Cavabdeh onun heyvanlarını verməmişdir. O, bununla bağlı Gədəbəy rayon Polis şöbəsinə müraciət etmiş, polis şöbəsi tərəfindən ona xx.xx.2023-cü il tarixli məktub verilərək adiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh tərəfindən ona 500 manat ziyan vurulmuşdur. Lakin bugünkü günədək cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. O, hər dəfə pulunu istədikdə cavabdeh bəhanələr gətirərək onu aldadır. Ona görə də, o məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, ona məxsus 8 baş xırda buynuzlu heyvanı və bir baş iri buynuzlu heyvanı saxlaması üçün cavabdehə vermiş, lakin cavabdeh ona məxsus olan heyvanlardan iki baş xırdabuynuzlu ana qoyunları ona qaytarmamışdır. O, həmçinin cavabdehin oğlunu işə düzəltmiş və heyvalarının saxlanılması üçün cavabdehə 120 ot kipi və yem alıb vermişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, heyvandarlıqla məşğul olur. İddiaçı ilə onun tanışlığı olmuşdur. İddiaçı onun oğlunu işə düzəltmişdir. O, isə bunun qarşılığından iddiaçının heyvanlarını saxlayacağını bildirmişdir. İddiaçı ona məxsus 8 baş xırdabuynuzlu və 1 baş iri buynuzlu heyvanı saxlanılması üçün onlara məxsus heyvanlara qatmışdır. İddiaçının heyvanları yaşlı olmuş və o iddiaçıya həmin heyvanların yaşlı olduğunu və həmin heyvanları satıb yenisini almasını bildirmişdir. Lakin iddiaçı buna məhəl qoymamışdır. İddiaçıya məxsus heyvanlardan biri yaşlı və xəstə olduğuna görə, biri isə it xəsarət yetirdiyinə görə ölmüşdür. O, bu barədə iddiaçıya məlumat vermişdir. Bir baş xırdabuynuzlu heyvanın yaylaqda saxlanılmaq haqqı 5-10 manat aralığında, qışlaqda saxlanılmaq haqqı 35 manat, bir baş iribuynuzlu heyvanın qışlaqda saxlanılmaq haqqı isə 400 manatdır. Lakin o iddiaçıdan heyvanların saxlanılması üçün pul almamışdır.İddiaçı heyvanların saxlanılmaq haqqını ödədiyi təqdirdə ölmüş heyvanların dəyərini ödəməyə razıdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, işdə olan Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 157 nömrəli arayışdan görünür ki, 2 ədəd 2 illik boğaz qoyunun qiyməti 360-370 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehlərdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-in (bundan sonra MPM) 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunan hüquq normaları baxımından məhkəmə qeyd edir ki, İddiaçı onunla Cavabdeh arasında ümumilikdə 8 baş xırdabuynuzlu heyvanın və 1 baş iribuynuzlu heyvanın müxtəlif vaxtlarda 2021-2023-cü illər aralığında yaylaq və qışlaqda saxlanmasına görə şifahi tapşırıq müqaviləsinin olmasını, həmin heyvanların cavabdehə təhvil verilməsini və daha sonra cavabdehə verilmiş heyvanlardan iki baş xırdabuynuzlu heyvanın iddiaçıya qaytarılmamasını və bunun nəticəsində ona ziyan dəyməsini sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinə əsasən, bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Məhkəmə iclasında işin mübahisələndirilməyən hallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında olan şifahi tapşırıq müqaviləsinə əsasən, İddiaçı məxsus 8 baş xırdabuynuzlu və 1 baş iribuynuzlu heyvanın cavabdeh tərəfindən 2021-2023-cü illər aralığında müxtəlif vaxtlarda saxlamaq üçün razılığa gəlmişlər. İddiaçı məxsus 8 baş xırdabuynuzlu və 1 baş iribuynuzlu heyvan cavabdehə saxlanılması üçün təhvil verilmişdir. Bu faktı cavabdeh də mübahisələndirməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdehin aralarında olan şifahi tapşırıq müqaviləsinə əsasən, iddiaçı ona məxsus heyvanların saxlanılması üçün cavabdehə təhvil vermiş, cavabdeh isə heyvanların saxlanılmasını və həmin heyvanları aralarında razılaşdırılmış vaxtda iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh isə öz üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yertirməmiş və 2023-cü il tarixdə razılaşma üzrə heyvanları iddiaçıya qaytararkən təhvil götürdüyü heyvanlardan 2 baş xırdabuynuzlu heyvanı (2 baş ana qoyunu) qaytarmamışdır. Belə olan halda, iddiaçıya həmin xırdabuynuzlu heyvanın dəyərində, yəni 370 manat məbləğində ziyan dəymişdir. Odur ki, iddiaçı həmin məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən. mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir.) Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə cavabdehdən alınıb iddiaçıya verilməli ziyanın qiyməti məsələsini həll edərkən hesab edir ki, cavabdehdən alınmalı olan xırdabuynuzlu heyvanların dəyəri müəyyən edilərkən Gədəbəy rayon "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 157 nömrəli qiymətləndirmə barədə arayışın yuxarı həddi əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 370 manat məbləğində pul alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 370 (üç yüz yetmiş) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar