Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1031/2020 25.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmə iddia qaldıraraq Cavabdeh ona vurulmuş maddi ziyana görə 11500 manat pulun, çəkdiyi xərcə görə 150 manat xərcin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, ünvan 1 ünvanında yaşayır. O, hal-hazırda subaydır və bir övladı var. xx.xx.2016-cı il tarixdə Cavabdeh ilə qeyri-rəsmi evlənmişlər. Birgə yaşadıqları dövrdə onların xx.xx.2016cı il təvəllüdlü X3 adında bir övladları olmuşdur. Aralarında olan ünsiyyət pozulduğundan onlar ayrılmışdır. O, övladının yetkinlik yaşına çatanadək saxlanması üçün 120 manat məbləğində aliment ödəyir. xx xxxx 1995-ci il tarixdə Gədəbəy rayonu Qumlu sovxozunun əmək kollektivi şurasının xx.xx.1995-ci il tarixli, 2 saylı ümumi iclasının, Gədəbəy rayonu XDS-nin xx.xx.1995-ci il tarixli, 65 saylı qərarlarına və Respublika Dövlət Torpaq Komitəsinin xx.xx.1995-ci il tarixli, 17-9/361 saylı rəyinə əsasən ona 0.06 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədi ilə yer üzərində ara nişanları qoyularaq daimi istifadasinə verilmiş, həmin torpaq sahəsində iki otaqlı fərdi yaşayış evi tikdirmişdir. Onun evi olan vaxt cavabdeh və övladı Yusiflə ona məxsus fərdi yaşayış evində yaşamışlar. Sonradan o, qazancı az olduğuna görə atası ilə birlikdə Rusiya Federasiyasına işləməyə getmiş, iki ay işləyib qayıtdıqdan sonra o, görmüşdür ki, cavabdeh ona məxsus olan evi sökmüş, hətta evin daş divarlarını söküb yerlə yeksan etmiş, evin sökülmüş hissələrini və evin içərisində olan əşyaları özbaşına aparmışdır. Beləliklə, cavabdeh ona məxsus sahəsi 140 m² olan evinin söküb aparması nəticəsində ona 23000 manat maddi ziyan vurmuşdur. Həmin məbləğin yarısı olan 11500 manatın cavabdehdən alınması üçün məhkəməyə müraciət etməli olmuşdur. Həmin evin ona məxsus olmasına dair sənədi yoxdur. Cavabdeh ondan sığınacaq istəmişdir. O, isə evinin sökülməsinə görə dəymiş maddi ziyanın ödənilməsini istəyir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, o, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. O, iddiaçı ilə 2016-cı il tarixdə qeyri-rəsmi olaraq evlənmişdir. Onlar iki ildən çoxdur ki, ayrılmışdır. O, məhkəmədə İddiaçı qarşı iddia qaldıraraq cavabdehə məxsus olan evdən istifadə hüququnun verilməsini tələb etmişdir. İddiaçı isə indiyədək həmin mübahisəli evlə bağlı məhkəməyə müraciət etməmiş, o, cavabdehə məxsus olan evdən istifadə hüququnun verilməsini tələb etdiyinə görə, məhkəməyə müraciət etmişdir. İddiaçının ona qarşı qaldırdığı iddia tamamilə əsasızdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 497 saylı arayışdan görünür ki, İddiaçı şəhər İƏD üzrə nümayəndəliyin 17 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 91-ci səhifəsində qeyd edilmişdir. İşdə olan “Torpaqdan istifadə hüququna dair” xx xxxx 1995-ci il tarixli, aktdan görünür ki, Gədəbəy rayonu Qumlu sovxozunun əmək kollektivi şurasının xx.xx.1995-ci il tarixli, 2 saylı ümumi iclasının, Gədəbəy rayonu XDS-nin xx.xx.1995-ci il tarixli, 65 saylı qərarlarına və Respublika Dövlət Torpaq Komitəsinin xx.xx.1995-ci il tarixli, 17-9/361 saylı rəyinə əsasən İddiaçı 0.06 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədi ilə yer üzərində ara nişanları qoyularaq daimi istifadasinə verilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(042)-635/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, xx xxx 2018-ci il tarixdən başlayaraq, xx xxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay sabit pul məbləğində 120 manat aliment alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. MM-in 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı cavabdehin ona məxsus olan fərid yaşayış evini sökməsi və evin içərisində olan əşyaları aparması nəticəsində ona 11500 manat maddi ziyan vurulduğunu sübut etməlidir. Məhkəmədə müəyyən edildi ki, iddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehin ona məxsus olan fərdi yaşayış evinin sökməsi və evin içərisində olan əşyaları aparması nəticəsində ona maddi ziyan dəydiyini iddia etmişdir. “Torpaqdan istifadə hüququna dair” xx xxxx 1995-ci il tarixli, aktdan görünür ki, xx xxxx 1995-ci il tarixdə Gədəbəy rayonu Qumlu sovxozunun əmək kollektivi şurasının xx.xx.1995-ci il tarixli, 2 saylı ümumi iclasının, Gədəbəy rayonu XDS-nin xx.xx.1995-ci il tarixli, 65 saylı qərarlarına və Respublika Dövlət Torpaq Komitəsinin xx.xx.1995-ci il tarixli, 17-9/361 saylı rəyinə əsasən İddiaçı 0.06 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədi ilə yer üzərində ara nişanları qoyularaq daimi istifadəsinə verilmişdir. Lakin məhkəmə həmin sənədlə evin iddiaçıya məxsus olması faktı kimi qəbul etmir. Belə olan halda iddiaçı məhkəmə iclasında həmin evin mövcudluğu, evin iddiaçıya hər hansı hüquqi sənədlə məxsus olmasını və cavabdehin həmin evi sökərək ona maddi ziyan vurmasını təsdiq edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1031/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1031/2020
25.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver