Məhkəmə qərarları › İş №2(042)-1070/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1070/2024

19.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1070/2024 19.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, İddiaçı və cavabdeh Gədəbəy Kommunal Müəssisələri Kombinatının rəisi X16 iştirakları ilə İddiaçı cavabdeh Gədəbəy Kommunal Müəssisələri Kombinatına qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X1rşı cavabdehdən 8379 manat borc, ödənilmiş 104 manat dövlət rüsumunun, borcun alınması məqsədi ilə xərclədiyi yol xərclərinə görə 100 manat və hüquqi yardımla əlaqədar xərclənmiş 50 manat, cəmi, 8633 manatın alınaraq, ona verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə 01 fevral 2023-cü il tarixdən 04 aprel 2023-cü il tarixədək Gədəbəy Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsini müvəqqəti icra etmişdir. Həmin vəzifəni icra etdiyi müddətdə “ASAN” imza aktiv olmadığından yerli icra hakimiyyəti orqanının tapşırığını vaxtında yerinə yetirmək və ehtimadı doğrultmaq üçün öz şəxsi vəsaiti hesabına kombinata məxsus xüsusi təyinatlı nasaz texnikalara yeni ehtiyyat hissələri almış və sıradan çıxan hissələri təmir etdirmişdir. İşçilərin xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə onları mövsümlə əlaqədar zəruri ehtiyac olunan şiş, lapatka, kürək, süpürgə və sair avadanlıqlarla təmin etmişdir. Bu dövr ərzində ümumilikdə kombinata çəkdiyi xərc 8379 manat olmuşdur. Çəkdiyi xərclər kombinatın bir sıra işçilərinin iştirakı ilə sənədləşdirilmiş və təsdiqedici sənədlərin surətlərini kombinatın mühasibatlığına təhvil vermişdir. Bu dövr ərzində çəkdiyi xərclərə görə cavabdehin ona olan borcunun ödənilməsi üçün xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin ona əsassız olaraq imtina edilmişdir. Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının rəisi Fuad Bayramov xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xərclənən vəsaitlə bağlı Kombinatın mühasibatlığında hər hansı təsdiqedici sənəd mövcüd deyildir. Bundan başqa, ərizəyə əlavə etdiyi aktlarda adları qeyd olunan əməkdaşlar, güya, qeyd etdiyi məsələlərlə əlaqədar məlumatlarının olmadıqları barədə izahatlar vermişlər. Halbuki, həmin məktubda göstərilənlər yalandır. Müvafiq sənədlər Kombinata təqdim edilmişdir. Məktubda qeyd olunan şəxslər bu faktı təsdiq edə bilərlər. İddia ərizəsinə əlavə edilmiş onun, Gədəbəy Kommunal Müəssisələri Kombinatının yerli Həmkarlar Təşkilatının sədri və icraçısı X19, sürücülər X4, X8, X5, X11, X17 və X9 iştirakları ilə tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan və cədvəldən görünür ki, 01 fevral 2023-cü 1 tarixdən 04 aprel 2023-cü il tarixədək yəni, Gədəbəy Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsini müvəqqəti icra edən zaman Gədəbəy şəhərinin ərazisindəki park, meydança və küçələrdə mütəmadi təmizlik işlərinin aparılması və şəhər ərazisində yaranmış məişət tullantılarının vaxtı-vaxtmda daşınması üçün Gədəbəy Kommunal Müəssisələri Kombinatına məxsus xüsusi təyinatlı texnikalarda yaranmış nasazlığı aradan qaldırılmasını Baş mühəndis İddiaçı öz şəxsi vəsaiti ilə təmir etdirmişdir. Bununla da o, Kombinatın iş əmsalını artırılmasına və xidmət səviyyəsinin yüksəldilməsinə öz töhvəsini vermişdir. Ərizəyə əlavə edilmiş Gədəbəy Kommunal Müəssisələri Kombinatının yerli Həmkarlar Təşkilatının sədri və icraçısı X19, briqadir X3, fəhlələr X12, X24 və X14 iştirakları ilə tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan və cədvəldən görünür ki, Gədəbəy şəhərinin ərazisindəki park, meydança və küçələrdə mütəmadi təmizlik işlərinin aparılması üçün Gədəbəy Kommunal Müəssisələri Kombinatında çalışan işçilərin xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə Kombinatının rəisi əvəzi İddiaçı öz şəxsi vəsaiti hesabına idarəyə avadanlıqlar almışdır. Ərizəyə əlavə edilmiş “Qaimə Fakturalar” ilə çəkdiyi xərclər təsdiq edilmişdir. O, cavabdehdən borcun ödənilməsini tələb etsə də, cavabdeh ödəməkdən boyun qaçırmışdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Gədəbəy Kommunal Müəssisələri Kombinatının rəisi X22 iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçının rəis vəzifəsini müvəqqəti icra etdiyi dövrdə, guya, xərclədiyi vəsaitin qaytarılması ilə əlaqədar müraciəti üzrə araşdırılma aparılmış, mühasibatlıqda hər hansı təsdiqedici sənəd,yəni, akt və ya qaimə aşkar edilməmişdir. İddiaçının təqdim etdiyi sənədlər sonradan geri tarixlə tərtib edilmişdir. İddiaçı öz vəsaiti hesabına heç bir iş görməmişdir. Bundan başqa, iddiaçının göstərdiyi əməkdaşlar da iddiaçının hər hansı xərclər çəkdiyini təsdiq etməmişlər. Əgər iddiaçının Kombinatın işi ilə əlaqədar şəxsi xərcləri olmuşdursa, xidməti vəzifəsinə görə bilməli idi ki, bunun qaytarılması hər hansı qanun və ya qayda ilə tənzimlənmir, yəni, qaytarılması mümkün deyildir. İddiaçı bunu bilirdi və buna görə də öz şəxsi vəsaitini Kombinat üçün xərcləməzdi. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək, bildirmişdir ki, iddiaçının sifarişi ilə Kombinata məxsus nəqliyyat vasitəsini iddiaçının vəsaiti hesabına təmir etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini, işdə olan sübutları və işin faktiki hallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni, cavabdehin ona borcunun yaranması, yaranmışsa belə, borcun miqdarını, həmçinin, yarandığı ehtimal edilən borcun qaytarılması üçün çəkdiyi xərcləri təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən o halı da nəzərə alır ki, iddiaçı cavabdehin ondan hər hansı xidmətlərin göstərməsini, xərclər çəkməsini tələb etməsini də sübut etməmişdir. Yəni, cavabdehin iddiaçının hesabına əsassız varlanması halı müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçı cavabdeh tərəfindən görülən işlərin səmərəliyinin artırılması məqsədilə xərclər çəkmişdirsə belə, bunu öz təşəbbüsü ilə etmiş və bu əvvəzsiz edilmiş hədiyyə kimi qiymətləndirilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar