Məhkəmə qərarları › İş №2(042)-1088/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1088/2021

30.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1088/2021 30.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona vurulmuş maddi ziyana görə 1360 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 1390 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, Gədəbəy rayonu, Pirbulaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Onun mərhum atası X6 adına olmaqla bizə Pirbulaq kəndində pay torpaq sahəsi verilmişdir (torpaq sahəsinin sənədi: JN- 108 KOD ********). O, həmin torpaq sahəsində hər ilə kənd təsərrüfatı məhsulları əkir. 2021-ci ildə də torpaq sahəsinin 1 ha hissəsində kök məhsulu əkmişdir. Məhsuldarlıq yüksək olmuşdur. Buna baxmayaraq cavabdehlər özlərinə məxsus iribuynuzlu mal-qaranı onun əkin sahəsinə buraxaraq məhsulunu yararsız hala salmışlar. O, dəfələrlə onlara xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Sonuncu dəfə 22 sentyabr 2021-ci ildə cavabdehlərə məxsus iribuynuzlu heyvanlar kök sahəsinə girmiş və ziyanlıq vurmuşdur. Bununla əlaqədar DİN-in 102 xidmətinə şikayət etmiş, şikayəti ilə əlaqədar ona məsələ mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də o cavabdehlərdən onun kök sahəsinə vurduqları ziyanın əvəzinin ödənilməsini istəyir. Həmçinin, cavabdehlərin ona vurduğu ziyan 1360 manat təşkil edir. Belə ki, X16 İnkişaf Mərkəzi tərəfindən verilmiş rəydən görünür ki, Mərkəzin əməkdaşları ona məxsus torpaq sahəsinin 1 ha hissəsində əkilmiş kök sahəsinə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, səpin aparılmış kök sahəsindən 15-17 ton kök məhsulu əldə etmək olardı. Beləliklə, vətəndaşın əkin edilmiş kök sahəsinə iribuynuzlu mal-qara tərəfindən 1500-1700 kq çəkidə ziyan dəymişdir. Eləcə də Limited Responcible Society "xxxx" MMC tərəfindən verilmiş 28.09.2021 -ci il tarixli arayışdan görünür ki, 1 kq kökün dəyər qiyməti 0.60-0.80 manat təşkil edir. Bu hesabla cavabdehlər tərəfindən ona 1360 manat (1700 kq x 0.80 manat = 1360 manat) maddi ziyan dəymişdir. Odur ki, o, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əvvəlki məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etmədilər və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Pirbulaq kəndində yaşayır. İddiaçı onun kürəkənidir. Təxminən 75 baş iribuynuzlu heyvan iddiaçıya məxsus kök sahəsinə girmişdir. Həmin əkin sahəsinə girən mal-qara cavabdehlərə məxsus mal-qara olmuşdur. Mal-qaranın əkin sahəsinə görməsini, o, da görmüşdür. X2 və X7 məhkəmə iclasında X3 ilə eyni məzmunlu izahat verərək, cavabdehlərə məxsus mal-qaranın iddiaçıya məxsus əkin sahəsinə daxil olub ona ziyan vurmasını təsdiq etdilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan JN-108 KOD 50521028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1999-cu il tarixli, 06 nömrəli qərarı ilə Gədəbəy rayonu, Pirbulaq kəndində X8 və onun ailə üzvlərinə 2.55 ha torpaq sahəsi verilmişdir. İşdə olan AZ-İ № 135314 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 06.12.2005-cı il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy rayon X11 tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı müraciəti əsasında onun əkin etdiyi 1 ha kök sahəsinə baxış keçirilmiş və baxiş zamanı müəyyən edilmişdir ki, vətəndaşın əkin etdiyi 1 ha kök sahisə iribuynuzlu mal-qaralar tərəfindən ciddi ziyan dəymişdir. Həmin ərazidən 1 ha kök sahəsinə 10 faiz ziyan dəymişdir. Səpin aparılmış kök sahəsindən 15-17 ton kök məhsulu əldə etmək olardı. Beləliklə vətəndaşın əkin edilmiş kök sahəsinə iribuynuzlu mal-qaralar tərəfindən 1500-1700 kq çəkidə məhsuluna ziyan dəymişdir. İşdə olan Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 28 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndində fəaliyyət göstərən "xxxx" MMC-də 1 kq kökün dəyər qiyməti 60-80 qəpikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehlərdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunan hüquq normaları baxımından məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus olan əkin sahəsinə cavabdehlərə məxsus iribuynuzlu heyvanların görməsini, bunun nəticəsində ona maddi ziyan dəydiyini və bu ziyanın vurulmasında cavabdehin təqsirli hərəkətlərinin olmasını sübuta yetirməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1999-cu il tarixli, 06 nömrəli qərarı ilə X8 və ailə üzvlərinə (həmçinin İddiaçı) 2.55 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 1 ha hissəsində iddiaçı kök bitkisi əkmişdir. Əkin sahəsinə cavabdehlərə məxsus iribuynuzlu heyvanların girməsi və nəticədə bitkinin 10 faizinin yarasız hala salınması, işdə olan sübutlarla, şahid ifadələri, eləcə də Gədəbəy rayon X4 rəy ilə öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsinin 1 ha hissəsindən 2021ci ildə əldə ediləcək məhsulun 10 faiz hissəsinin dəyərini əldən çıxmış fayda olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Məhkəmə əldən çıxmış fayda olan kök məhsulunun qiyməti məsələsini və nə qədər çəkidə ziyan dəyməsini həll edərkən hesab edir ki, cavabdehlərdən alınmalı olan kök məhsulunun dəyəri müəyyən edilərkən iş materiallarında olan Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 28 sentyabr 2021-ci il tarixli qiymətləndirmə barədə arayışda qeyd edilmiş qiymətlərin aşağı həddi, eləcə də Gədəbəy rayon X11 rəyində həmin əkin məhsulunun 10 faizinə, yəni 1500-1700 kq ziyan dəydiyi göstərilən məhsulunun aşağı həddi əsas götürülməlidir. Bu hesabla mübahisəli 1500 kiloqram kökdən 900 manat (1500 x 0.60 manat = 900 manat) qazanc əldə etmək olardı. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı əldən çıxmış fayda olaraq vurulmuş maddi ziyana görə 900 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 930 manat məbləğində pul alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı əldən çıxmış fayda olaraq vurulmuş maddi ziyana görə 900 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 930 (doqquz yüz otuz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar