Məhkəmə qərarları › İş №2(042)-109/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-109/2022

08.08.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-109/2022 08.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “avtomobil yolundan istifadəyə yaradılan müdaxilələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşən, ona məxsus olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0,12 ha həyətyanı torpaq sahəsinə gedən avtomobil yoluna Cavabdeh tökdüyü daş və zibil tullantılarının cavabdehin hesabına yoldan götürülərək həmin avtomobil yolundan istifadə etməyinə törətdiyi müdaxilələrə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Pirbulaq kəndində yaşayır. Həmin ünvanda ona məxsus ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi vardır. Həmin ev və torpaq sahəsi mərhum anası X2 miras qalmışdır və həmin mirası faktiki olaraq o qəbul etmişdir. Hal-hazırda mülk onun sahibliyində və istifadəsindədir. Evinə və həyətyanı torpaq sahəsinə avtomaşın yolu nəzərdə tutulmuşdur ki, həmin yol qonşuluqda yaşayan, hazırda cavabdeh olan Cavabdeh yaşadığı evin alt tərəfindən keçir. Cavabdeh ona məxsus mülkə gedən avtomaşın yoluna daş və zibil tullantıları tökərək onun gediş-gəlişimə maneə yaradır. O, ailə üzvləri ilə bərabər dəfələrlə yolu təmizləsə də cavabdeh qəsdən yenə də yola daş və zibil tullantıları ataraq yolunu kəsir. Cavabdehin bu qanunsuz hərəkətləri barədə kənd bələdiyyəsinə, icra nümayəndəliyinə və polisə müraciət etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Bir sözlə, cavabdeh yolunu kəsərək ona öz mülkiyətindən rahat, maneəsiz istifadə etməyinə imkan vermir. Bununla da cavabdeh onun mülkiyyət hüquqlarını kobud surətdə pozur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, iddiaçının iddia etdiyi yol onun torpağıdır. Həmin torpaq sahəsi ona məxsusdur. İddiaçının özünə məxsus yolu vardır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Pirbulaq kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən vermiş 27 noyabr 2020-ci il tarixli, 208\2 saylı arayışdan görünür ki, Gədəbəy rayonu, Pirbulaq kəndində qeydiyyat olan İddiaçı Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan 2001-2005-ci il illərə dair Ərtəpə kənd İƏD üzrə nümayəndəliyinin 3 nömrəli təsərrüfatbaşına kitabında mərhum anası X3 adına 160 nömrəli təsərrüfat qeyd edilmiş və ailə üzvü kimi ailə başçısı X4 qeyd edilmişdir. Torpaq qrafasında 0.10 ha əkin və 0.02 ha tikintialtı olmaqla ümumilikdə 0.12 ha torpaq sahəsi qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X5 xx.xx.1956-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş, atası qrafası boş saxlanılmış, anası qrafasında X4 qeyd edilmişdir. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X4 xx.xx.2002-ci il tarixdə Gədəbəy rayonu, Pirbulaq kəndində ölmüşdür. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindən verilmiş 17 dekabr 2020-ci il tarixli, məktubdan görünür ki, İddiaçı mərhum anası X2 miras qalmış Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşən fərdi yaşayış evinə, həyətyanı torpaq sahəsinə və çöl torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 17 dekabr 2020-ci il tarixdə notariat ofisinə ərizə ilə müraciət etmiş, lakin, fərdi yaşayış evinə və torpaq sahəsinə dair reyestrdən çıxarış alınmadığına görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İşdə olan Gədəbəy RİHB-nın Ərtəpə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilə mərhum anası X4 ölən bir günə kimi başqa təsərrüfatda olmasına baxmayaraq birgə yaşayışlar və mərhum anası xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. İddiaçı ayrı təsərrüfatda olmasına baxmayaraq 1992-ci il tarixdə mərhum anası X1 ilə birgə təsərrüfatı idarə etmişlər. Başqa yerdə yaşayan ailə üzvlərinə mərhumun qızı X8, oğlu X11 və oğlu X9 qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə, Ələkbərov Əİmir Musa oğlu isə xx.xx.2006-cı il tarixdə ölmüşlər. İşdə olan JN-084A KOD 50521028 saylı və JN-084B KOD 50521028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 06 saylı qərarı ilə Gədəbəy rayonu, Pirbulaq kəndində Cavabdeh və onun ailə üzvlərinə 0.07 və 0.05 ha torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis arayışından görünür ki, mübahisəli ərazinin koordinatları götürülmüş, lakin faktiki istifadə vəziyyəti ilə Pirbulaq kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsi arasında uyğunsuzluq olduğundan qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzi tərəfindən verilmiş 23 may 2022-ci il tarixli məlumatdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışda göstərilən səbəblərə görə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İşdə olan yerində müayinə iclasının protokolundan görünür ki, mübahisəli avtomobil yolu Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşir. İddiaçı yaşadığı mübahisəli fərdi yaşayış evinə gediş-gəliş yolu mövcuddur. Həmin gediş-gəliş yolu Cavabdeh həyətyanı torpaq sahəsinə çəkilmiş hasarın yanından keçir. İddiaçı həmin mübahisəli avtomobil yoluna cavabdeh tərəfindən daş və zibil töküldüyü bildirilsə də, yerində müayinə iclası zamanı bu hallar aşkar edilməmişdir. Məhkəmədə tərəflərin izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı mərhum anası X3 adına Gədəbəy rayonu, Pirbulaq kəndində 0.12 ha torpaq sahəsi qeyd edilmişdir. İddiaçı hazırda həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşadığını və torpaq sahəsini idarə etdiyini bildirmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq, ona məxsus fərdi yaşayış evinə və torpaq sahəsinə gedən avtomobil yoluna cavabdeh tərəfindən daş və zibil tullantılar tökülərək avtomobil yolundan istifadəsinə maneələr yaradıldığını bildirmiş və cavabdeh tərəfindən tökülmüş daş və zibil tullantılarının cavabdehin hesabına yoldan götürülərək həmin avtomobil yolundan onun istifadəsinə yaradılan müdaxilələrə son qoyulmasını tələb etmişdir. İddiaçının iddia tələbinin qanuni əsaslarını Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 157.4-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı tərəfindən edilən müdaxilələrə son qoyulması tələb olunan avtomobil yolu qanunla nəzərdə tutulmuş yol olmalı, həmin yoldan iddiaçının istifadə etməsinə cavabdeh tərəfindən maneələr yaradılmalı və həmin maneələr qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan hüquq normasının tələbinə görə, iddiaçı avtomobil yolunun gedişgəlişinə maneə aradan qaldırılmasını tələb etdiyi torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyətçisi olmasını, həmin torpaq sahəsinə və fərdi yaşayış evinə gedən yolun qanunla nəzərdə tutulmuş yol olmasını və cavabdeh tərəfindən həmin yoldan istifadəsinə müdaxilələrin olmasını sübut etmə vəzifəsi daşıyır. İddiaçı mübahisələndirilən torpaq sahəsinin ona məxsusluğunu sübuta yetirmək üçün məhkəməyə Gədəbəy rayon Dövlət Arxivindən arayış təqdim etmiş və həmin torpaq sahəsinə gedən avtomobil yoluna müdaxilələrin olmasını iddia etmişdir. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilmişdir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət reyestrinin aparılmasını təmin etmək məqsədilə torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi torpaq sahəsinin planı və ölçüsünə əsasən daşınmaz əmlakın dövlət reyestri xidməti orqanı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, gediş-gəliş üçün avtomobil yoluna edilən müdaxilələrə son qoyulması tələb etdiyi torpaq sahəsinin İddiaçı mülkiyyət hüququ ilə məxsus olmasını təsdiq edən sənəd olmasa da, həmin torpaq sahəsinin ona məxsusluğu mübahisələndirilmir. Belə ki, 2001-2005-ci il illərə dair Ərtəpə kənd İƏD üzrə nümayəndəliyinin 3 nömrəli təsərrüfatbaşına kitabında iddiaçının mərhum anasının adına cəmi 0.12 ha torpaq sahəsi qeyd edilmiş və həmin torpaq sahəsinə X4, onun ölümündən sonra isə oğlu İddiaçı faktiki sahiblik etmişdir. Bu baxımdan iddiaçının (mərhum anasının) həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestri xidməti orqanında dövlət qeydiyyatına aldırmaqda hər hansı maneələrin olmadığını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının fərdi yaşayış evi və torpaq üzərində hüquqları mülkiyyət hüququ kimi qiymətəndirilməlidir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent huqununa istinad edərək hesab edir ki, fərdi yaşayış evinə və torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun gözləntisi olduğundan həmin əmlak onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Belə olan halda, İddiaçı həmin torpaq sahəsinə gedən avtomobil yoluna edilən müdaxilələrə son qoyulması ilə əlaqədar iddia qaldırmaq üçün subyektik hüququ vardır. Mübahisənin düzgün həlli üçün məhkəmə tərəfindən İddiaçı istifadəsində olan fərdi yaşayış evinə və torpaq sahəsinə avtomobil yolunun nəzərdə tutulub-tutulmamasının, həmin avtomobil yolunun cavabdehə məxsus torpaq sahəsində keçib-keçməməsinin müəyyən edilməsi məqsədi ilə mütəxəssis cəlb edilmiş və eskpertiza təyin edilmişdir. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 01 mart 2022-ci il tarixli mütəxəssis arayışına əsasən, mübahisəli ərazinin koordinatları götürülmüş, lakin faktiki istifadə vəziyyət ilə Pirbulaq kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsi arasında uyğunsuzluq olduğundan qərardadda qoyulmuş sualların cavablandırılmasının mümkün olmadığı qeyd edilmiş, eyni səbəbə görə Azərbaycan Respublikası Məhkəmə Ekspertizası tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Bununla da, mübahisəli torpaq sahəsinə avtomobil yolunun nəzərdə tutulub-tutulmasını və həmin yolun cavabdehə məxsus torpaq sahəsində keçib-keçməməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa məhkəmə tərəfindən mübahisəli ərazi yerində müayinə edilmiş, İddiaçı yaşadığı fərdi yaşayış evinə gediş-gəliş yolunun mövcud olması, həmin gediş-gəliş yolunun Cavabdeh həyətyanı torpaq sahəsinə çəkilmiş hasarın yanından keçməsi müəyyən edilmiş, lakin, İddiaçı həmin mübahisəli avtomobil yoluna cavabdeh tərəfindən daş və zibil töküldüyünü bildirilsə də, yerində müayinə iclası zamanı bu hallar aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə və torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolu mövcuddur və iddiaçı həmin avtomobil yolundan istifadəsinə cavabdeh tərəfindən müdaxilələrin olmasını bildirmişdir. Belə olan halda iddiaçı mülkiyyət hüquqlarını rahat və maneəsiz şəkildə həyata keçirmək üçün həmin yoldan istifadə etməyə haqlıdır. Ona görə də o, cavabdeh tərəfindən həmin avtomobil yolunun istifadəsinə yaradılan hər cür qanunsuz maneələrə son qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı yaşadığı Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsinə gedən avtomobil yoluna Cavabdeh tərəfindən edilən hər cür maneələrə son qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun bir hissəsi iddiaçıya, bir hissəsi isə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsinə gedən avtomobil yoluna Cavabdeh tərəfindən edilən hər cür maneələrə son qoyulsun. İddia tələbin qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh alınıb İddiaçı verilsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar