Məhkəmə qərarları › İş №2(042)-11/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-11/2025

10.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-11/2025 10.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı nümayəndələri Nümayəndə və Vəkil iştirakları ilə İddiaçı cavabdehlər X6, X7 və X2 qarşı ölçmə işlərinin aparılmasına törədilən maneələrin aradan qaldırılması, torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və qeyri yaşayış sahəsindən çıxarılma və pul tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı Gədəbəy Rayon Aqrar islahat Komissiyasının 27 iyul 1998ci il tarixli 08 saylı qərarı ilə mülkiyyətinə verilmiş Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına cavabdehin yaratdığı maneələrə son qoyulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə prosesində iddia tələbinin həcmini artırmış, cavabdehlər X6, X7 və X2 qarşı həm də cavabdehlərin Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə mülkiyyətinə verilmiş Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən və həmin torpaq sahəsində inşa edilmiş qeyriyaşayış sahəsindən (mağaza) çıxarılması və həmin fərdi yaşayış evindən istifadə etdikləri dövr üçün 57.600 manat və qeyri-yaşayış sahəsindən istifadə etdikləri dövr üçün 115.200 manat, ümumilikdə 172.800 manat pulun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçının mülkiyyətinə Gədəbəy rayonu, Novoivanovka kəndində 0.25 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə "Torpağın Mülkiyyətə Verilməsinə Dair" Şəhadətnamə tərtib edilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi və başqa tikililər vardır. İddiaçı Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün xx.xx.2023-cii il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətlə əlaqədar Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə baxış keçirilməsi üçün 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları 30 oktyabr 2023-cü il tarixdə əraziyə getmiş, lakin Cavabdeh ölçmə işlərinə maneələr yaratmışdır və bu səbəbdən torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Cavabdehin bu qanunsuz hərəkətləri iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Bundan sonra o, maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin icraatı Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 08 nömrəli qərarının X4 aid hissədə və "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin tam ləğv olunmnası haqqında inzibati məhkəmənin icraatında olan işə baxılıb qərar verilənədək dayandırılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır və qərardad 28 avqust 2024-cü il tarixdə qüvvəyə minmişdir. Hazırda cavabdehlər iddiaçının mülkiyyətinə verilmiş Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 0.25 ha. həyətyanı torpaq sahəsində yerləşən yaşayış evini kirayə müqaviləsi ilə kirayəyə vermişlər və gəlir əldə edirlər. Ona görə də iddiaçı iddia tələbinin həcmini artırmış, maneənin aradan qaldırılması, torpaq sahəsi və evdən çıxarılma, torpaq sahəsində inşa olunmuş yaşayış və qeyri-yaşayış sahələrindən istifadə edilmə miiddəti ərzində iddiaçıya vurulmuş zərərin də ödənilməsini istəyir. Cavabdehlər Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsindən çıxarılmalı və həmin fərdi yaşayış evindən istifadə etdikləri dövr üçün hər ay 200 manat, cəmi, 57.600 manat və qeyri-yaşayış sahəsindən istifadə etdikləri dövr üçün hər ay 400 manat, cəmi, 115.200 manat, ümumilikdə, 172.800 manat cavabdehlərdən alınaraq, iddiaçıya verilməlidir. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi Vəkil da eyniməzmunlu izahat verərək, iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərmiş, mübahisə edilən yaşayış evində yaşamadığını bildirmiş və onun bu iş üzrə cavabdeh kimi qəbul edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Torpağa Mülkiyyətə Verilməsinə Dair JN 087D Kod 50500028 saylı Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar islahat Komissiyasının 27 iyul 1998-ci il tarixli 08 saylı qərarı ilə Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını və işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Novoivanovka kəndi ərazisində yerləşən 0,25 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınması üçün ölçmə işləri aparılmalıdır. Lakin cavabdehlər bu işlərin aparılmasına mane olur, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi və üzərində yerləşən yaşayış və qeyri yaşayış sahələrindən çıxmırlar. Məhkəmənin qənaətinə görə, iddaçının mülkiyyətində olan torpaq sahəsinin obyektiv kordinantları həddində əmlakına edilən istənilən müdaxilədən müdafiə hüququ var. Cavabdehlər torpaq sahəsində ölçmə işlərinin aparılmasına maneələr yaratmalarını və torpaq sahəsindən çıxmamalarını, torpaq sahəsinin iddiaçınını mülkiyyətinə qeyri-qanuni yolla keçməsi ilə əsaslandırsalar da, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. İddiaçı isə cavabdehlərdən pul tələbi ilə əlaqədar istinad etdiyi faktiki halları, təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbləri qismən təmin edilməli, cavabdehlərə iddiaçının mülkiyyətində verilmiş Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 0.25 ha torpaq sahəsində ölçmə işlərinə manelər törədilməsi qadağan edilməli, cavabdehlər həmin torpaq sahəsinin koordinanları ilə müəyyən edilmiş hüdudları daxilində yerləşən yaşayış və qeyriyaşayış yerindən çıxarılmalıdırlar. İddia ərizəsi pul tələbi hissəsində təmin edilməməli, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə uyğun olaraq, cavabdehlərdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh, X7 və X2 X3 mülkiyyətində verilmiş Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 0.25 ha torpaq sahəsində ölçmə işlərinə manelər törədilməsi qadağan edilsin, Cavabdeh, X7 və X5 həmin torpaq sahəsinin koordinanları ilə müəyyən edilmiş hüdudları daxilində yerləşən yaşayış və qeyri-yaşayış yerlərindən çıxarılsınlar. İddia ərizəsi pul tələbi hissəsində təmin edilməsin. Cavabdeh, X7 və X1 çəkilmiş məhkəmə xərclərinin 100 manat hissəsi alınaraq, X4 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar