Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-110/2024 09.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X8 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X8 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi və tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X8 Mərkəzi məhkəmədə iddia qaldıraraq cavabdeh Gədəbəy rayonu, Dəyirmandağ kənd sakini Cavabdeh dövlət meşə fonduna vurmuş olduğu 264 manat ziyanlığın ödənilməsi və meşə ərazisində quraşdırılmış mal-qara saxlanılması üçün sığırxananın sökülməsi, eyni zamanda meşə ərazisinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 14 saylı X8 Mərkəzinin əməkdaşları tərəfindən meşələrin qorunub mühafizə olunma vəziyyətinin araşdırmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə Qalakənd meşəbəyliyinin 5 saylı meşə dolayısında qəfləti yoxlama aparılmışdır. Belə ki, vətəndaş Cavabdeh özünə məxsus 12 baş iri buynuzlu mal-qaranı meşə ərazisində otardığı və mal-qara saxlanması üçün sığırxana tikdiyi üçün təqsirli bilindiyinə görə barəsində akt tərtib edilmişdir. Bununla da o, Azərbaycan Respublikası Nazirlər Kabinentinin 31 yanvar 2019-cü il tarixli 30 saylı qərarının 3-cü əlavəsinin 3.2.1-ci bəndinin tələblərini pozduğuna əsasən Dövlət meşə fonduna 264 manat məbləğində ziyan vurmuşdur. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X8 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxaşr izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, onun 62 yaşı var və xəstədir. Maddi imkanı aşağıdır. O, meşəyə heç bir ziyan vurmamışdır. Hesablanmış ziyandan 100 manat ödəyə bilər. 10 baş iribuynuzlu mal-qarası vardır. Sığırxana uzun müddət bundan əvvəl tikilmişdir. Sığırxananın olduğu yer, yəni heyvanlarını saxladığı yer hazırda meşə təsərrüfatının ərazisidir. Odur ki, maddi vəziyyətinin nəzərə alınmasını xahiş etdi. X6 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayır. 14 saylı X8 Mərkəzinin Gədəbəy meşəbəyliyi üzrə meşə əkin mühəndisi vəzifəsində işləyir. Onlar tərəfindən Qalakənd meşəbəyliyinin 5 saylı meşə dolayısında yoxlama aparılan zaman Cavabdeh sığırxana tikməklə meşə təsərrüfatı ərazisində malqara saxladığı müəyyən edilmişdir. Bundan əvvəl də Cavabdeh xəbərdarlıq edilmişdir. Yoxlamada komissiyanın sədri Azad Mustafayev, o, meşəbəyi Elman Cəfərov və meşə gözətçisi Mehdi Hüseynov iştirak etmişdir. Mal-qaranın foto şəkilləri meşə gözətçisi tərəfindən çəkilərək onlara göndərilmişdir. Cavabdeh xəbərdarlıqlara məhəl qoymamışdır. Cavabdeh deməsinə görə uzun müddətdir ki, həmin ərazidə mal-qara saxlayır. X1 məhkəmə iclasında bildirdi ki, Gədəbəy rayonu,Blankənd kəndində yaşayır. Qalakənd meşəbəyliyinin 5 saylı meşə dolayısının meşə gözətçisi vəzifəsində işləyir. Cavabdeh Qalakənd meşəbəyliyinin 5 saylı meşə dolayısının ərazisində mal-qara saxlayır. Həmin mal-qaralar meşə ərazisinə ziyan vurur. O, cavabdehə meşə ərazisində mal-qara saxlamağa icazə olmadığını bildirsə də, cavabdeh buna məhəl qoymamışdır. Bundan sonra o, 14 saylı X8 Mərkəzinə bu barədə məlumat vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işdə olan 26 iyun 2023-cü il tarixdə tərtib edilmiş aktdan və meşə qanunvericiliyinin pozulmasına dair qiymətləndirmə cədvəlindən görünür ki, 14 saylı X8 Mərkəzinin əməkdaşları tərəfindən meşələrin qorunub mühafizə olunma vəziyyətinin araşdırmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə Qalakənd meşəbəyliyinin 5 saylı meşə dolayısında qəfləti yoxlama aparılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, cavabdeh Qalakənd meşəbəyliyinin 5 saylı meşə dolayısında mal-qara saxlanılması üçün sığırxana tikmiş və meşə ərazisində 12 baş iribuynuzlu mal-qara saxlamış və nəticə də, meşə fonduna 264 manat məbləğində ziyan vurmuşdur. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh meşə ərazisində 12 baş iribuynuzlu mal-qara saxladığına görə barəsində Azərbaycan Respublikasının İXM-nin 257-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək həmin maddə ilə təqsirli bilinmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, 14 saylı X8 Mərkəzinin əməkdaşları tərəfindən meşələrin qorunub mühafizə olunma vəziyyətinin araşdırmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə Qalakənd meşəbəyliyinin 5 saylı meşə dolayısında qəfləti yoxlama aparılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, cavabdeh Mürsəlov X3 meşəbəyliyinin 5 saylı meşə dolayısında mal-qara saxlanılması üçün özbaşına sığırxana tikmiş və meşə ərazisində 12 baş iribuynuzlu mal-qara saxlamışdır. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə 14 saylı X8 Mərkəzinin əməkdaşları tərəfindən akt tərtib edilmiş və Cavabdeh tərəfindən meşə fonduna 264 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Eləcə də, meşə ərazisində 12 baş iribuynuzlu mal-qara saxladığına görə Cavabdeh barəsində İXM-nin 257-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində meşə fonduna ziyan vurulması iş materiallarında olan aktla və digər sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 15-ci maddəsinə əsasən, meşə fondu sahələrindən istifadə hüququnun əsasları aşağıdakılardır: müqavilələr; məhkəmə qərarları; bu Məcəllə ilə yol verilən digər əsaslar. Meşə sahələrindən istifadə hüququ, kütləvi servitut istisna olmaqla, meşə fondu sahələrinin icarə müqaviləsinin dövlət qeydiyyatından keçdiyi, meşəqırma bileti, order, meşə bileti alındığı vaxtdan əldə edilir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 16-cı maddəsinə əsasən, meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün hüquq verən sənəddir. Həmin Məcəllənin 49-cü maddəsinə əsasən, Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakı hüquqlara malikdirlər: onların istifadəsinə verilmiş meşə fondu sahələri barədə məlumat almaq; müəyyən edilmiş həddə meşə fondundan istifadə; meşədən istifadə müddətində meşə fondundan istifadə ilə bağlı məqsədlər üçün müəyyən edilmiş qaydada tikililər, qurğular, oduncaq saxlamaq üçün yerlər düzəltmək; Azərbaycan Respublikasının meşə qanunvericiliyinə zidd olmayan digər hüquqlar. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 50-ci maddəsinə əsasən, meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakılara əməl etməyə borcludurlar: meşə fondu sahələrindən Azərbaycan Respublikasının meşə qanunvericiliyinə uyğun olaraq istifadə etmək; meşə fondu sahələrinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl etmək; əhalinin sağlamlığına, ətraf mühitə ziyan vurmamaq; meşə fondundan torpaq eroziyasına səbəb olmayan, meşənin vəziyyətinə və bərpasına, habelə suyun və digər təbii obyektlərin vəziyyətinə mənfi təsir göstərməyən üsullarla istifadə etmək; Həmin Məcəllənin 64-cü maddəsinə əsasən, meşə gəliri köküstü oduncaq buraxılışı və meşədən digər istifadələrə görə, habelə meşə fonduna vurulan zərər və itkiyə görə ödəmələrdən ibarətdir. Ödəmələr meşə məzənnələri əsasında hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən. mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, meşə fondu sahələrindən istifadə hüququ Azərbaycan Respublikası Meşə Məcəlləsinin 15-16-cı maddələrində qeyd edilən əsaslarla yaranır. Lakin məhkəmədə müəyyən edildi ki, cavabdehin meşə ərazisində mal-qara saxlaması üçün heç bir icazə sənədi və ya istifadə hüququ olmamış, meşə qanunvericiliyinin tələblərini pozmuşdur. Belə olan halda, cavabdehin qanunsuz hərəkətləri nəticəsində meşə fonduna ziyan dəymişdir. Həmçinin cavabdeh meşə fonduna aid olan ərazidə mal-qaranın saxlanılması üçün özbaşına olaraq sığırxana tikmişdir. Meşə qanunvericiliyinə əsasən meşə fonduna aid ərazidə meşədən istifadə müddətində meşə fondundan istifadə ilə bağlı məqsədlər üçün müəyyən edilmiş qaydada tikililər inşa edilə bilər. Lakin cavabdeh tərəfindən inşa edilmiş sığırxana özünə məxsus heyvanların saxlanılması məqsədi daşımaqla, heç bir icazə alınmadan və heç bir istifadə hüququ olmadan özbaşına olaraq inşa edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı vurulmuş ziyanın cavabdeh tərəfindən ödənilməsini və cavabdeh tərəfindən meşə fonduna aid ərazidə inşa edilmiş sığırxananın sökülməsini tələb etməkdə haqlıdır. İddia tələbinin əsaslılığı tərəflərin izahatı, şahid ifadələri və işdə olan sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya vurduğu maddi zərəri tam həcmdə ödəməli, meşə fondu ərazisində özbaşına olaraq tikilmiş sığırxana sökülməli və meşə ərazisi əvvəlki vəziyyətinə qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh dövlət meşə fonduna vurmuş olduğu ziyana görə 264 (iki yüz altmış dörd) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X8 Mərkəzinə ödənilsin. Cavabdeh tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X8 Mərkəzi Qalakənd meşəbəyliyinin 5 saylı meşə dolayısı ərazisində tikilmiş sığırxana sökülsün və meşə ərazisi əvvəlki vəziyyətinə qaytarılsın. Cavabdeh 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-110/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-110/2024
09.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver