Məhkəmə qərarları › İş №2(042)-1105/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1105/2022

20.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1105/2022 20.12.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzi məhkəmədə iddia qaldıraraq cavabdeh Gədəbəy rayonu İnəkboğan kənd sakini Cavabdeh dövlət meşə fonduna vurmuş olduğu 107.19 manat ziyanlığın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, X11 X7 meşəbəyliyinin 10 saylı meşə dolayısında Şəmkir RMTMnin əməkdaşları tərəfindən 04 iyul 2022-ci il tarixdə qəfləti yoxlama zamanı meşə ərazisində Gədəbəy rayonu İnəkboğan kənd sakini Cavabdeh heç bir icazə sənədi olmadan qanunsuz (özbaşına) olaraq quru odun daşıdığı zaman mərkəzin əməkdaşları tərəfindən saxlanılmış barəsində akt və inzibati protokol tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixdə Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısının meşə gözətçisi X2 məlumatı yerində araşdırılarkən Cavabdeh yenidən heç bir icazə sənədi olmadan qanunsuz (özbaşına) olaraq köküstə yaş halda vələs cinsindən 24 sm 2 (iki) ədəd, Vələs cinsindən 24 sm olan üç ədəd, 28 sm iki ədəd ümumilikdə 7 ədəd ağacı kəsərək doğradığı aşkar olunmuş və barəsində akt tərtib edilmişdir. Beləliklə Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinentinin 27 dekabr 1993-cü il tarixli 636 saylı və "Meşə Qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında 2004-cü il 30 sentyabr tarixli 145 saylı qərarlarına dəyişikliklər edilməsi haqqında 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarla təsdiq edilmiş 7 nömrəli əlavəsinə əsasən ümumilikdə Dövlət meşə fonduna 107.19 manat məbləğində ziyan vurmuşdur. Odur ki, o, iddianın təmin edilməsini, meşə fonduna vurulmuş zərərin əvəzinin cavabdehdən alınmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən etiraf etdi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, İnəkboğan kənd İƏD üzrə nümayəndəliyinin Köhnəqışlaq kəndində yaşayır. Meşə ərazisində olan qırıntıları yığaraq onların satışı ilə məşğul olur. O, ağacları kəsməmiş sadəcə qırıntı halında olan ağacları daşımışdır. 5 saylı meşə dolayısında isə bir quru vələs ağacını kəsmişdir. Lakin, X11 Təsərrüfatı Mərkəzi tərəfindən onun üstünə bir neçə ağac yazılmışdır. O, iddia ərizəsində göstərilən qədər ağac kəsməmişdir. O, öz kəsdiyi ağaclara görə vurulmuş ziyanını ödəməyinə etirazı yoxdur. Sadəcə ağacların saylı ilə razı deyildir. X1 məhkəmə iclasında bildirdi ki, o, Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısının meşə gözətçisi vəzifəsində işləyir. O, Gədəbəy rayonu, Çobankənd kəndində yaşayır. Cavabdeh isə Gədəbəy rayonu, İnəkboğan kəndində yaşayır. Cavabdehin meşə ərazisində ağac kəsməsini o aşkar etmiş və meşəbəyinə məlumat vermişdir. Cavabdehin təxminnə 5-6 fıstıq ağacını kəsdiyini görmüşdür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işdə olan 04 iyul 2022-ci il tarixdə tərtib edilmiş 58020 nömrəli aktdan və həmin aktla əlaqədar həcm hesablama cədvəlindən görünür ki, Gədəbəy rayonu, İnəkboğan kənd İƏD üzrə nümayəndəliyinin Köhnəqışlaq kənd sakini Cavabdeh heç bir buraxılış orderi olmadan, qanunsuz olaraq 10 saylı meşə dolayısının ərazisində idarə etdiyi “Uaz” markalı nömrəsi oxunmayan avtomaşınla 2 m3 quru odun aparması aşkar edilmişdir. Bununla da Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinentinin 27 dekabr 1993-cü il tarixli 636 saylı və "Meşə Qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında 2004-cü il 30 sentyabr tarixli 145 saylı qərarlarına dəyişikliklər edilməsi haqqında 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarla təsdiq edilmiş 7 nömrəli əlavəsinə əsasən meşə fonduna 20.72 manat ziyan vurmuşdur. İşdə olan 16 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş 58047 nömrəli aktdan və həmin aktla əlaqədar həcm hesablama cədvəlindən görünür ki, 5 saylı meşə dolayısının meşə gözətçisi X2 məlumatı əsasında 5 saylı meşə dolayısının ərazisinə bais keçirilmiş və baxış zamanı edilmişdir ki, Gədəbəy rayonu, İnəkboğan kənd İƏD üzrə nümayəndəliyinin Köhnəqışlaq kənd sakini Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli, 636 və xx.xx.2019-cu il tarixli, 30 saylı qərarının tələblərini pozaraq 5 saylı meşə dolayısının ərazisində qanunsuz olaraq fıstıq cinsindən odunluq 24 sm üç ədəd 28 sm-dən iki ədəd vələs cinsindən 24 sm-dən iki ədəd cəmi yeddi ədəd ağacları kökü üstə yaş halda kəsməsi müəyyən edilmişdir. Bununla da Cavabdeh tərəfindən meşə fonduna 86.47 manat məbləğində ziyan dəymişdir. İşdə olan 05 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəmkir RMTM-nin Şınıx meşəbəyliyinin 10 saylı meşə dolayısında qanunsuz olaraq quru odun aparmış və bununla da Azərbaycan Respublikasının İXM-nin 252-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Gədəbəy rayonu, İnəkboğan kənd İƏD üzrə nümayəndəliyinin Köhnəqışlaq kənd sakini Cavabdeh heç bir buraxılış orderi (icazəsi) olmadan, Şəmkir RMTM-nin Şınıx meşəbəyliyinin 10 saylı meşə dolayısından və Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısından ümumilikdə 2 m3 quru odun aparması və köküstə yaş halda vələs cinsindən 24 sm iki ədəd, vələs cinsindən 24 sm olan üç ədəd, 28 sm iki ədəd ümumilikdə 7 ədəd ağacı kəsərək doğranıldığı aşkar edilmişdir. Bununla əlaqədar 16 sentyabr 2022-ci il tarixdə 58047 nömrəli və 04 iyul 2022-ci il tarixdə 58020 nömrəli aktları tərtib edilmiş və Cavabdeh tərəfindən meşə fonduna 107.19 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Eləcə də, 10 saylı meşə dolayısına vurulmuş ziyanla bağlı Cavabdeh barəsində İXM-nin 252-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə göndərilmişdir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində meşə fonduna ziyan vurulması iş materiallarında olan aktla, eləcə də şahid ifadəsi ilə və digər sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 16-cı maddəsinə əsasən, meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün hüquq verən sənəddir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən, meşə gəliri köküstü oduncaq buraxılışı və meşədən digər istifadələrə görə, habelə meşə fonduna vurulan zərər və itkiyə görə ödəmələrdən ibarətdir. Ödəmələr meşə məzənnələri əsasında hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən. mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, meşə fondunda olan sahələrdən istifadə hüququ meşəqırma biletinin, orderin və meşə biletinin əsasında yaranır. Lakin məhkəmədə müəyyən edildi ki, cavabdehin meşə fonduna aid olan ərazidən quru odun daşıyarkən və ya ağacları kəsərək apararkən heç bir meşəqırma bileti, order və meşə bileti olmamışdır. Belə olan halda, cavabdehin qanunsuz hərəkətləri nəticəsində meşə fonduna ziyan dəymiş və iddiaçı vurulmuş ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ona maddi zərər vurulmasını, maddi zərərin cavabdehin təqsirli hərəkəti nəticəsində vurulmasını təqdim etdiyi həqiqiliyi və mötəbərliyi şübhə doğurmayan sənədlərlə tam sübuta yetirdi. MPM-in 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya vurduğu maddi zərəri tam həcmdə ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 107 (yüz yeddi) manat 19 (on doqquz) qəpik məbləğində pul tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinə ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar