Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1107/2021 16.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC məhkəmədə sadələşdirilmiş icraata qaydasında iddia qaldıraraq, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 756.13 manat əsas, 200.34 manat faiz borcu, 2.33 manat cərimə borcu olmaqla, cəmi 958.80 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2 (042)-1107/2021 saylı qərardadı ilə, iddiaçı "xxxx" Kommersiya Bank ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddialara dair işlər üzrə mülki işin iddia icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı "xxxx" KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 20.08.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 25% ödəmək şərtilə 761 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə 28 sentyabr 2021-ci il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 756.13 manat əsas, 200.34 manat faiz, 2.33 manat cərimə, cəmi 958.80 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı "xxxx" KB ASC öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Türkan Piriyeva məhkəməyə ərizə verərək işə iddiaçının iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o, Azərbaycan Beynəlxalq Bankından 9400 manat, "xxxx" KB ASC-dən 760 manat kredit götürmüşdür. O, kredit borcunu vaxtlı-vaxtında ödəmişdir. Lakin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən ikinci Qarabağ müharibəsinə könüllü olaraq getmişdir. Cəbrayıl, Qubadlı və Laçın rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin vaxt Azərbaycan Beynəlxalq Bankı və "xxxx" KB ASC götürdüyü kreditə əlavə faizlər hesablamışdır. Azərbaycan Beynəlxalq Bank məhkəmə qərarı ilə ondan aylıq maaşının 50 faizini tutur. Ona görə də, borcunun Azərbaycan Beynəlxalq Bankına tutulan pulun 50 faizindən tutulmasını və faizlərin ləğv edilməsini istəyir. Məhkəmə cavabdeh dinləyib, işdəki sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan cavabdehə aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyev X2 şəhəri, 20 yanvar küçəsi, ev 19 ünvanında qeydiyyatdadır. İşdə olan 20.08.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Unibank” KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 25 faiz şərtilə 761 manat məbləğində kredit verilmişdir. İşdə olan 02.09.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 20.08.2020-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə olan borcu 756.13 manat məbləğində əsas, 200.34 manat məbləğində faiz, 2.33 manat məbləğində cərimə borcu olmaqla, cəmi 958.80 manat təşkil edir. İşdə olan İ-6004 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsi tərəfindən 13 oktyabr 2021-ci il tarixli, 625 nömrəli arayışdan görünür ki, Cavabdeh 03.07.2004-cü il tarixdən 04.01.2006-cı il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 29.09.2020-ci il tarixdən 27.12.2020-ci il tarixədək qismən səfərbərlikdə olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsi maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. İşin faktiki hallarından məlum olur ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı kredit borcunun və faizin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı işin faktiki hallarını, kreditorun əmlak mənafelərini nəzərə alaraq cavabdehin cərimədən azad edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası MM-in 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin gətirdiyi arqumentləri onun əsaslandırılmamış mülahizəsi hesab edir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 20.08.2020-ci il tarixli kredit müqaviləsi üzrə 756.13 manat əsas borc, 200.34 manat faiz borcu olmaqla, cəmi 956.47 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ümumilikdə 986.47 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 20.08.2020-ci il tarixli kredit müqaviləsi üzrə 756.13 manat əsas borc, 200.34 manat faiz borcu olmaqla, cəmi 956.47 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ümumilikdə 986 (doqquz yüz səksən altı) manat 47 (qırx yeddi) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1107/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1107/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver