Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1140/2021 02.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən ona vurulmuş maddi ziyana görə 171 manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, Gədəbəy rayonu, Arıqıran kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Birinci Qarabağ müharibəsi qazisidir, ikinci qrup əlildir. O, yaşadığı kənddə kənd təsərrüfatı ilə məşğul olur. 2021-ci ildə qohumuna məxsus torpaq sahəsinin 0.30 ha hissəsində yonca əkmişdir. Bunun üçün 9 kq yonca toxumu almışdır. Yoncanın toxumunun 1 kiloqramını 9 manata almaqla, cəmi 81 manat manat pul xərcləmişdir. Məhsuldarlıq yüksək olmuşdur. Buna baxmayaraq Cavabdeh özünə məxsus 31 baş xırdabuynuzlu heyvanları onun yonca əkdiyi sahəyə buraxaraq məhsulunu yararsız hala salmışdır. O, dəfələrlə ona xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Sonuncu dəfə 19 sentyabr 2021-ci ildə, saat 10 radələrində cavabdehə məxsus 31 baş xırdabuynuzlu heyvanlar yonca sahəsinə girmiş və ziyanlıq vurmuşdur. Bununla əlaqədar DİN-in 102 xidmətinə şikayət etmiş, şikayəti ilə əlaqədar ona məsələ mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi bildirimişdir. Ona görə də, o, cavabdehdən onun yonca sahənə vurduğu ziyanın əvəzinin ödənilməsini istəyir. Cavabdehə məxsus xırdabuynuzlu heyvanların yonca sahəsini yararsız hala salması ilə əlaqədar fotoşəkilləri ərizəsinə əlavə etmişdir. Cavabdehin ona vurduğu ziyan yonca toxumunun qiyməti olaraq 81 manat və vurulmuş ziyan olaraq 90 manat, cəmi 171 manat təşkil edir. Belə ki, X5 İnkişaf Mərkəzi tərəfindən verilmiş rəydən görünür ki, Mərkəzin əməkdaşları yonca əkdiyi 0.30 ha torpaq sahəsinə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, əkin aparılmış 0.30 ha yonca sahəsinin 20 faizinə ziyan dəymişdir. Bununla da orta hesabla 280-300 kq çəkidə yonca bitkisinə ziyan dəymişdir. Eləcə də Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 08.10.2021-ci il tarixli arayışdan görünür ki, 2021-ci ildə mərkəzi bazarda yonca presinin 1 kiloqramının qiyməti 0.25-0.30 manat təşkil edir. Bu hesabla cavabdeh tərəfindən ona yonca məhsulunu yararsız hala saldığına görə 90 manat (300 kq x 0.30 manat = 90 manat) maddi ziyan dəymişdir. Həmçinin, Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 12.10.2021 -ci il tarixli arayışdan görünür ki, 2021-ci ildə mərkəzi bazarda yonca toxumunun kiloqramının qiyməti 8-9 manat təşkil edir. O, 0.30 ha torpaq sahəsinə 9 kq yonca toxumu əkmişdir. Lakin cavabdehin təqsirli hərəkətləri nəticəsində onun yonca toxumu da yararsız hala düşmüşdür. Bu hesabla cavabdeh mənə yonca toxumuna görə 81 manat (9 kq x 9 manat = 81 manat) manat maddi ziyan vurmuşdur. Ziyanın əvəzinin cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, o, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və bildirdi ki, o, Gədəbəy rayonu, Arıqıran kəndində yaşayır. Ona məxsus xırdabuynuzlu heyvanlar iddiaçıya məxsus əkin sahəsinə girmişdir. İddiaçıya vurulmuş maddi ziyanı ödəməyə hazırdır. Lakin, cavabdehə məxsus lobya toxumuna ona məxsus heyvanlar tərəfindən ziyan dəyməsi isə əsassızdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon X4 tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı müraciəti əsasında onun əkin etdiyi 0.30 ha yonca sahəsinə baxış keçirilmiş və baxiş zamanı müəyyən edilmişdir ki, iribuynuzlu və xırdabuynuzlu mal-qara tərəfindən əkin edilmiş 0.30 ha yonca sahəsinin 20 faiz məsuluna ziyan dəymişdir. Vətəndaşa orta hesabla 280-300 kq çəkidə yonca bitkisinə ziyan dəymişdir. İşdə olan Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, 2021-ci il tarixdə mərkəzi bazarda yonca presinin hər 1 kq qiyməti 0.25-0.30 manat təşkil edir. İşdə olan Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, 2021-ci il tarixdə mərkəzi bazarda yonca toxumunun hər 1 kq qiyməti 8-9 manat təşkil edir. Ərizəsinə əsasən, sərf edilmiş toxum 9 kq olmuşdur. Cəmi 72-81 manat. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehlərdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini qismən etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, məhkəmə cavabdehin iddia tələbini qismən etiraf etməsini qəbul edir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunan hüquq normaları baxımından məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus olan əkin sahəsinə cavabdehlərə məxsus xırdabuynuzlu heyvanların görməsini, bunun nəticəsində ona maddi ziyan dəydiyini və bu ziyanın vurulmasında cavabdehin təqsirli hərəkətlərinin olmasını sübuta yetirməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Gədəbəy rayonu, Arıqıran kəndində 0.30 ha torpaq sahəsində yonca bitkisi əkmişdir. Əkin sahəsinə cavabdehə məxsus xırdabuynuzlu heyvanların girməsi və nəticədə bitkinin 20 faizinin yarasız hala salınması, işdə olan sübutlarla, tərəflərin izahatı, eləcə də Gədəbəy rayon X2 rəy ilə öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsində əkilmiş yonca məhsulun 20 faiz hissəsinin dəyərini əldən çıxmış fayda olaraq Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddiaçının yonca toxumuna vurulmuş ziyana görə pul tələbinə münasibət bildirərək qeyd edir ki, yonca toxumuna ziyan vurulması tərəflərin izahatı, eləcə də, işdə olan sübutlarla öz təsdiqini tapmır. Məhkəmə əldən çıxmış fayda olan yonca məhsulunun qiyməti məsələsini və nə qədər çəkidə ziyan dəyməsini həll edərkən hesab edir ki, cavabdehdən alınmalı olan yonca məhsulunun dəyəri müəyyən edilərkən iş materiallarında olan Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli qiymətləndirmə barədə arayışda qeyd edilmiş qiymətlərin yuxarı həddi, eləcə də Gədəbəy rayon X4 rəyində həmin əkin məhsulunun 20 faizinə yəni 280-300 kq ziyan dəydiyi göstərilən məhsulunun yuxarı həddi əsas götürülməlidir. Bu hesabla mübahisəli torpaq sahəsindən 300 kiloqram kökdən 90 manat (300 x 0.30 manat = 90 manat) qazanc əldə etmək olardı. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı əldən çıxmış fayda olaraq vurulmuş maddi ziyana görə 90 manat məbləğində pul alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı əldən çıxmış fayda olaraq vurulmuş maddi ziyana görə 90 (qoxsan) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1140/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1140/2021
02.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver