Məhkəmə qərarları › İş №2(042)-1142/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1142/2021

07.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1142/2021 07.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı MMC cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 14 manat 10 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 194 manat 45 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq. Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında, həmçinin Nizami rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Binəqədi rayonu ərazisində son zamanlar bir sıra vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə (5 illik) hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş 79 saylı MKİS-nin 183 №-li Arayışından görünür ki, qanunsuz qoşulmanın həyata keçirildiyi mənzil 09.02.2007-ci il tarixli, ********* №-li Qeydiyyat vəsiqəsinə əsasən cavabdehə məxsusdur. İddia ərizəsinə əlavə edilmiş AG Telekom MMC-nin 05.05.2021-ci il tarixli arayışından müəyyən olur ki, ünvan 1 ünvanında yaşamış Akif Quliyev ilə İddiaçı MMC arasında 13.04.2012-ci il tarixdə müqavilə bağlanmış, müqavilə əsasında mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün kabel televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01.08.2012-ci il tarixinədək etmiş və həmin ünvan 30.08.2012-ci il tarixdə 9 manat borcla şəbəkədən ayrılmışdır. 16.10.2012-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı müəyyən edilmiş, bu barədə 0237 KA saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə tərtib edilmiş aktdan görünür ki, cavabdeh “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulma həyata keçirmiş və həmin qoşulma nəticəsində "xxxx" MMC-yə maddi ziyan dəymişdir. Həmçinin tərtib edilmiş aktdan görünürki, qanunsuz qoşulma həyata keçirən mənzilin qapısı aktı təqdim etmək üçün döyülmüş, qapını açan Nigar Həsənova adlı vətəndaş kabel televiziyasından istifadə etdiyini ancaq qanunsuz qoşulmadan xəbəri olmadığını bildirmiş, aktı imza edərək qəbul etmişdir. Həmçinin kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Kabel şəbəkəsinə qanunsuz qoşulma faktı vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Mənzilin kabel şəbəkəsindən ayrıldığı 30.08.2012-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 16.10.2012-ci il tarixə qədər olan müddət 47 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 14 manat 10 qəpik təşkil edir. İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin həmin məktub geri qayıtmışdır. Göründüyü kimi cavabdeh qanunsuz və əsassız olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulmuş, bununla da MMC-yə maddi ziyan vurmuşdur. Cavabdehin bu mülki hüquq pozuntusu haqsız rəqabətə yol açmaqla yanaşı MMC-nin göstərdiyi xidmətlərdən əsassız və qanunsuz istifadəyə gətirib çıxarmışdır. Cavabdehin bu hərəkətlərinin qarşısı alınmayacağı təqdirdə gələcəkdə digər fiziki şəxslərə pis bir nümunə ola bilər. Bununla da sahibkar kimi müəssisənin normal iş fəaliyyəti mümkünsüz olamaqla yanaşı qeyd edilən hal kütləvilik təşkil edə bilər. Ona görə də, iddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X1 rayon Məhkəməsinə ərizə verərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 79 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 15.01.2013-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova 203B, mənzil 35 ünanında yerləşən ev ********* saylı, 09.02.2007-ci il tarixli qeydiyyat vəsiqəsi ilə adınadır, qeydiyyatı yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh 12.03.1979-cu tarixdə Gədəbəy rayonu, Arıxdam kəndində doğulmuş, hazırda həmin kənddə qeydiyyatdadır. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş 05 may 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova 203B, mənzil 35 ünvanında yerləşən mənzildə yaşayan Quliyev Akif arasında bağlanmış KATV 1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 13.04.2012-ci tarixdə həmin ünvan KATV 1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuşdur. 01.08.2012-ci il tarixədək isə son ödənişini etmişdir. 30.08.2012-ci il tarixində 9 manat borc ilə şəbəkə ayrılmışdır. İşdə olan “Ədalət-A” hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən tərtib edilmiş İddiaçı MMC-nin “KATV 1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 16 oktyabr 2012-ci il tarixli, 0237 KA saylı aktdan görünür ki, 16.10.2012-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova 203B, mənzil 35 ünvanında kabel şəbəkəsinə baxış keçirən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunan maddi və prosessual hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalı, həmin faktlardan hər hansı birinin mövcudluğuna görə iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 14.10 manat məbləğində ziyan vurulduğunu sübuta yetirməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, 16.10.2012-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı müəyyən edilmiş, bu barədə 0237 KA saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Mənzilin kabel şəbəkəsindən ayrıldığı 30.08.2012-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 16.10.2012-ci il tarixə qədər olan müddət 47 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 14 manat 10 qəpik təşkil etmişdir. Belə olan halda, iddiaçı həmin məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının “Telekommunikasiya haqqında” Qanununun 35-ci maddəsinə əsasən, telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.12.2005-ci il tarixli 227 saylı “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən “Dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir ”. Həmçinin, məhkəmə hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul tələb etməsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən məbləğin “Ədalət-A” hüquq firmasına ödənilməsi barədə qəbz işə materiallarına əlavə edilməsinə baxmayaraq, iş materiallarına xidmət göstərilməsinə dair müqavilə əlavə edilməmiş, ödənilmiş 150 manat pulu məhz cavabdehə məxsus ünvan 2 ünvana aparılmış nəzarət baxış ilə əlaqədar hesablanması və ödənilməsini təsdiq edən sübutlar əlavə edilməmişdir. Eləcə də, əgər maddi ziyan 14.10 manat təşkil etmişdirsə, cavabdehdən 150 manat xidmət haqqı tələb edilməsi ağılabatan və inandırıcı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 14.10 manat məbləğində vurulmuş zərərin əvəzi, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat məbləğində bank xidmət haqqının əvəzi, cəmi 44.5 manat məbləğində pul tutulub İddiaçı MMC-yə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 14.10 manat məbləğində vurulmuş zərərin əvəzi, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat məbləğində bank xidmət haqqının əvəzi, cəmi 44 (qırx dörd) manat 50 (əlli) qəpik məbləğində pul tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar