Məhkəmə qərarları › İş №2(042)-1172/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1172/2025

25.11.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1172/2025 25.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbi barədə mülki iş (açar sözlər: maneələrin aradan qaldırılması) hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh Cəmil oğluna qarşı Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən AN 105038 nömrəli X3 və ölçüsü sənədinə əsasən Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 29 may tarixli 06 nömrəli qərarı ilə ona verilmiş 6377.98 kv.m həyatyanı torpaq sahəsində ölçmə işləri aparılarkən cavabdehin hər cür müdaxiləsinə son qoyulması və məhkəmənin hesabına ödədiyi dövlət rüsumunun əvəzi olan 100 manat məbləğin cavabdehdən alınaraq ona verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 29 may tarixli 06 nömrəli qərarı ilə ona 6377.98 kv.m həyatyanı torpaq sahəsi verilmişdir. O, həmin torpaq sahəsində ev tikmiş və ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır.O, evinə və torpaq sahəsinə çıxarış almaq məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin əməkdaşları ölçmə işlərinin aparılması üçün əraziyə gəlmişlər. Lakin ona məxsus 6377.98 kv.m torpaq sahəsinin ölçülməsi mümkün olmamışdır. Cavabdeh ölçmə işlərini aparmaq istəyən əməkdaşlara mane olmuşdur. İdarə əməkdaşları ərazini tərk etmiş və ona bildirmişlər ki, müdaxilələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət edildiyi halda, yenidən gələrək ölçmə işlərini aparacaq və çıxarışın verilməsini təmin edə biləcəklər. O, cavabdehlə dəfələrlə razılığa gəlməyə çalışsa da, cavabdeh bu cəhdlərlə razılaşmamış və torpaq sahəsinin ölçülməsinə icazə verməmişdir.Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

7. Belə ki, - İşdə olan X1 kitabında xx.xx.2011-ci il tarixdə 211 nömrə ilə qeydə alınmış A № 105038 seriyalı X3 və ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarına əsasən Gədəbəy rayonu, Arıqıran kəndində İddiaçı 6377.98 kv.m torpaq sahəsi ayrılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, mütəxəssis tərəfindən işin icraatına uyğun olaraq, təqdim edilmiş sənədlərdə qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin yerində müayinə olunaraq ölçülməsi zərurəti yaranmışdır. Bu zaman, sözügedən fərdi yaşayış evi üzərində mübahisəli hal aşkar edilmiş və nəticədə qeyd olunan fərdi yaşayış evi üzərində ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Ona görə də təqdim edilən sənədlərdə göstərilən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır.

8. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 9 . Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

10. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

11. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X1 kitabında xx.xx.2011-ci il tarixdə 211 nömrə ilə qeydə alınmış A № 105038 seriyalı X3 və ölçüsü sənədinə əsasən Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı əsasında Gədəbəy rayonu, Arıqıran kəndində İddiaçı 6377.98 kv.m ha torpaq sahəsi verilmişdir.İddiaçı sözügedən daşınmaz əmlakı dövlət reyestrində qeydə alınması ilə əlaqədar müraciət etsə də, cavabdeh tərəfindən ölçü işlərinin aparılmasına maneələr yaradılmışdır. Məhkəmənin qənaətinə görə ölçmə işləri texniki prosedur olaraq, hər hansı bir şəxsin hüquqlarının pozulmasına səbəb ola bilməz.Ona görə də iddia tələbi təmin edilməlidir. Nəticə:

12. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

qət etdi:

İddia tələbi təmin edilsin. X1 kitabında xx.xx.2011-ci il tarixdə 211 nömrə ilə qeydə alınmış A № 105038 seriyalı X3 və Ölçüsü sənədi əsasında İddiaçı məxsus 6377.98 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına Cavabdeh tərəfindən maneələr (ölçü işlərinin aparılmasına edilən müdaxilələrə) yaradılması qadağan edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Sədirlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar