Məhkəmə qərarları › İş №2(042)-119/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-119/2024

24.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-119/2024 24.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin pəncərələrinin bağlanması və avtomobil yolunun əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh məxsus tikilinin DƏDRX-nin Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** reyestr nömrəli çıxarışa əsasən, ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə və yataq otağına istiqamətlənmiş pəncərələrinin bağlanması və ona məxsus fərdi yaşayış evinə gedən avtomobil yolunun cavabdeh tərəfindən əvvəlki məsafəyə yəni avtomobil yolunun eni 2.7 metr məsafəyə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak X1 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** reyestr nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 79 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.22 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmışdır. 2023-cii ilin avqust ayında ona məxsus yaşayış sahəsinə qonşuluqda yeni fərdi yaşayış evinin tikilməsini görmüşdür. Belə ki həmin yaşayış evinin pəncərələri onun hasarına çox yaxın məsafədə tikilməklə pəncərələri həyətinə və ona məxsus fərdi yaşayış evinin yataq otağına istiqamətlənmiş, evin daxili hissəsinin yeni tikilidən görünməsinə şərait yaranmışdır. Həmçinin qonşuluqda tikilən həmin yaşayış evinin sahəsinin hasarı dövlət tərəfindən təyin olunmuş avtomobil yoluna çıxmaqla tikilmiş və ona məxsus fərdi yaşayış evinə gedən avtomobil yolunun enin azaldılmasına səbəb olmuşdur. Halbuki həmin avtomobil yolunun eni 2.7 metr təşkil edilməsinə baxmayaraq hazırda orada 2 metrdən az bir məsafə qalmışdır. Odur ki, cavabdeh tərəfindən həmin pəncərələrin bağlanmasını və avtomobil yolunun əvvəlki məsafəyə qaytarılmasını tələb etməkdə haqlıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, ona məxsus torpaq sahəsinə qanunla nəzərdə tutulmuş avtomobil yolunu tələb edir. Həmçinin qonşuluqda tikilmiş fərdi yaşayış evinin pəncərələri onun fərdi yaşayış evinin yataq otağına baxır. Həmin qonşuluqda ki fərdi yaşayış evini Ramin adlı şəxs inşa etmişdir. Lakin Raminin adına heç bir sənəd olmadığına görə onu cavabdeh kimi göstərə bilməmişdir. Torpaq sahəsi Cavabdeh məxsus olmuş və Raminə satmışdır. Ona görə Cavabdeh kimi göstərmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildiridi ki, o, mübahisəli torpaq sahəsini 2-3 il bundan əvvəl satmışdır. Ona məxsus fərdi yaşayış evi başqa ünvanda yerləşir. O, heç kəsin torpaq sahəsini zəbt etməmiş və avtomobil yoluna maneə yaratmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********48-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.22 ha torpaq sahəsi və 79 kv.m fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə tam olaraq İddiaçı adına ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan İqtisasiyyat Nazilriyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis arayışından görünür ki, Gədəbəy Rayon Məhkəməsinin təyin etdiyi yerli məhkəmə baxışına mühəndis İlqar Məmmədovun iştirakı təmin olunmuş və tərəflərin iştirakı ilə mütəxəssis tərəfindən lazımi ölçülər götürülmüşdür. Lakin kompleks yerquruluşu xəritəsində nəzərdə tutulan yol yeni elektron uçot xəritəsində nəzərə alınmadığı və dürüstləşdirməyə ehtiyac olduğu üçün rəy verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı daşınmaz əmlakın mülkiyyətçisi olmalı, əvvəlki vəziyyətinə qaytarılması tələb edilən avtomobil yolu qanunla müəyyən edilmiş qaydada avtomobilin gediş-gəlişi üçün nəzərdə tutulmuş avtomobil yolu olmalı və həmin yol cavabdeh tərəfindən qanunsuz olaraq daraldılmaqla iddiaçının həmin yoldan istifasinə maneələr yaradılmalıdır. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən 0.22 ha torpaq sahəsi və 79 kv.m fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə tam olaraq İddiaçı adına qeydə alınmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh tərəfindən hasar inşa edilməklə ona məxsus fərdi yaşayış evinə gedən avtomobil yolunun daraldığını və qonşuluqda yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin pəncərələrinin ona məxsus fərdi yaşayış evinə tərəf istiqamətdə olduğunu və evin daxili hissələrinin göründüyünü iddia etmiş və avtomobil yolunun əvvəlki vəziyyətə qaytarılmasını və fərdi yaşayış evinin onun evinə istiqamətlənmiş pəncərələrin bağlanmasını tələb etmişdir. Məhkəmə ilk növbədə fərdi yaşayış evinin həyətinə və yataq otağına istiqamətlənmiş pəncərələrin bağlanması tələbinə münasibət bildirilməsini zəruri hesab edir. İddiaçı bu tələbini onunla əsaslandırır ki, cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin pəncərələri onun həyətinə istiqamətlənməklə mülkiyyətindən maneəsiz istifadə hüququnu pozur. Məhkəmədə müəyyən edildi ki, iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evinin cavabdehlə əlaqəsini təsdiq edən heç bir sübut yoxdur. İddiaçı həmin tikilinin cavabdehə əvvəlcə məxsus olduğunu bildirmiş, lakin bunu da təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Əlavə olaraq bildirmişdir ki, tikilinin sahibi Ramin adlı şəxs olmuş, həmin şəxslə əlaqədar sübutlar olmadığından Cavabdeh kimi irəli sürmüşdür. Məhkəmə hesab edir ki, ilk növbədə iddia tələbinin cavab verməli şəxsə qarşı yönəlibyönəlməməsinin aydınlaşdırılması iddia tələbinin həlli üçün zəruridir. Belə ki, pəncərələrinin bağlanması tələbi irəli sürülən tikilinin cavabdehə məxsusluğu üzərinə sübutetmə yükü düşən iddiaçı tərəfindən sübuta yetirilmir. Cavabeh isə tikilinin ona məxsus olmadığını bildirir və iddia tələbini etiraf etmir. Eləcə də, iddiaçı avtomobil gediş-gəlişi üçün nəzərdə tutulmuş yolun cavabdeh tərəfindən daraldıldığını və bununla da onun avtomobil yolundan maneəsiz istifadə hüququnun məhdudlaşdırıldığını iddia etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı bununla əlaqədar da hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə tərəfindən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə və torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolunun nəzərdə tutulub-tutulmamasının və cavabdeh tərəfindən iddiaçının həmin yoldan istifadəsinə hər hansı yaradılıbyaradılmamasının müəyyən edilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis tərəfindən verilmiş arayışa əsasən, kompleks yerquruluşu xəritəsində nəzərdə tutulan yol yeni elektron uçot xəritəsində nəzərə alınmadığı və dürüstləşdirməyə ehtiyac olduğu üçün rəy verilməsi mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının iddia tələbləri cavab verməli şəxs qarşı yönəlməsi sübuta yetmir. Belə olan halda iddiaçının sözügedən tələblərlə cavabdehə qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur və iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 iyul 2015-ci il tarixli qərar ilə müəyyən edilmişdir ki; “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin pəncərələrinin bağlanması və avtomobil yolunun əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin pəncərələrinin bağlanması və avtomobil yolunun əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar