Məhkəmə qərarları › İş №2(042)-1244/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1244/2023

28.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1244/2023 28.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona çatası 635 manat pulu, 1 ədəd 2100 manat dəyərində 583 əyyarlı 30 qram çəkisi olan yolka tipli qızıl boyunbağı, 1 ədəd 840 manat dəyərində 583 əyyarlı 12 qram çəkisi olan yolka tipli qızıl qolbaq, 1 ədəd 700 manat dəyərində 583 əyyarlı 10 qram çəkisi olan brillyantqaşlı qızıl sırğa-üzük komplekti, 1 ədəd 350 manat dəyərində 583 əyyarlı 5 qram çəkisi olan brillyantqaşlı qızıl üzük, 1 ədəd 360 manat dəyərində 750 əyyarlı 4 qram çəkisi olan qızıl üzük və hər birinin çəkisi 2 qram, qiyməti 180 manat olmaqla 360 manat dəyərində 2 ədəd 750 əyyarlı qızıl üzüyün qalıq dəyər qiymətini, ümumilikdə 2950 manat pulun və ödənilmiş 50 manat dövlət rüsmunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə onların evdə olmamaqlarından istifadə edərək onların yaşadıqları evə girərək 635 manat pul, 1 ədəd 2100 manat dəyərində 583 əyyarlı 30 qram çəkisi olan yolka tipli qızıl boyunbağı, 1 ədəd 840 manat dəyərində 583 əyyarlı 12 qram çəkisi olan yolka tipli qızıl qolbaq, 1 ədəd 700 manat dəyərində 583 əyyarlı 10 qram çəkisi olan brilyant qaşlı qızıl sırğa-üzük komplekti, 1 ədəd 350 manat dəyərində 583 əyyarlı 5 qram çəkisi olan brilyant qaşlı qızıl üzüyü, 1 ədəd 360 manat dəyərində 750 əyyarlı 4 qram çəkisi olan qızıl üzüyü və hər birinin çəkisi 2 qram, qiyməti 180 manat olmaqla 360 manat dəyərində 2 ədəd 750 əyyarlı qızıl üzüyü oğurlayaraq aparmışdır. Onlar bunu bildikdən sonra Gədəbəy rayon Polis Şöbəsinə şikayət etmişlər və Cavabdeh barəsində CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. İstintaqı aparan müstəntiq tərəfindən oğurlanan qızılların qiymətləndirilməsi barədə əmtəəşünaslıq ekspertizası təyin etmiş və xx.xx.2023-cü il tarixli rəyində həmin qızıllara qiymət qoyulan zaman bazar qiymətindən aşağı qiymət qoyulmuş və eyni zamanda birlyantların karatları belə nəzərə alınmamışdır. Həmin qızıllara 5345 manat miqdarında qiymət müəyyən edilmişdir. Belə ki, həmin üzüklərin qiymətləri onların birlyant qaşlı olmaqla karatları nəzərə alınmamışdır. Ümumilikdə qoyulmuş bazar qiyməti 2000 min manat az hesablanmış və birilyanların karatları nə müstəntiq tərəfindən nədəki məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Cavabdeh tərəfindən ümumilikdə ona dəymiş ziyandan ona 4950 manat pul ödəmişdir ki, buda ona çatası pulun bir qismi deməkdir. O, həmin oğurlanmış qızıllara demək olar ki, 12000 min manata kimi nağd şəkildə pul vermişdir. Məhkəmə tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli hökm ilə Cavabdeh 1 il 6 ay azadlığın məhdudlaşdırlması cəzası verilmişdir. Lakin ona dəymiş ziyan tam şəkildə ödənilməmişdir. O, dəfələrlə cavabdehə və onun valideyinlərinə həmin qızılları və yaxud onların dəyər qiymətlərinin ödənilməsini bildirsə də bu mümkün olmamışdır. Odur ki, o məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Onun cavabdehdə qalan qızıl zinət əşyaları qeyd etdiklərindən ibarətdir: 1 ədəd 2100 manat dəyərində 583 əyyarlı 30 qram çəkisi olan yolka tipli qızıl boyunbağı, 1 ədəd 840 manat dəyərində 583 əyyarlı 12 qram çəkisi olan yolka tipli qızıl qolbaq, 1 ədəd 700 manat dəyərində 583 əyyarlı 10 qram çəkisi olan brilyant qaşlı qızıl sırğa- üzük komplekti, 1 ədəd 350 manat dəyərində 583 əyyarlı 5 qram çəkisi olan brilyant qaşlı qızıl üzük, 1 ədəd 360 manat dəyərində 750 əyyarlı 4 qram çəkisi olan qızıl üzük, 2 ədəd hər birinin çəkisi 2 qram, qiyməti 180 manat olmaqla 360 manat dəyərində 2 ədəd 750 əyyarlı qızıl üzük. Cəmi dəyəri 4950 manat təşkil edir. Əmtəəşünaslıq ekspertizası tərəfindən qəbul edilmiş bu rəylə o razılaşmır, belə ki, onlara aid olan qızıl əşyalarının qiyməti dəyər qiymətindən çox aşağı hesablanmışdır ki, buda onun maraqlarına toxunur. Cavabdeh ona məhkəmədə işinə baxılıb qurtardıqdan sonra ona çatası pulun hamısını, aparmış olduğu qızılların dəyər qiymətinə uyğun şəkildə ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh heç onun telefon zənginə belə cavab vermir. Odur ki, Cavabdeh ona çatası qızıl-zinət əşyalarını və yaxud dəyər qiyməti olaraq 2080 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını istəyir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin ünvanda yaşamaması barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Samanlıq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 11 oktyabr 2023-cü il tarixli, 388 saylı arayışdan görünür ki, İddiaçı RİH başçısının Samanlıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 02 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 92-ci səhifəsinə, 176 nömrəli şəxsi hesaba əsasən qeyd edilmişdir və ərazisində yaşayır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(042)-41/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3. və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cavabdeh üzərinə yaşayış yerini saat 24:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 17 oktyabr 2023-cü il tarixli, 168 saylı arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə bir ədəd 583 əyyarlı 30 qram çəkidə boyunbağının dəyəri 2550-2700 manat, bir ədəd 583 əyyarlı 12 qram çəkidə qolbağının dəyəri 1020-1080 manat, bir ədəd 583 əyyarlı 12 qram çəkidə sırğa üzük dəstinin dəyəri 1080-1140 manat, bir ədəd 583 əyyarlı 5 qram çəkidə üzüyün dəyəri 450-475 manat, bir ədəd 750 əyyarlı 6 qram çəkidə üzüyün dəyəri 570-600 manat, bir ədəd 583 əyyarlı 8 qram çəkidə üzüyün dəyəri 640-680 manat, bir ədəd 750 əyyarlı 6 qram çəkidə üzüyün dəyəri 540-570 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində ona 2950 manat məbləğində ziyan vurulduğunu sübuta yetirməlidir. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh 21 noyabr 2022-ci il tarixdə saat 12 radələrində özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə Gədəbəy rayonu, Samanlıq kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin qapısının açıq olmasından istifadə edib içəri qanunsuz daxil olaraq, oradan İddiaçı mülkiyyətində olan 635 manat pul, 1 ədəd 2100 manat dəyərində 583 əyyarlı 30 qram çəkisi olan yolka tipli qızıl boyunbağı, 1 ədəd 840 manat dəyərində 583 əyyarlı 12 qram çəkisi olan yolka tipli qızıl qolbaq,1 ədəd 700 manat dəyərində 583 əyyarlı 10 qram çəkisi olan brillyantqaşlı qızıl sırğa-üzük komplekti, 1 ədəd 350 manat dəyərində 583 əyyarlı 5 qram çəkisi olan brillyantqaşlı qızıl üzüyü, 1 ədəd 360 manat dəyərində 750 əyyarlı 4 qram çəkisi olan qızıl üzüyü və hər birinin çəkisi 2 qram, qiyməti 180 manat olmaqla 360 manat dəyərində 2 ədəd 750 əyyarlı qızıl üzüyü, ümumilikdə, 5345 manat dəyərində özgənin əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə ittiham edilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(042)-41/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3. və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cavabdeh üzərinə yaşayış yerini saat 24:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-ci maddəsinə əsasən, Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi məhkəmə hökmü ilə Cavabdeh özgənin əmlakını gizli yolla talayıb oğurluq etməklə İddiaçı 5345 manat məbləğində ziyan vurması müəyyən edilmişdir. . Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(042)-41/2023 saylı hökmü hal-hazırda qüvvədədir və hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 avqust 2022-ci il tarixli qərarına əsasən müəyyən olunmuşldur ki, “Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar, ilk növbədə, qeyd edir ki, Plenumun bir sıra qərarlarında məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipinin qorunmalı olduğu bildirilir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. Belə ki, S.Teymurovanın şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarda qeyd edilmişdir ki, işlərin bütün məhkəmə instansiyalarında maddi və prosessual qanunvericilik normalarına riayət edilməklə həll olunması mahiyyəti üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarında göstərilmişdir ki, hüquqi müəyyənliyin əsas amili tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanının olmamasından ibarətdir. Qeyd olunmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsinə əsasən, hüquqi müəyyənlik prinsipi müxtəlif formalarda və kontekstlərdə, o cümlədən mübahisəli məsələnin həllinə yekun vurmuş məhkəmə qərarlarının şübhə altına alınmaması tələbində özünü göstərir. Hüquqi müəyyənliyin bu aspekti bir qayda olaraq, məhkəmə qərarlarına münasibətdə res judicata prinsipinə riayət olunmasını tələb edir. Həmin prinsip isə, öz növbəsində məhkəmə qərarlarının qəti olmasını və proses iştirakçılarının, o cümlədən, işdə zərərçəkmiş şəxs qismində çıxış edən şəxslərin hüquqlarını təmin edərək, məhkəmə sisteminin sabitliyinə, cəmiyyətin məhkəmə hakimiyyətinə inamının artmasına şərait yaradır (Guðmundur Andri Ástráðsson İslandiyaya qarşı iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının 2020-ci il 1 dekabr tarixli Qərarı, § 238). Qeyd olunmalıdır ki, res judicata ümumsahəvi məhkəmə icraatına aid olan prinsipdir. Mübahisəli məsələni mahiyyəti üzrə həll edən məhkəmə qərarının qanuni qüvvəyə minməsi (yəni res judicata qüvvəsini əldə etməsi) məhkəmə prosesi üçün mühüm nəticələrin yaranmasına səbəb olur. Birincisi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, yəni orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğun gəlməsi prezumpsiyası (res judicata pro veritate habetur) da məhkəmə qərarının məcburiliyi ilə bağlıdır. Yəni qanuni qüvvəyə minmiş qərarın məzmununu rəsmi şəkildə şübhə altına almaq, onun icrasından imtina etmək yolverilməzdir. Qeyd etmək lazımdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğunluğu prezumpsiyası təkzib edilə də bilər. Çünki onun əlavə kassasiya və ya yeni açılmış hallar üzrə araşdırma qaydasında (məhkəmə prosesinin bu və ya digər formasında müvafiq instansiyaların mövcudluğundan asılı olaraq) ləğv olunması mümkündür. Lakin eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qeyri-sabitliyinin konstitusion hüquqi müəyyənlik prinsipinə zidd olduğu və bütövlükdə hüquq sisteminin qeyri-sabitliyinə gətirib çıxardığı da vurğulanmalıdır. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi müstəsna tədbir kimi nəzərdən keçirilməlidir. İkincisi, məhkəmə qərarının qanuni qüvvəyə minməsi məhkəmə qərarı ilə həll edilmiş faktlar üzrə prosesin təkrarlanmasını istisna edir. Bu nəticə pozitiv və neqativ mənada özünü göstərə bilər. Pozitiv mənada qanuni qüvvəyə minmiş məhkəmə qərarı preyudisial effektə malik olur. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarı). Neqativ mənada götürdükdə isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı preklyuziv effekt (exceptio rei judicatae) yaradır. Başqa sözlə, res judicata qaydasının tətbiqi daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə qərarında həll edilmiş mübahisə üzrə təkrar məhkəmə icraatını, bir qayda olaraq, istisna edir. Qeyd etmək lazımdır ki, roman-german hüquq sisteminə daxil olan əksər ölkələrin prosessual hüquq elmi və təcrübəsində məhkəmə qərarına dair res judicata qaydasının tətbiqi həmin qərarın formal və maddi mənada qüvvəyə minməsi ilə də xarakterizə olunur. Formal mənada res judicata haqqında qəbul olunmuş məhkəmə qərarını eyni proses çərçivəsində artıq mübahisələndirmək (etiraz etmək) mümkün olmadıqda, məsələn, məhkəmə qərarından şikayət vermək müddəti başa çatdıqda və ya verilmiş şikayət (protest) geri götürüldükdə, bəhs etmək olar. Məhkəmə qərarının formal olaraq qanuni qüvvəyə minməsinin iki nəticəsi var: qərar icra olunur və qərarın maddi mənada qanuni qüvvəyə minməsi (preklyuziv təsiri) baş verir. Məhkəmə qərarının maddi mənada qüvvəyə minməsi həmin qərarın məzmununa aiddir və onu göstərir ki, artıq qərarın çıxarılması ilə başa çatmış prosesin predmeti olmuş faktlar, bir daha məhkəmə prosesinin və müvafiq olaraq, məhkəmə qərarının predmeti kimi çıxış edə bilməz.” Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh özgənin əmlakını gizli yolla talayıb oğurluq etməklə İddiaçı 5345 manat məbləğində ziyan vurması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edildiyindən və həmin əməli törətməkdə təqsirli bilindiyindən bu hal sübut olunmuş hesab olunmalı və yenidən sübut etmə predmeti olmamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının izahatı və məhkəmə hökmü ilə müəyyən edilir ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3. və 177.2.4cü maddələri ilə istintaq aparılarkən zərərçəkmiş şəxsə vurduğu ziyandan 4950 manat məbləğində ödəniş etmiş, qalan 395 manat məbləğindəki ziyanı isə ödəməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı ona vurulmuş və ödənilməmiş qalan 395 manat məbləğində zərərin əvəzinin Cavabdeh tələb etməkdə haqlıdır. İddia tələbinin qalan hissədə qanuni əsası olmadığından təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının qızıl-zinət əşyalarının düzgün qiymətləndirilməməsi ilə bağlı qeyd edirik, bununla bağlı ibtidai istintaq zamanı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, qeyd edilən qızıl-zinət əşyalarının dəyər qiyməti, ümumilikdə zərərçəkmiş şəxsə dəymiş ziyan müəyyənləşdirilmiş və məhkəmə hökmü çıxarılmışdır. Hökm qanuni qüvvəsini almışdır. Ona görə də, məhkəmə qeyd edir ki, iddiaçının bu barədə bildirdiklərinə yenidən qiymət verilmə bilməz və araşdırıla bilməz. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin edildiyi hissədə cavabdehə, qalan hissədə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 395 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 395 (üç yüz doxsan beş) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi Cavabdeh tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar