Məhkəmə qərarları › İş №2(042)-1277/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1277/2025

04.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1277/2025 04.02.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması və ya fərdi yaşayış evinə çəkilmiş xərcin tutulması tələbinə barədə mülki iş (açar sözlər: əmlak tələbi ilə əlaqədar mübahisələr ) Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı və Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması və ya fərdi yaşayış evinə çəkilmiş xərcin tutulması tələbi haqqında iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin mahiyyəti

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin ona məxsus olan fərdi yaşayış evinə edilən hər cürə maneələrin aradan qaldırılması və yaxud həmin evə çəkilmiş 74000 manat pul vəsaitinin alınaraq ona verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən biri onun həyat yoldaşı, digəri isə qayınanası olmuşdur. O, 2017-ci ildə Cavabdeh2 ilə nişanlanmışdır. Həmin vaxt digər cavabdeh olan qayınanası Cavabdeh1 ona bildirmişdir ki, bir qızı olduğu üçün onun kənddə yaşamasını istəmir və əgər razıdırsa, həyətyanı torpaq sahəsinin bir hissəsində ev tikərək orada yaşaya bilərlər. O, Gədəbəy Rayon İcra Hakimiyyətinin və bələdiyyənin icazəsi əsasında həmin torpaq sahəsində öz şəxsi vəsaiti hesabına təxminən 74 000 manat məbləğində xərc çəkərək fərdi yaşayış evi inşa etdirmişdir. Ev yaşayış üçün tam təmir olunmuş, elektrik, qaz və su təchizatı ilə təmin edilmişdir.2018-ci ildə Cavabdeh2 ilə el adəti üzrə toy edərək onu həmin evə gəlin gətirmişdir. Bir müddət münasibətləri normal olmuş, sonradan aralarında yaranmış narazılıqlar səbəbindən ayrılmaq qərarına gəlmişlər. Faktiki nikah münasibətlərindən xx.xx.2019-cu il tarixdə X2 doğulmuşdur.O, cavabdehlər tərəfindən öz vəsaiti hesabına tikdirdiyi evdən çıxarılaraq qovulmuşdur. Evə getmək istədikdə cavabdehlər onunla mübahisə yaradır, polisə müraciət edirlər.Cavabdeh2 iddiası əsasında Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə azyaşlı övladın saxlanılması üçün ondan aydə 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, alimenti vaxtında ödəyir. Mübahisənin dinc razılıq yolu ilə həlli məqsədilə Tovuz 1 saylı Medyasiya Təşkilatına müraciət etmiş, lakin xx.xx.2025-ci il tarixdə keçirilmiş mediasiya sessiyasında cavabdehlər iştirak etməmişlər. Buna görə də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

II. Tərəflərin mövqeləri:

3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək, iddiaçı X1 maneələrin aradan qaldırılması və ya fərdi yaşayış evinə çəkilmiş xərcin tutulması tələbi barədə iddiasının əsassız sayılaraq rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh2 2018-ci ildə İddiaçı ilə nikah bağlamadan ailə qurmuşdur. Ailə münasibətlərindən xx.xx.2019-cu il tarixdə X2 doğulmuş, onun atalığı müəyyən edilmişdir. Uşaq doğulduqdan üç gün sonra aralarında narazılıq yaranmış və ayrılmışlar.Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçıdan onun xeyrinə uşağın yetkinlik yaşına çatanadək hər ay minimum əmək haqqının 0,5 misli miqdarında sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. İddiaçının hazırkı iddia tələbi qeyri-müəyyəndir. Mübahisə predmeti olan tikili Cavabdeh1 məxsus torpaq sahəsində inşa edilmiş özbaşına tikilidir və tikintiyə dair heç bir rəsmi icazə alınmamışdır. İddiaçının həmin tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən hər hansı sənədi yoxdur. Bu səbəbdən onun həmin tikili ilə bağlı tələb irəli sürmək hüququ yoxdur. Onlar arasında nikah olmadığından ər-arvad münasibətləri yaranmamışdır və buna görə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31-ci maddəsində nəzərdə tutulan ər-arvadın əmlakının qanuni rejimi hazırkı mübahisəyə tətbiq oluna bilməz. Yəni, iddiaçının tikiliyə çəkilmiş xərclərin tutulması barədə tələbinin hüquqi əsası yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmaısnı xaiş etmişdir.

4. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərdiklərinə əlavə olaraq izahat vermişdir ki, o, 2017-ci ildə Cavabdeh2 ilə nişanlanmışdır. Həmin vaxt digər cavabdeh olan qayınanası Cavabdeh1 ona bildirmişdir ki, bir qızı olduğu üçün onun kənddə yaşamasını istəmir və əgər razıdırsa, həyətyanı torpaq sahəsinin bir hissəsində ev tikərək orada yaşaya bilərlər.O, Gədəbəy Rayon İcra Hakimiyyətinin və bələdiyyənin icazəsi əsasında həmin torpaq sahəsində öz şəxsi vəsaiti hesabına təxminən 74 000 manat məbləğində xərc çəkərək fərdi yaşayış evi inşa etdirmişdir. Ev yaşayış üçün tam təmir olunmuş, elektrik, qaz və su təchizatı ilə təmin edilmişdir. 2018-ci ildə Cavabdeh2 ilə el adəti üzrə toy edərək onu həmin evə gəlin gətirmişdir.Bir müddət münasibətləri normal olmuş, sonradan aralarında yaranmış narazılıqlar səbəbindən ayrılmaq qərarına gəlmişlər. Onun həmin evdə yaşaması mümkün deyildir. Ev cavabdehlərin sahibliyi və istifadəsindədir. Ona görə də evə çəkilmiş xərclərinin əvəzinin cavabdehlərdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

5. Cavabdeh1 nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında iddia tələblərinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, o, İddiaçı ilə 2017-ci ildə nişanlanmış, 2018-ci ildə ailə həyatı qurmuşdur. Ailə münasibətlərindən xx.xx.2019-cu il tarixdə X2 doğulmuşdur. Uşaq doğulduqdan üç gün sonra aralarında narazılıq yaranmış və ayrılmışlar. Nişanlı olduqları vaxt ailələr arasında onun iş yerinə yaxın ərazidə ev tikilməsi və kənddə yaşaya bilməyəcəyi barədə razılıq əldə olunmuş, torpaq sahələri baha olduğundan anası iddiaçıya özünə məxsus torpaq sahəsində ev tikməyi təklif etmişdir. İddiaçının da buna razı olmuş, həmin ərazidə öz vəsaiti hesabına ev inşa etmişdir. Ailə münasibətlərinin pozulmasının səbəbkarı iddiaçının özüdür. İddiaçının həmin evdə yaşaması mümkün deyildir. Evin tikintisinə çəkilən xərc iddiaçının göstərdiyi kimi 74 000 manat deyil, təxminən 25–30 min manatdır. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir.

6. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, İddiaçı ilə 2017-ci ildə tanış olmuş, həmin ildə onun tikdirdiyi evin inşasında iştirak etmişdir. Anar tikinti xərclərini hissə-hissə ödəmiş, lakin uzun müddət keçdiyindən nə qədər məbləğ ödədiyini dəqiq xatırlamır. Bununla yanaşı, təsdiq etmişdir ki, 2017-ci ildə mübahisəli evi İddiaçı tikdirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, 2017-ci ildə İddiaçı evinin tikintisində fəhlə kimi çalışmışdır. Cavabdehləri tanımır. İddiaçı ustaya ümumilikdə nə qədər pul ödədiyi barədə məlumatı yoxdur. 2017-ci ildə mübahisəli evi İddiaçı tikmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, 2017-ci ildə İddiaçı evinin tikintisində fəhlə kimi çalışmışdır. Cavabdehləri tanımır. İddiaçı ustaya ümumilikdə nə qədər pul ödədiyi barədə məlumatının yoxdur. 2017-ci ildə mübahisəli evi İddiaçı tikmişdir. İşdə olan AN 275130 saylı torpaq sahəsinin plan və ölçü sənədinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında birgə yaşayış dövründə Gədəbəy şəhərində tikilmiş ev cavabdehlərə vərəsəlik hüququ ilə məxsus olan torpaq sahəsində yerləşir. İşdə olan Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş 19 dekabr 2025-ci il tarixli ƏEM/D 75-898/25 nömrəli ekspert rəyindən görünür ki, mərkəzin qiymətləndirici-mütəxəssisləri tərəfindən aparılmış hesablamalar və təhlillər əsasında Gədəbəy şəhərində yerləşən fərdi yaşayış evində 2017-ci ildə aparılmış tikinti-təmir işlərinin cəkilmiş xərclər 31.377 manatdır. İşdə olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən cəmi, 875 manat məhkəmə xərci çəkilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası MPM-nin : - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini və işdə olan sübutları təhqiq edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

9. İnsan Hüquqları üzrə Аvrоpа Мəhкəмəsinin "Mahmudovуn Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin мəhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. “affirmanti, non neganti, incumbit probalion” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

10. Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir.

11. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı və Cavabdeh2 nikah bağlamadan ailə qurmuş, İddiaçı cavabdehlərə məxsus Gədəbəy şəhərində yerləşən torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evi tikmişdir. Hazırda iddiaçı və Cavabdeh2 arasında olmuş ailə münasibətləri pozulmuşdur və ev hazırda cavabdehlərin sahibliyi və istifadəsindədir. Yəni, cavabdehlər iddiaçının hesabına əsassız olaraq varlanmışlar. İddiaçının cavabdehlərə məxsus torpaq sahəsində yerləşən evdə yaşamaq imkanları yoxdur. Məhkəmə ekspertizası ilə evin tikintisinə 2017-ci ildə 31.377 manat xərcin çəkildiyi müəyyən edilmişdir. Ona görə də iddia tələbi qismən təmin edilməli cavabdehlərdən 31377 manat alınaraq iddiaçıya verilməlidir. İddia tələbi qismən təmin edildiyindən, ödənilmiş mediasiya xərci, dövlət rüsumu və ekspertiza xərclərinin əvəzi, yəni, 875 manat cavabdehlərdən alınaraq, iddiaçıya verilməlidir.

V. Nəticə:

17. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 31377 manat alınaraq İddiaçı verilsin. İş üzrə çəkilmiş 875 manat məhkəmə xərcinin əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar